Moskvadan Bakıya qaçan türklər

Azərbaycan Rusiya-Türkiyə qarşıdurmasının yeni şərtlərinə hazır oımalıdır

Yaxın aylarda Moskvada və digər rus şəhərlərində fəaliyyət göstərən türk şirkətlərinin Azərbaycan bayrağı altına keçəcəyi gözlənilir.

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiyanın tanınmış hüquq firmalarından birinin təsisçisi olan Vitaliy Mojarovski Türkiyə qırıcıları tərəfindən Rusiyaya məxsus Su-24 bombardman təyyarəsinin vurulmasından sonra yaranmış şəraiti şərh edən zaman bildirib.

"Mən əminəm ki, vəziyyət əgər doğrudan da təhlükə yaradacaqsa, onlar bu imkandan yararlanacaqlar. O zaman onları kim seçə biləcək?" - deyə hüquqşünas bildirib.

Mojarovski Rusiyada türk iş adamlarına qarşı həyata keçirilən təqiblər fonunda danışıb. Türkiyə telekanallarının məlumatına görə, bəzi iş yerlərindən türk iş adamlarını polisə apararaq deportasiya edir və ya xüsusi izolyatorlarda saxlayırlar.

Rusiyalı hüquqşünas Türkiyə şirkətlərinin Rusiyada çox önəmli mövqelər tutduğunu, çox sayda layihələr həyata keçirdiyini bildirib. Onun fikrincə, həmin layihələri yalnız böyük itkilər hesabına dayandırmaq mümkündür.

Türkiyə şirkətləri Rusiyada əsasən tikinti sektorunda çalışırlar. Onlar 1990-cı illərdən bu ölkədə möhkəmləniblər və indi əsasən baş podratçı kimi çalışırlar. Onların subpodratçıları isə Rusiya şirkətləridir və çox həvəslə bu layihələri Türkiyə şikrətlərindən almağa hazırlaşırlar.

Amma Rusiya ekspertləri rus şirkətlərinin baş podratçı funksiyasını yerinə yetirəcəyinə şübhə ilə yanaşırlar. Türkiyə şirkətləri Rusiyada ən yaxşı monolit inşaatçıları kimi tanınırlar. 1990-cı illdərdə bu işi yalnız türk şirkətləri bacarırdı, indi yerli şirkətlər də müəyyən qədər inkişaf ediblər. Amma bununla belə layihələrin qalan əyər-əksiklərini düzəltmək imkanında deyillər.

Hazırda Rusiyanın tikinti bazarında dörd-beş güclü türk şirkəti fəaliyyət göstərir. Onlar adətən özləri tikintiyə vəsait yatırmırlar. Amma iki şirkət iri layihələrə pul yatırıb. Bu layihələrdən biri "Moskva - Siti"dəki "Rusiya" qülləsidir. Bu iş mərkəzinin səhmlərinin 50%-i Türkiyə şirkətinə məxsudur. Başqa bir türk şirkəti isə Moskvanın Nijeqorodsk rayonunda yaşayış massivi tikir.

"Baş podratçılarla münasibətləri kəsmək yetərincə asandır, amma müqavilənin dayandırılmasına görə cərimə ödəmək lazımdır. Bu, Mülki Məcəllədə nəzərdə tutulmuş yeganə yoldur",- deyə Vitali Mojarovski vurğulayır.

Bütün bu nüanslar nəzərə alındıqda aparıcı türk şirkətlərinin Rusiya bazarını tərk edəcəyinə inanmaq mümkün deyil. Ola bilər ki, şirkətlər təzyiqlərdən qaçmaq üçün Azərbaycan bayrağı altına keçsinlər. Bu, Azərbaycan büdcəsinə müəyyən qədər vergi gəlirləri də vəd edir.

Lakin İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri, iqtisadçı alim Azər Mehdiyev bunun Azərbaycana hansısa bir fayda verəcəyinə inanmır. "Əksinə, Azərbaycanı əlavə təzyiqlər altına sala bilər. Həmin şirkətlərinin büdcəyə verəcəyi hansısa vəsaitlər müqabilində bu risqə getməyə dəyməz. Həmin şikrətlərin özlərinin də Azərbaycan bayrağı altına keçəcəyi ehtimalı azdır",- deyə Azər Mehdiyev ANS PRESS-ə bildirib.

İqtisadçı alimin fikrincə, Rusiya rəhbərliyi istər-istəməz bu cür addımlardan geri çəkilməlidir: "Putin rus xalqını zombiləşdirməklə, ölkədə investisiya mühitini pisləşdirir. Belə getsə, Rusiyaya sərmayə yatıran olmayacaq".

Təbii ki, belə olan vəziyyətdə Rusiya rəhbərliyi də geri addım atmağa məcbur olacaq. Həmin şikrətləri Azərbaycan da öz bayrağı altına keçirməyə həvəslə razı olmayacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31