MTN-nin həbs etdiyi şəxslər nə üçün azadlığa buraxılmır?

Son günlər mətbuatda Milli Təhlükəsizlik Nazirliyinin ifşa olunan əməkdaşlarının ölkədə törətdikləri bir-birindən fərqli qeyri-qanuni əməlləri barəsində məlumatlar yayılır. Bu xəbərlərin  bir çoxuna hələ ki,  rəsmi münasibət bildirilməsə də, ortada həbslərin olması, onların  çalışdıqları zamanda heç də qanuna uyğun fəaliyyət qurduqlarını deməyə əsas vermir. Məhz, hazırda saxlanılan MTN zabitlərinin iştirak etdikləri əməliyyatlarda Azərbaycanda jurnalistlər, QHT rəhbərləri  də həbs olunublar ki, onlar bu gün də azadlığa buraxılmayıblar.

Hazırkı şəraitdə MTN-nin həbs etdikləri şəxslər azad edilə bilərmi?

Milli təhlükəsizlik nazirinin sabiq müavini Sülhəddin Əkbər musavat.com-a məsələ ilə bağlı açıqlamasında bildirib ki, MTN-nin tutduqları şəxslərin buraxılması hakimiyyətdən və istintaq orqanlarından asılıdır: "Hesab edirəm ki, hazırkı məqamda həbsdə olanların vəkilləri də aktiv olmalıdırlar. Onların azadlığa çıxmasına çalışmalıdırlar. Onların azad olunmalı və ya olunmamalı olduqlarını isə deyə bilmərəm. Bu istintaqın işidir."

ADP sədri Sərdar Cəlaloğlu isə mövzu ilə bağlı söyləyib ki, MTN-nin indiyə qədər qəbul etdiyi bütün qərarlar şübhə altına düşüb: "Dövlət təhlükəsizliyinin ən yüksək zirvələrində bu qədər qeyri-qanuni əməllər ortaya çıxırsa, MTN-in artıq bu hadisələrə qədər qəbul etdiyi bütün qərarları şübhə altına düşmüş hesab olunur. Çünki  faktlar göstərdi ki, bunlar rüşvət, korrupsiya, vətəndaşlara qarşı qeyri-qanuni əməllərlə məşğul olublar. Bütün bunlara görə, Eldar Mahmudov MTN-ə rəhbər gələndən bu günə qədər aparılan hər bir işə yenidən baxılmalıdır. Xüsusilə də MTN-nin fəaliyyəti ilə bağlı şikayətlərə, eyni zamanda  onların qərarı ilə həbs olunanların hamısının işlərinə bir daha baxılmalıdır".

ReAl hərəkatının icra katibi Natiq Cəfərli də Sərdar Cəlaloğlu ilə demək olar ki, eyni fikirdədir:
"MTN-nin bu günə qədər apardığı işlər yenidən incələnməli, qanunsuzluqlar varsa, bunlar aşkar edilməli, insanların pozulmuş hüquqları bərpa edilməlidir. Bu həm də, MTN-nin isminin reabelitasiya olunması üçün çox vacibdir".

Politoloq Qabil Hüseynli isə hesab edir ki, MTN-nin həbs etdiyi şəxslər apellyasiya şikayəti verməlidirlər: "Həbslə bağlı məsələlərə bir daha baxılmalıdır. Onlar məhkəmə qərarı ilə həbs ediliblər. Buna görə də onlar apelyasiya şikayəti verib, yenidən işlərinə baxılması üçün müraciət etməlidirlər. Məntiqlə düşünsək bundan sonra MTN-nin həbs etdiyi şəxlərin işlərində bundan sonra irəliləyişlərin olacağını demək olar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31