"Böyük "Eurovision"a hazırlaşacağam"
23 Noyabr 2015 12:33 ProblemHəmvətənimiz, uşaqlar arasında "Eurovision-2015" Beynəlxalq mahnı müsabiqəsində Belarusu təmsil edən Ruslan Aslanov müsabiqənin yaşlılar arasında keçirilən variantında iştirak etməyə hazırlaşacaq. AZƏRTAC xəbər verir ki, noyabrın 22-də Minskə qayıtmış 13 yaşlı müğənni jurnalistlərə bu haqda özü məlumat verib:
"Dünya səhnəsinə çıxmaq çox çətindir, amma mən faydalı və xoşagələn məsələləri birləşdirməyə və bundan həzz almağa çalışdım. Hesab edirəm ki, biz əlimizdən gələni etdik. Ona görə biz "Eurovision" müsabiqəsinə qayıdacağıq, amma bu dəfə artıq yaşlılar arasında keçirilən variantda. Mənim hələ üç il vaxtım var. Ciddi yaradıcılıq uğurlarımı gözləyin".
Ruslanın dostları və jurnalistlər bu gün onu aeroportda qarşılayıblar. İştirakçının sözlərinə görə, uşaqlar arasında "Eurovision-2015" müsabiqəsində Belarusun dəstək qrupu ən böyük qruplarından biri idi. O deyib: "İnsanların məni dəstəkləməyə gəlməsi mənə xoş idi, belə dəstək sayəsində səhnəyə çıxmaq çox asan idi".
Qeyd edək ki, Sofiyada başa çatmış uşaqlar arasında "Eurovision-2015" Beynəlxalq mahnı müsabiqəsində Ruslan Aslanov dördüncü yeri tutub.