Gədəbəydə polis özbaşınalığı

Prezident İlham Əliyevin yerli icra strukturları və hüquq-mühafizə orqanlarına vətəndaşları narahat edən problemlərin həlli ilə bağlı tapşırıq və tövsiyyələrinə baxmayaraq hələ də bir sıra hallarda yerlərdə vətəndaşların hüquqları kobud şəkildə pozulur, bəzi yerli qurumlar tərəfindən haqsızlıqlarla üzləşirlər. Baxmayaraq ki, dövlət başçısı Nazirlər Kabinetinin cari ilin 9 ayının sosial iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dair iclasında da bu barədə ciddi iradlarını bildirmişdi. Belə neqativ hallardan biri bir müddət əvvəl Gədəbəy rayonunda baş verib. Bu barədə redaksiyamıza müraciət edən Gədəbəy rayon, Şəhriyar küçəsi ev 84 a ünvanda yaşayan Emin Ələkbərov bildirib ki, cari il, iyun ayının 2-də Gədəbəy rayon polis əməkdaşları ona məxsus şəxsi əşyalar və kitablarını götürüblər. Dəfələrlə müraciət etməsinə baxmayaraq əşyaları geri qaytarılmayıb: "Mən iyul ayının 8-də rəsmi məktubla Gədəbəy rayon polis şöbəsinə müraçiət edərək götürülmüş əşyalarımın mənə qaytarılmasını və ya bu barədə hər hansı bir qərarın olub olmaması haqqında rəsmi məlumat verilməsini xahiş etdim. Lakin mənim müraciətimə heç bir çavab verilmədi. Ona görə də avqustun 8-9-u tarixlərində 102 xidmətinə zəng edib Gədəbəy rayon polis şöbəsi tərəfindən ərizəmə çavab verilmədiyini, bununla da konstitusion hüquqlarımın pozulduğunu diqqət çatdırdım. Ancaq yenə də heç bir nəticə olmadı". Emin Ələkbərov bildirir ki, avqustun 21-də isə Azərbaycanin Respublikasinin Prezidentinə və Azərbaycan Respublikasinin Insan Hüquqlari Üzrə Müvəkkili Elmira Süleymanovaya teleqram vuraraq Gədəbəy rayon polis rəisi tərəfindən əşyalarının qaytarılması və ya bu barədə hər hansı bir qərar qəbul edilib-edilməməsi barədə məlumat verilməsini xahiş edib". Müraciət müəllifi bildirir ki, milli təhlükəsizlik naziri kimi yüksək vəzifəli şəxsin dövlətimizə, prezidentimizə etdiyi xəyanətin vaxtında aşkarlanıb qarşısı alındığı bir zamanda Gədəbəy rayon polis rəisinin dövlət başçısının vətəndaşların müraciətlərinə ciddi baxılması tapşırığına məhəl qoymamasının hansı məqsədə qulluq etdiyi başadüşülən deyil: "Polisdən tələbim yalnız götürülmüş əşyaların qaytarılması və ya bu barədə qərarın bizə təqdim edilməsindən ibarətdir. Azərbaycan Respublikasının Konstitusiyasının 57- ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. Daxili İşlər Nazirliyinin 05.01.2009-cu il tarixli 1 nömrəli əmri ilə təsdiq edilmiş "Daxili işlər orqanlarında vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Təlimat"-nın 5.3. maddəsinə görə müraciətə 1 ay müddətinədək, əlavə öyrənilməsi və yoxlanılması tələb edilməyən müraciətə isə ən geci 15 gün ərzində baxılmalıdır. Daxili işlər orqanının rəhbəri müraciətin baxılma müddətini
qısalda bilər. Müraciətə baxılması üçün xüsusi yoxlama keçirmək, əlavə materiallar tələb etmək, yaxud başqa tədbirlər görmək lazım gəldikdə, orqanın rəhbəri tərəfindən müraciətə baxılma müddəti müstəsna hallarda 1 ayadək uzadıla bilər. Bu barədə müraciət edən vətəndaşa, müraciətin baxılması yuxarı orqan tərəfindən nəzarətdə saxlandıqda isə həmin orqana rəsmi surətdə yazılı məlumat verilməlidir".
Qeyd edək ki, zərərçəkən Azərbaycanin Respublikasinin Prezidenti Ilham Əliyev, baş nazir Artur Rəsizadə, hüquq-mühafizə orqanlarının rəhbərlərinə də məsələ ilə bağlı müraciət edib. Müraciətdə qeyd olunur ki, Rayon hadisənin üstündən bir müddət keçməsinı və bu barədə dəfələrlə şikayət etməsinə baxmayaraq Gədəbəy rayon Polis rəisi indiyədək heç bir tədbir görməyib: "Odur ki, yuxarıdakıları nəzərə alaraq Gədəbəy rayon polis şöbəsinin rəisi işində səhlənkarlıq edərək mənim konstitusiya hüquqlarımı pozub. Onun müraciətimə vaxtında cavab verməməsinə görə həmin şəxs barəsində tədbir görülməsi və əşyalarımın mənə qaytarılmasına göstəriş verməyinizi Sizdən xahiş edirəm".


Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31