Mingəçevirdə öldürülən əsgər Pərviz Abbasovun qanı batırılır

Qarabag Hərbi Prokurorluğu cinayət işini birtərəfli aparıb

Bu gün Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzinin rəhbəri Ələkbər Məmmədov Müdafiə Nazirliyinin Mingəçevirdəki "N" saylı hissəsində həkimlərin məsuliyyətsizliyindən dünyasını dəyişən Pərviz Abbasovun anası Fatma Abbasova ilə birlikdə mətbuat konfransı keçirdi. Ələkbər Məmmədov bildirdi ki, Pərviz Abbasov ordu sıralarına tam sağlam göndərilsə də, həkimlərin və hərbi hissə rəhbərliyinin məsuliyyətsizliyindən dünyasını dəyişib. Amma buna baxmayaraq günahkar şəxslər məsuliyyətə cəlb edilmir.
Mərhum əsgərin anası Fatma Abbasova bildirdi ki, oğlu 2010-cu ilin oktyabr ayında Sumqayıt Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb və Mingəçevirdəki "N" saylı hərbi hissədə avtomobil tağımında sürücü kimi xidmətə başlayıb. 2010-cu il dekabrın 31-də Pərvizdə kəskin qızdırma başlayıb və qan qusub. Əsgər tibb məntəqəsində saxlanılsa da, onun səhhəti normallaşmayıb və Gəncədəki Hərbi Hospitala göndərilib. Hospitalda ona ikitərəfli ekskudativ plevrit diaqnozu qoyulub və Pərviz Abbasov Ələtdəki Dispanserə göndərilib. Anasının dediyinə görə, Pərviz Abbasov orada 100 gün müalicə olunandan sonra sağalıb və Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının qərarı ilə 1 aylıq məzuniyyətə göndərilib. Nazirliyin Mərkəzi Klinik Hospitalında aparılan muayinədən sonra qərara alınıb ki, əsgər 1 ay ev şəraitində istirahət etdikdən sonra Hərbi Həkim Komissiyasında yenidən müayinə edilməli, tam sağalıb-sağalmadığı müəyyən edilməlidir. Fatma Abbasova deyir ki, oğlu müalicədən sonra normallaşsa da, onun orqanizmində royenin miqdarını azaltmaq mümkün olmayıb: "Normalda orqanizmdə roye 15 olduğu halda Pərvizin qanında roye 65 idi. Buna görə də məzuniyyətdən sonra uşağın yenidən müayinəyə göndərilməsini istədilər". Fatma Abbasova bildirir ki, bir aylıq məzuniyyət üçün həyat yoldaşı hərbi hissə komandirinə 100 manat, Pərvizin tağım komandiri Zaur Əhmədova isə 50 manat verib və oğlunun qanuni məzuniyyətini alıb. Bir ay ev şəraitində müalicə olunan əsgər yenidən hərbi hissəyə göndərilsə də, hərbi hissənin tibb xidməti rəisi İlkin Səmədov onun müayinəyə göndərilməsinə icazə verməyib və əsgər xidmətə göndərilib. 2011-ci il avqustun 31-də hərbi hissəyə qayıdan əsgərin səhhəti sentyabrın 1-də yenidən pisləşib. Xidməti ərazidə yenidən qusan əsgər yoldaşları tərəfindən 40,1 dərəcə qızdırma ilə tibb hissəsinə gətirilib. Hissədə ona qızdırmaya qarşı iynə vurulsa da, vəziyyəti normallaşmayıb və o hospitala göndərilməyib. 5 gün tibb hissəsində qalan əsgərin vəziyyəti daha da gərginləşib və sentyabrın 5-də hissənin həkimi tərəfindən döyülüb: "Tibb hissəsində sıra baxışı zamanı Pərviz qızdırmadan ayağa dura bilməyib və çarpayıda uzanıb. Bundan əsəbiləşən həkim Kamil İsgəndərov xəstə əsgəri amansızlıqla döyüb".  Nəticədə Pərviz Abbasov komaya düşüb. 10 saatdan artıq koma vəziyyətində tibb hissəsində saxlanılan əsgər sonda məcburiyyət qarşısında hospitala göndərilib. Sentyabrın 11-də isə Pərviz Abbasov dünyasını dəyişib.
Faktla bağlı Qarabağ Hərbi Məhkəməsində cinayət işi başlansa da, iş üzrə cəmi bir nəfər-əsgəri döyən Kamil İsgəndərov saxlanılaraq həbs edilib. Hərbi hissənin tibb xidməti rəisi İlkin Səmədov isə məsuliyyətdən yayındırılıb: "Hazırda iş üzrə Tərtər Hərbi Məhkəməsində məhkəmə prosesi başlansa da, xidmət rəisi və hərbi hissə komandiri barədə heç bir müzakirə aparılmır. Məlumata görə, tibb xidməti rəisi İlkin Səmədov rayon prokuroru Əmrah Mehdiyevə 20 min manat verərək məsuliyyətdən yayınıb. Ona görə də, İlkin Səmədov nə məhkəməyə çağırılır, nə də barəsində tədbir görülmür".
Əsgərin valideynləri məsələ ilə bağlı prezident İlham Əliyevə, respublika hərbi prokuroru Xanlar Vəliyevə, Ali Məhkəmənin sədri Ramiz Rzayevə və ədliyyə naziri Fikrət Məmmədova müraciət edərək işin Tərtər Hərbi Məhkəməsindən alınaraq ibtidai istintaqa qaytarılması və cavabdeh şəxslərin məsuliyyətə cəlb edilməsini istəyib.

Samir
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31