“Biləsuvarda krediti ancaq vəzifəli şəxslərə verirlər” - PROBLEM
İxtiyar Ağayev: “Sahibkarlığa Kömək Milli Fondu bizi aldadır”
9 Oktyabr 2012 17:48 ProblemOktyabrın 9-da Biləsuvar rayonu, İsmətli kənd sakini İxtiyar Ağayev Kənd Təsərrüfatı və İqtisadi İnkişaf Nazirliyindən kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə kredit almaq üçün etdiyi müraciətə baxılmaması ilə bağlı mətbuat konfransı keçirib. Tədbirdə İxtiyar Ağayev YAP-dan onun xəbəri olmadan çıxarılması ilə bağlı məsələyə aydınlıq gətirib. Ağayevin sözlərinə görə artıq 4 ildən çoxdur ki, onun məsələ ilə bağlı müraciətləri heçə sayılır. 2011-ci ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 1643 sahibkara 138 milyona manat güzəştli kredit ayrılıb. Buna baxmayaraq ona nə güzəştli, nə də ki, güzəştsiz kredit ayrılmayıb "2004-cü ildən başlayaraq bu günə kimi müxtəlif kredit təşkilatlarından - "Finca Beynəlxalq" kredit təşkilatından, "Acces" bankdan, "Royal" bankdan, "Texnika" bankdan, "Zamin" bankdan, "Fidan" kredit ittifaqından bir neçə dəfə 1 il müddətinə 36-43% kredit götürmüşəm və vaxtlı-vaxtında ödəmişəm. 1 il müddətinə 36-43%-lə borcu banka qaytarmaqla kənddə nə əkinçiliyi, nə də ki, maldarlığı inkişaf etdirmək mümkün deyil!". Məsələ ilə bağlı Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayevə və Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin baş direktoru Razim Vəliyevə müraciət etdiyini bildirən İxtiyar Ağayevin sözlərinə görə: "Bundan başqa mən məsələ ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə, Milli Məclisin sədri Oqtay Əsədova, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Kənd Təsərrüfatı və İqtisadi İnkişaf nazirlərinə müraciətlər də etmişəm. Lakin, artıq 2008-ci ildən bu yana məsələnin üstü açılamamış şəkildə bağlı qalır!". İxtiyar Ağayev ona kreditin verilməməsinin əsl səbəbinin şəhərdə xüsusi obyektinin olmaması ilə əlaqələndirib. Çünki, İxtiyar Ağayev dəfələrlə Sahibkarlığa Kömək Milli Fondu və Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə müraciətlər etsə də eyni səbəbdən onun müraciətlərinə baxılmayıb. Ağayev iddia edir ki, Biləsuvarda kreditlər tanınmış və vəzifədə olan şəxslərə verirlər. İxtiyar Ağayevin sözlərinə görə onun əlinin altında kifayət qədər işçi qüvvəsi və 5 hektardan da artıq torpaq sahəsi var. İstənilən krediti 2 il 6 ay müddətinə bağlaya bilər. İxtiyar Ağayev son olaraq onu qeyd etdi ki, onun YAP-ın sırasından çıxarılmasının əsl səbəbi məsələ ilə bağlı "Azadlıq" qəzetinə müraciət etməsi olub. Qeyd edək ki, İxtiyar Ağayevi onun xəbəri olmadan partiyadan xaric ediblər. (OLAYLAR) İA