Bakıda həyətindən mazut çıxan orta məktəb sökülür

311 saylı orta məktəbin şagirdləri digər təhsil müəssisələrinə köçürülürlər

Bakının Sabunçu rayonu ərazisində 311 saylı orta məktəb bağlanıb. Buna səbəb məktəbin həyətindən çıxan mazutdur. Bu barədə ANS PRESS-ə məktəbdə təhsil alan şagirdlərin valideynləri bildirib. Onların sözlərinə görə, məktəb bağlanıb və onların övladları müxtəlif ərazilərdə məktəblərə göndərilib. Lakin çoxu həmin təhsil ocaqlarının uzaqda yerləşməsindən şikayətlənir.
Məsələ ilə əlaqədar Bakı şəhər Təhsil İdarəsi ilə əlaqə saxladıq. İdarənin tikinti şöbəsinin müdiri Mirsahib Bayramov ANS PRESS-ə açıqlamasında faktı təsdiqləyib. Şöbə müdiri deyir ki, məktəbin həyətindən mazut çıxır və buna görə də, orada təhsil almaq mümkünsüzdür. "Əraziyə rəsmilər də baxış keçiriblər. Ərazidə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, baş nazirin müavini Abid Şərifov, təhsil naziri Misir Mərdanov olub. Mütəxəssislər həmin məktəbin dərhal sökülməsinə qərar veriblər".
M.Bayramovun sözlərinə görə hazırda şagirdlər müvəqqəti olaraq müvafiq təhsil müəssisələrinə köçürülür. Yaxın vaxtlarda isə həmin ərazidə yeni məktəbin tikintisi planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31