Nəqliyyat qoçularından xüsusi taksi sürücülərinə qarşı daha bir amansızlıq - AKTUAL PROBLEM

Sürücü yiyəsiz yerə aparılıb döyülür, avtomobili alınır və 102 manat cərimələnir

Nəqliyyat Nazirliyi Bakıda fəaliyyət göstərən xüsusi taksilərə qarşı daha amansız mübarizəyə başlayıb. Bu barədə "OLAYLAR"a Bakıda şəxsi avtomobili ilə taksi fəaliyyəti göstərən sürücülər məlumat verib. Sürücülərin dediyinə görə, bu vaxta qədər Nəqliyyat Nazirliyinin qoçuları həmin avtomobillərlə taksi işləyən sürücülərin sənədlərini alıb lisenziya bəhanəsilə ləğv ediridsə, indi daha biabırçı üsul tətbiq ediblər. İndi nazirliyin əməkdaşları sürücüləri aldadaraq onların həm sənədlərini alır, həm avtomobillərini; sürücüləri isə xüsusi amansızlıqla döyürlər ki, heç bir aidiyyəti qurumlara müraciət etməsinlər: " Nəqliyyat Nazirliyinin müfəttişləri adı ilə dayanacaqlarda duran mülki geyimli şəxslər avtomobillərə müştəri adı ilə əyləşib sürücüləri hadisə yerindən uzaqlaşdırıb döydürür. Proses isə belə baş verir. Nəqliyyat qoçularından biri xüsusi taksilərə əyləşərək sürücüdən hansısa ünvana sürməyi xahiş edir. Maşın hərəkətə gələndə isə həmin şəxs telefonla digər nəqliyyat müfəttişlərinə zəng vuraraq həmin ünvanı və bu ünvana çatma vaxtını onlara deyir. Müfəttiş taksini həmin ünvana aparır və orada onları gözləyən müfəttişlərlə birlikdə sürücüyə hücum edir. Ona yaxın qoluzorlu sürücünü xüsusi amansızlıqla döyəndən sonra onun sənədlərini və avtomobilini əlindən alıb özünü isə yolun kənarına atıb hadisə yerindən uzaqlaşırlar. Sonradan məlum olur ki, müfəttişlər avtomobili cərimə meydançasına, sürücünün sənədlərini isə qanunu pozan şəxs kimi Bakı Şəhər Nəqliyyat Departamentinə göndərir. Sürücü isə avtomobili və sənədləri almaq üçün departamentə 102 manat cərimə ödəməli olur". Sürücülər deyirlər ki, məsələ barədə dəfələrlə Daxili İşlər və Nəqliyyat nazirliklərinə məlumat verilsə də, problemin həlli üçün heç bir nazirlik bu barədə tədbir görmür. Nazirlikdən bildirirlər ki, sürücü qanunsuzluq etdiyi üçün avtomobil cərimə meydançasına aparılıb və qanuni cərimə olunub. Xəsarət barədə məlumat alan Daxili İşlər Nazirliyi isə hadisənin Nəqliyyat Nazirliyinin əməkdaşları tərəfindən törədildiyindən şikayəti araşdırmır və rədd edir. Sürücülərin dediyinə görə, nəqliyyat qoçuları bu cür özbaşınalıqları əsasən yaşayış olmayan və ya az olan yerlərdə həyata keçirirlər. Məsələn, "20 yanvar" metrostansiyası və ona yaxın ərazilərdə xüsusi taksilərə əyləşən müfəttişlər həmin sürücünü aldadıb Xocahəsən yolundakı yaşayış olmayan əraziyə, "Gənclik", "Nərimanov, "Koroğlu" stansiyaları ətrafındakı müfəttişlər həmin sürücüləri "Ulduz" metrostansiyası yaxınlığındakı köhnə müəssisələrin yaxınlığındakı əraziyə aparmaqla onları orada xüsusi amansızlıqla döyüb avtomobili də əlindən alırlar. Sürücülər deyirlər ki, Nəqliyyat Nazirliyinin qoluzorluları əsasən keçmiş sovet və Rusiya istehsalı olan və şəhərdə xüsusi taksi kimi fəaliyyət göstərən  "VAZ" markalı avtomobil sürücülərini hədəfə alıb. Qoluzorlular yalnız bu avtomobilləri taksilərdən yığışdırmaq üçün belə amansız üsula əl atırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31