Müharibə başlasa, təəccüblənməsinlər
28 Sentyabr 2015 10:53 ProblemErmənistan prezidenti Serj Sarkisyanın "Dağlıq Qarabağ Ermənistan ərazisidir" deməsi, habelə Ermənistan-Azərbaycan sərhədində gərginliyin artması, ermənilərin ordumuzun mövqelərini və yaşayış məntəqələrimizi atəşə tutmaları qəfil hadisələr sayıla bilməz.
İllərdən bəri davam edən münaqişə indi, sadəcə, daha da gərginləşib və baş verənlərə görə məsuliyyəti də məhz işğalçılıq, daha doğrusu, terrorçuluq siyasəti yürüdən Ermənistan daşıyır.
Yerevan bizi fakt qarşısında qoyduğunu güman edir.
Heç nə qəfil deyil
Dağlıq Qarabağ münaqişəsində, cəbhə xəttində və sərhəddəki vəziyyəti Ermənistan aylardır ki, ağırlaşdırırdı. Günbəgün, az qala saatbasaat. Hami və sahib hesab etdiyi Rusiyaya güvənən Ermənistan MDB dövlətlərinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünü, Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazasının olmasını böyük üstünlük hesab edən Yerevan bu məqamlardan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönəlmiş danışıqlarda az qala kart-blanş kimi istifadə etməyə çalışır.
Serj Sarkisyan rejiminin çətin durumda olduğunu bildiyindən daha da aqressiv davranmağa başladığını göstərmək istəyir və onun "Dağlıq Qarabağ Ermənistan ərazisidir" bəyanatı da ermənilər üçün hesablanmış bəyanatla yanaşı, danışıqlar prosesindəki vəziyyəti çətinləşdirməyə yönəlmiş açıqlamadır.
Sarkisyan bu dəfə, deyəsən, öz kölgəsindən irəli qaçmağa çalışıb, çünki radikal bəyanatlar və ya aqressiv davranışlar, sadəcə, müstəqil ölkələrin dövlət başçılarından gözlənilən addımdır.
Ermənistan kimi ölkənin prezidenti isə yalnız ona göstərişləri verən ölkənin əmrlərini yerinə yetirə bilər.
Yerevan suverenliyini və müstəqilliyini addım-addım, ildən-ilə Rusiyaya hədiyyə edib. Ermənilər üçün həddən ziyadə böyük əhəmiyyət kəsb edən İran-Ermənistan qaz boru kəməri layihəsindən tutmuş, ölkənin bütün elektroenergetika sistemi və sonda da dövlətin taleyinədək, gələcəyinədək.
Ermənistanın xarici siyasətinin konturlarını büsbütün müəyyənləşdirən Rusiya ermənilərin daxili siyasətinə də rahat şəkildə müdaxilə edir.
Rusiya ilə münasibətləri mümkün qədər aktivləşdirməklə yanaşı, Avropa Birliyi və ABŞ-la da təmasları intensivləşdirməyə can atan Ermənistan iki cəbhədə eyni uğurlar qazanmağın mümkünsüzlüyünü çox gec anlayıb.
Puç olan ssenari
Nəticə bəlli: Yerevanın Qərblə apardığı kuluar danışıqlarının bütün təfərrüatlarını bilən Moskva ermənilərin belə ikiüzlü addımlarını cəzalandırır, Avropa isə Rusiya ilə əlaqələrini normallaşdıra bilməyərək Moskvanın təsir dairəsindən çıxmaq istəməyən, bu azmış kimi Gömrük İttifaqı və Avrasiya Birliyinə qatılan Ermənistanın yalanlarına inanmaq niyyətində olmadığını deyir.
Avropa Birliyi ilə Azərbaycan arasındakı münasibətlərin pisləşdiyini, Avropa Parlamentinin bəlli qətnaməsinin Bakının "təcrid"i ilə sonuclanacağını düşünən Yerevan situasiyadan bəhrələnmək niyyətindədir.
Serj Sarkisyanın bəyanatı, ermənilərin cəbhə xəttində və sərhəddə silahlı provokasiyalarının sayının artması da Bakını sınağa çəkmək məqsədi güdür.
Amma ucuz tryuklara görə hesab ödəməyin vaxtı çatıb.
Serj Sarkisyan Dağlıq Qarabağın Ermənistan "ərazisi" olduğunu bəyan etməklə, habelə Azərbaycanı hədələməklə özünün idiotik siyasət yürüdən dövlət başçısı, ölkəsinin isə terroru və işğalı etiraf edən dövlət statusuna düşdüyünü, deyəsən, dərk etmir.
Dağlıq Qarabağ münaqişəsi başlayandan bəri Ermənistan qarabağlı ermənilərin bütün tələblərinə, çağırışlarına və qəzəbli şüarlarına rəğmən, Qarabağın Ermənistana sözdə də olsa, birləşməsinə qarşı idi.
Bunun səbəbləri bəllidir: Ermənistan münaqişə tərəfi olmadığını deyir, Dağlıq Qarabağ ermənilərinin danışıqlarda tərəf qismində təmsil olunmasına can atırdı.
Münaqişənin nizamlanma prosesinə qarabağlı ermənilərin qatılması isə əslində, onların ciddi uğuru, diplomatik irəliləyişi olardı ki, buna da Bakı indiyədək imkan verməyib və bundan sonra da erməni ssenarisi heç gerçəkləşən deyil.
Ermənistan danışıqlarda ATƏT-in Minsk Qrupunun vasitəçilərinin də bütün səylərinə rəğmən, tərəf oldu və Azərbaycan birbaşa işğalçı ilə müzakirələr aparır.
Qarabağlı ermənilərsə, sadəcə, Ermənistanın göstərişlərini yerinə yetirən marionetkalardır - Qarabağda Azərbaycan ordusuna qarşı duranlar da elə Ermənistan hərbçiləridir.
Ermənistan daxilindəki radikalların, ölkə xaricindəki diaspor təşkilatlarının və təbii ki, qarabağlı ermənilərin bütün təkidlərinə rəğmən əvvəl Levon Ter-Petrosyan, sonra da Robert Köçəryan və indi də Serj Sarkisyan siyasi illüziyalara qapılmır, ölkəni uçuruma aparan addımı atmırdılar.
Sarkisyansa indi "Dağlıq Qarabağ Ermənistan" ərazisidir dedi və Azərbaycan ərazisinin 20 faizinin məhz ölkəsi tərəfindən işğal olunması faktını təsdiqlədi.
Beləliklə, işğalçı əməllərini etiraf etdi və günlərin birində Azərbaycan ərazilərini terrorçulardan azad etmək üçün Ermənistana müharibə elan edərsə, ermənilər təəccüblənməməlidir.
Bütün müharibələrdə ilk atəşi açan uduzub. Tarix bunu deyir.
Ermənistanın dövlətçiliyinin məhvinin onillər başlamış tarixində isə yeni, ermənilər üçün çox pis səhifə açılıb.
Əgər onlar bunu başa düşürlərsə...
Orxan Hun
Milli.Az