Tovuzda OLAY- Tovuz rayon Polis Şöbəsi cinayətkarları himayə edir - FAKT
56 yaşlı qadını öldürməyə cəhd edən iki cinayətkar məsuliyyətdən yayındırılır
3 Oktyabr 2012 13:45 ProblemTovuz rayon Polis Şöbəsinin rəhbərliyi rayonda cinayətkarları müdafiə edir . Bu barədə "OLAYLAR"a Tovuz rayon sakini, iki nəfər tərəfindən ölümcül vəziyyətdə döyülən Elmira İsgəndərova məlumat verib. Zərərçəkmişin sözlərinə görə, hadisə bu il sentyabrın 4-də Tovuz rayonunda yaşadığı mənzildə baş verib. Hadisəyə səbəb isə qonşunun inəyinin onun həyətinə keçməsi olub: "Sentyabrın 4-də qonşunun inəyi bizim həyətə keçdi. Bu barədə qonşu qadına məlumat verdim və o da mənim məlumatımdan sonra heyvanı bizim həyətdən apardı. Qadınla aramızda heç bir mübahisə olmayıb. Qadın sakitliklə inəyi bizim həyətdən çıxardı və normal münasibətlə ayrıldıq. Həmin gün axşam isə qadının əri bizim evə hücum etdi". Elmira İsgəndərova bildirir ki, gecə saatlarında qadının əri qardaşı ilə birlikdə gizli yolla onlara gəlib və qadının evdə tək olmasından istifadə edib onu öldürməyə cəhd edib. Lakin evdə adam olmasını görüb hadisə yerindən qaçıblar: "Gecə saatları idi. Mən və gəlinim evdə idik. Bu vaxt evin qapısı qəfil açıldı və iki nəfər-qonşu və qardaşı mənim otağıma daxil oldular. Biri məni arxadan tutdu, o birisi isə başıma və bədənimin müxtəlif yerlərinə ağır zərbələr endirməyə başladılar. Onlar məni öldürüb qaçmaq istəıyirdilər. Lakin, zorla onların əlindən çıxıb qışqıra bildim. Səsə o biri otaqdan gəlinim çıxdı və qışqırıb qonşuları köməyə çağırdı. Hadisədən qonşuların xəbər tutacağından ehtiyatlanan bu şəxslər məni ölümcül vəziyyətdə döşəməyə atıb qaçdılar. Ailə üzvlərimin köməyi ilə xəstəxanaya çatdırıldım. Xəstəxanaya ağır kəllə-beyin travması və digər diaqnozla qəbul olunmuşam". Zərərçəkənin dediyinə görə, hadisə barədə dərhal Tovuz rayon Polis Şöbəsinə məlumat verilsə də, polis məsələyə biganə münasibət göstərib: "Hadisə barədə həm xəstəxanadan polisə məlumat verildi, həm də özümüz şəxsən müraciət etmişik. Hadisədən sonra polisdən gəlib məndən izahat aldılar. Amma, elə bununla da iş bitdi. Bu hadisədən sonra heç kim işin gedişi ilə bağlı bizə məlumat vermir. Dəfələrlə polisə müraciət etsək də, bizə reakisya vermirlər, işə biganə yanaşılır. Polis bölməsindən bu vaxta qədər bizə məlumat verən olmayıb ki, iş nə yerdədi, cinayət işi başlanıb ya yox, iş hansı müstəntiqdədir. Hər dəfə gedəndə bizi başlarından edirlər. Heç kim bizi qəbul edib, iş barədə məlumat vermir". Elmira İsgəndərova deyir ki, polis şöbəsinin məsul şəxsləri onu ölümçül vəziyyətdə döyənləri himayə edir. Ona görə də bu işi bağlamaq istəyirlər: "Hadisədən bir ay keçməsinə baxmayaraq, mənim həyatıma qəsd edənlər hələ də sərbəst gəzir, heç bir məsuliyyətə cəlb edilməyiblər. Polisdə isə bizi təhqir edib, cinayətkarları müdafiə edirlər. Bundan istifadə edən həmin cinayətkarlar mənə qarşı təzyiqlər edir. Məni döyən şəxslər qonşulara bildiriblər ki, onlar bu işi bağlamaq üçün kifayət qədər pul verib və polisdən razılıq alıblar. Hazırda mən evimdə yataq xəstəsinə çevrilmişəm. Döyülmə zamanı aldığım ağır xəsarətlər səhhətimin normallaşmasına imkan vermir. Bir aydır ki, iynə-dərmanla yaşayıram. Başımdakı kəskin ağrılar gün-gündən güclənir. Rayon Polis Şöbəsinin rəhbərliyi isə məni döyənləri məsuliyyətdən yayındırır". Zərərçəkmiş məsələ ilə bağlı daxili işlər naziri Ramil Yusubova, Baş prokuror Zakir Qaralova və millət vəkili Qənirə Paşayevaya müraciət edib polis şöbəsindəki qanunsuzluqlar barədə məlumat verib.