Bakının intellektual idarəetmə sistemi niyə iflic oldu
Nəqliyyat Nazirliyinin xərclədiyi milyonlar bir”tıxac”a tab gətirmədi
28 Sentyabr 2012 17:57 ProblemSentyabrın 28-də Bakıda elektrik enerjisinin qəfil kəsilməsi paytaxtın nəqliyyat sistemini iflic etdi. Paytaxtda enerjinin kəsilməsi Nəqliyyat Nazirliyinin də səriştəsizliyini ortaya qoydu. İctimai nəqliyyatın pərakəndəliyi şəhərdə hərəkəti tam dondurdu. "OLAYLAR"ın məlumatına görə, adi vaxtlarda şəhərdaxili avtomobil yollarında hərəkəti tənzimləmək üçün təhkim olunan yol müfəttişləri də yoxa çıxdı. Hər an ekstremal şəraitə hazır olmaq adı ilə dövlət büdcəsindən ayrılan milyonlarla vəsait xərcləyən Nəqliyyat Nazirliyi bu dəfə də adi bir şəraitdə bacarıqsızlığını nümayiş etdirdi. Nə marşrutları təınzimləməyə müfəttişlər hadisə yerinə cəlb edilmədi, nə də Azərbaycana milyonlarla manat hesabına başa gələn nəqliyyatın intellektual idarəetmə sistemi işləmədi. Bütün nəqliyyat sistemi həmin anda çökdü. Bu bir daha onu sübut etdi ki, Nəqliyyat Nazirliyinə ayrılan milyonlarla vəsaitin xərcləndiyi istiqamət məlum deyil. Əslində, həmin an Nəqliyyat Nazirliyinin tətbiq etdiyi intellektual idarəetmə sistemi gücləndirilmiş rejimə keçirilməli, paytaxt küçələrinin iflic vəziyyətindən çıxmasına yardım etməli idi. Çünki, bu məqsədlə intellektual idarəetmə sistemi Azərbaycanda tətbiq edilib. Yaradılan və tam gücü ilə istifadəyə verilən bu sistem ilk növbədə belə hallarda ehtiyat generatorlarla işə salınmalı, marşrutların hərəkət sistemini tənzimləməli idi. Belə olan halda isə şəhərdə tıxaclar yaranmazdı. Amma, Nəqliyyat Nazirliyinin arxayınçılığı Bakını növbəti dəfə biabırçı vəziyyətə saldı. Nəticədə idarəetmə sistemindən, marşrut qrafikindən çıxan marşrut avtobuslarının sürücüləri yollarda istədikləri qrafiklərlə hərəkət edib nəqliyyatın hərəkətini tam iflic vəziyyətinə gətirdilər. Bakıda elektrik enerjisinin bərpasından 6 saat keçməsinə baxmayaraq paytaxt yollarında nəqliyyatı tam tənzimlənmədi. Paytaxtda 6-7 saat keçilməz tıxaclar davam etdi. Elektrik enerjisi veriləndən sonra da Bakıda intellektual idarəetmə sistemi işləmədi. Bütün idarəetmə qurğuları söndürülmüş vəziyyətdədir. Nəqliyyat Nazirliyinin yollara "təzə" adı ilə quraşdırdığı idarəetmə qurğularının bəziləri səhv göstəricilərlə işləsə də, əksəriyyəti ümumiyyətlə işləmədi.