Etibar Pirverdiyevin məsuliyyətsizliyi ölkənin iflic etdi-ARAŞDIRMA
Bir ildırım zərbəsi mənimsənilən milyonları üzə çıxardı
28 Sentyabr 2012 17:00 ProblemSentyabrın 28-də səhər saatlarında Azərbaycanda elektrik enerjisi qəfil kəsildi. Təxminən 3 saata yaxın vaxtda Azərbaycanda həyat dondu. Azərbaycan, xüsusən də paytaxt Bakı iflic oldu. Bütün sərnişin nəqliyyatı dayandı, metroda qatarlar hərəkətsiz qaldı. Yüzlərlə sərnişin metro stansiyalarında tunellərdə qaldı. Azərbaycanın dəmir yolu və hava nəqliyyatlarında hərəkət tam olaraq dayandı. Həmin vaxtlarda xəstəxanalar və dövlət müəssisələrində də elektrik enerjisində fasilənin yaranması bu müəssisələrə də ciddi ziyan vurdu. "Azərenerji"nin səriştəsiz və məsuliyyətsizliyi dövləti külli miqdarda ziyana saldı. Azərbaycanda sanki həyat iflic vəziyyətə düşdü. Azərbaycanın ən qaynar nöqtəsi olan paytaxt Bakıda isə vəziyyət tam biabırçı oldu. Bütün Bakı və Bakıətrafı ərazilərdə saatlarla tıxaclar yarandı, avtomobil yolları tıxacdan tam dayandı. Artıq vəziyyət o həddə çatdı ki, yol polisləri də tıxaclara müdaxilə edə bilmədilər. Bakıya giriş-çıxış tıxaclardan bağlandı, şəhərin mərkəzi hissələri isə keçilməz oldu. Metro stansiyaları, elektrik qatarlarının dayanması şəhərdə həddindən artıq insan sıxlığı yaratdı.
Elektrik enerjisinin kəsilməsi nəticəsində sərnişinlər metro tunellərində qalıb
Hadisə zamanı Bakı Metropoliteninin stansiyalarında sərnişinlər tunellərdə qalıb. Metropolitendən verilən məlumatda bildirilir ki, saat 06:44-də "Azərenerji" sistemində baş vermiş qəza nəticəsində elektrik enerjisinin verilişi kəsilib və Bakı metropoliteninin də fəaliyyəti məcburi dayanıb. Həmin vaxt Bakı metropolitenin tunellərində qalan sərnişinlər təhlükəsizlik qaydalarına riayət olunmaqla tunel və stansiyalardan təxliyyə olunublar. Hadisə nəticəsində heç bir sərnişinin xəsarət almayıb: " Qəzanın nəticələri aradan qaldırıldıqdan sonra saat 7:50-dən hissə-hissə gərginliyin verilməsinə başlanıb. 9:30-da qatarların fəaliyyətini bərpa etmək üçün təmas xəttinə tələb olunan gərginlik verilib, sonra qatarların hərəkəti 9:45-də bərpa olunub, sərnişinlər stansiyalara buraxılıblar. Metropolitendən qeyd ediblər ki, hazırda metropolitendə qatarların hərəkətində heç bir problem yoxdur, bütün stansiyaların fəaliyyəti bərpa olunub.
"Hadisə ilə bağlı "Azərenerji" ASC açıqlama yaydı
ASC-nin mətbuat xidmətindən "APA-ECONOMICS"ə verilən açıqlamada bildirilir ki, 28.09.2012-ci il tarixdə güclü leysanla müşayiət olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar səhər saat 06:55 radələrində ölkənin əsas stansiyası olan Azərbaycan İES-də ildırım vurması nəticəsində 330 kV-luq yarımstansiyada yanğın baş verib. İldırım vurması nəticəsində Hava Açarı və 330 kV-luq gərginlikli transformator zədələnib. Nəticədə idarəetmə avtomatikasının əks-qəza avtomatika dövrələri zədələnib. Avtomatika təhlükəsizliyi zədələndiyindən sistemdə enerji fasiləsi yaranıb.
Qısa müddət ərzində görülmüş tədbirlər nəticəsində respublikanın şəhər və rayonlarında elektrik enerjisinin verilməsi tam təmin olunub.
Qeyd edək ki, yanğın FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər Yanğından mühafizə hissəsinin əməkdaşları tərəfindən söndürülüb.Bu "Azərenerji"nin özünü sığortalamaq üçün yaydığı rəsmi məlumat idi. Qurum iddia edir ki, bəs Mingəçevir Elektrik Stansiyasını ildırım vurub və bununla da işıqlar sönüb. Maraqlıdır, "Azərenerji" bütün ölkənin 80 faizdən artığını, Azərbaycanın bütün strateji obyektlərini elektrik enerjisi ilə təmin edən ən böyük elektrik stansiyasında təbii fəlakətlərə görə mühafizə etmək iqtidarında deyil? Məgər bu stansiya o qədər mühafizəsiz bir strateji obyektdir ki, adi hava şəraitində stansiyanın enerji bloklarını ildırım vurur? Bəs "Azərenerji" bu stansiyanın təhlükəsizliyini necə tənzimləyib? Hər il dövlət büdcəsindən ayrılan milyonlarla vəsait ölkənin ən mühüm starateji obyektlərindən olan, ən böyük elektrik enerji stansiyasına sərf olunmursa, hara xərclənir?
Pirverdiyevin ildırıma dözməyən "etibarı"
İkincisi, bu stansiya inşa ediləndə obyektin təbii fəlakətdən qorunması, digər təhlükəli vəziyyətlərdən mühafizə olunması ilə bağlı müvafiq tədbirlər görülüb. Stansiyanın mühafizəsi üçün xüsusi ildırımötürücü qurğuları olduğu halda, bu enerji bloklarını necə ildırım vura bilər. Belə çıxır ki, "Azərenerji" uzun illərdir ki, həmin elektrik stansiyasının mühafizəsini yaddan çıxarıb. Fəaliyyətə başladığı vaxtdan bu gün qədər heç bir mühafizə sistemi yenilənməyən stansiyada sonda belə bir hadisə baş verib. Bu da Azərbaycanın yenidən qaranlığa qərq olması ilə nəticələnib. "Azərenerji" rəhbəri Etibar Pirverdiyev isə maxinasiyalarını davam etdirir. Ölkənin enerji təchizatına birbaşa rəhbərlik edən bu şəxsi ölkənin, dövlətin mənfeyi narahat etmir. Bu şəxs yalnız özünün şəxsi maraqlarına xidmət edir. 9 milyon əhalini hər il qaranlığa qərq edən ASC rəhbəri növbəti təxribata da imkan verdi. Hər gün ictimaiyyətə, dövlətə yalan hesabatlar verən bu şəxsin yalanları hər dəfə üzə çıxır. Amma, nədənsə hələ ki müəyyən yollarla, yalan vədlər və bəhanələrlə kreslosundan bərk yapışa bilib. Hər dəfə "Azərenerji"nin mətbuat xidməti palaz-palaz məlumatlar yayır ki, bəs qışa hazırlıq belə yüksək səviyyədə gedir, filan rayonun fasiləsiz enerji ilə təmin olunması üçün bu işlər görülür, elektrik stansiyalarının təmirinə filan milyon pul xərcləndi, təhlükəsizlik sistemi müasir standartlara belə cavab verir, modern stansiyalar, enerji blokları belə əsaslı təmir edildi və sair. "Azərenerji"nin bu məlumatlarını oxuyanda adam elə bilir ki, hətta ən inkişaf edən ölkələrdə elektrik enerjisi dayansa, Azərbaycanda kəsilə bilməz. Amma, qışda qış problemi, yayda da yay problemi qurtarmır ki, qurtarmır. Görülən tədbirlərin nəticəsi isə göz qabağındadır. Maraqlıdır, "Azərenerji" hansı müasir standartlardan danışır ki, bu standartlar adi bir ildırım vurmaqla yoxa çıxır? Budurmu, Etibar Pirverdiyevin müasir standartları? Azərbaycan İndoneziya, Yaponiya kimi ölkənin yerləşdiyi iqlim qurşağında yerləşsəydi neynəyərdi Etibar Pirverdiyev? Elə bir tərəfdən Allah həm Azərbaycan xalqının, bir tərəfdən də Etibar Pirverdiyev kimi məmurların üzünə baxıb ki Azərbaycan elə iqlim qurşaqlarında yerləşmir. Yoxsa həftədə bir dəfə sel daşqınları, vulkanlar Etibar Pirverdiyevi də işıq dirəkləri ilə birlikdə aparardı,
Son 5 ildə Azərbaycan 3 dəfə qaranlığa qərq oldu
Tez-tez işıqların sönməsi, elektrik dirəklərinin köhnəliyi, hava veriliş xətlərində kəsilmələr və sair Azərbaycan vətəndaşlarını ibtidai icma quruluşuna dönməyə vadar edirsə, adı çəkilən iqlim qurşağında yerləşsəydik necə olardı görəsən? Amma bunların heç Etibar Pirverdiyevə dəxli yoxdu deyəsən. Tənqidlər¸təkliflər, dalbadal aşkarlanan ciddi problemlərlə bağlı Etibar müəllim deyəsən fikirləşmək istəmir.
Xatırladım ki, Azərbaycanda işıqların sönməsi artıq bir neçə dəfə təkrarlanıb. 2011-ci ildə Azərbaycanda qış aylarında bir neçə gün hökm sürən qeyri-sabit hava şəraiti nəticəsində Bakı və Bakıətrafı ərazilərdə bir neçə saat elektrik enerjisi kəsildi. Bundan başqa 2007-ci ildə yay aylarında da proses təkrarlanmışdı. Həmin vaxt dağlıq ərazilərdən birində "Azərenerji"nin yüksək gərginlikli elektrik enerji dayaqlarından birində qısaqapanma baş verməsi nəticəsində yenə də paytaxt Bakı və Azərbaycanın əksər əraziləri qaranlığa qaldı. Bu məsələ ilə bağlı "Azərenerji" rəhbəri dəfələrlə tənqid edilsə də, heç bir nəticə çıxarılmayıb.
Bu təxribatdı?
Elektrik enerjisinin qəfil kəsilməsi ilə bağlı müxtəlif məlumatlar yayılıb. Bunun təxribat olması barədə də məlumatlar dolaşır. "OLAYLAR"ın məlumatına görə, bir neçə gün əvvəl Azərbaycanda elektrik enerjisinin kəsiləcəyi barədə məlumatlar yayılmışdı. Mətbuatda da yayılan məlumatda göstərilirdi ki, sentyabrın 23-də elektrik enerjisinin verilməsi dayandırılacaq. Əslində həmin məlumatda bütün dünya üzrə elektrik enerjisində fasilə yaranacağı deyilsə də, bu yalnız Azərbaycanda baş verdi. Amma, sentyabrın 23-də deyil, 28-də baş verdi. Hadisənin əvvəlcədən baş verəcəyi barədə məlumatlar yayılsa da, "Azərenerji" bu barədə heç bir qabaqlayıcı tədbir görülmədi və məlumata məhəl qoyulmadı. Nəticədə yayılan məlumat təsdiqini tapdı. Məsələ ilə bağlı "Azərenerji" ASC-nin mətbuat xidməti ilə məlumat saxlamağa çalışsaq da, münasibət bildirən olmadı.
Etibar Pirverdiyev terrordan necə sığortalanıb
Maraqlıdır, bu fakta "Azəerenerji" nə deyir? Niyə bu məsələyə münasibət bildirmək istəmirlər. Axı bu barədə bir neçə gün öncə məlumat yayıldı? Bu məlumatla "Azərenerji" maraqlanmışdımı? Əlbəttə ki, yox. Çünki, cənab Pirverdiyev bu məlumatları şayiə adlandırır və bu məslələrə vaxt ayırmaq istəmir. Ondansa, cənab Pirverdiyev öz maraqlarını müdafiə edən məlumatlara baş sındırmağa üstünlük verir. Və son nəticə də göz qabağındadır. Əslində, bu versiyanın mümkünlüyü inandırıcı da ola bilər. Son vaxtlar Azərbaycan İran, Ermənistan kimi ölkələr və dünyada məhşur terror təşkilatı kimi tanınan "ASALA" təşkilatı tərəfindən hədələrə məruz qalıb. Onlar hətta açıq-aşkar bəyan ediblər ki, Azərbaycanda hansısa terror törətməyə hazırlaşır. Azərbaycanın hüquq mühafizə orqanları bu məslə ilə bağlı gücləndirilmiş iş rejiminə keçsə də, Etibar Pirverdiyev bunu adi şaiyə adlandırır. Amma, əslində Azərbaycanın işıq elektrik stansiyası kimi strateji obyektə Etibar Pirverdiyev cavabdehdir. Görəsən, cənab Pirverdiyev ölkənin strateji obyektinə rəhbərlik etmək məsuliyyətini anlayırmı? İnanmıram, ən azından ona görə ki, bu məsuliyyəti hiss edən şəxs bu cür saymayazna hərəkət edib Azərbaycana dalbadal şok yaşatmaz. Ən azından ona görə ki, bu adam özü də azərbaycanlıdır.
Samir Əli