FİFA-da böhran: Blatter özünü suçlu saymır - FOTO
29 May 2015 11:52 ProblemDünya futbolu tarixində yaşanan ən böyük qalmaqalın günbəgün böyüməsinə rəğmən, FİFA prezidenti Zepp Blatter təşvişə düşmüş insan təsiri bağışlamır.Əksinə, o, özünü mümkün qədər təmkinli və sakit göstərir.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, dünən o, başçılıq etdiyi FİFA-nın 65-ci konqresinə məşuqəsi Linda Brass ilə qatılıb.İsveçrə vətəndaşı, 49 yaşlı Linda Brass daşınmaz əmlak agentidir. Qadının əri Kristian Brassın dediyinə görə, arvadı 79 yaşlı Blatterin sadəcə, "möhkəm dostudur".Halbuki 79 yaşlı Zepp Blatter özündən 30 yaş kiçik Linda Brassı "çox sevdiyini" dəfələrlə söyləyib.FİFA prezidenti Zepp Blatter futbolun adına "ayıb və ləkə gətirən" şəxslərin hərəkətlərini lənətlədiyini deyib.Lakin o əlavə edib ki, çoxları onu bütün futbol icmasına görə məsul hesab etsələr də, o "həmişə, hamıya nəzarət edə bilməzdi".Z.Blatter bu bəyanatı FİFA konqresinin açılışında verib.Bundan əvvəl isə, dünya futboluna rəhbərlik edən qurum - FİFA özünün illik konqresinə hazırlaşdığı bir vaxtda Coca-Cola, Adidas və Visa da daxil olmaqla sponsorlar bu təşkilatdakı həbslərdən narahatlıqlarını bildiriblər.Avropanın əsas futbol təşkilatı UEFA, FİFA-nın növbəti prezidentinin cümə günü keçiriləcək səsverməsini boykot edib-etməmək məsələsini müzakirə edir.Sürixdə FİFA-nın 7 yüksək vəzifəli rəsmisi həbs edilib. Onlar barələrində cinayət işi başlanmış 14 nəfərin arasındadırlar.FİFA ABŞ-ın apardığı cinayət işi ilə əlaqədar daha 11 nümayəndəsinin futbolla bağlı fəaliyyətini qadağan edib.
Zepp Blatter beşinci dəfə prezident olmaq istəyir
BBC bildirir ki, Britaniyanın baş naziri David Kemeron da daxil olmaqla Zepp Blatterin istefasına çoxsaylı çağırışlar edilib.
UEFA-nın rəhbəri Mişel Platini deyib ki, Blatterdən istefa verməsini "dost kimi" xahiş edib.
Lakin təşkilat bildirib ki, hazırkı prezident Zepp Blatterin 5-ci müddətə seçilmək istədiyi səsverməni təxirə salmayacaq.
Həbsləri şərh edən Britaniya xarici işlər naziri Filipp Hammond BBC-yə deyib ki, "FİFA-nın dərinliyində çox böyük qüsur gizlənib və beynəlxalq futbol islah edilməlidir".
Hazırkı təhqiqatda adı keçməyən FİFA prezidenti Blatter deyib ki, "belə davranışın futbolda yeri yoxdur və biz əmin olmalıyıq ki, bu əməldə iştirakı olanlar oyundan xaric edilsinlər".
İsveçrə prokurorları da 2018 və 2022-ci il futbol çempionatları üçün ev sahibliyinin Rusiya və Qətərə verilməsi ilə bağlı ayrıca təhqiqat açıblar.
"Yüksək standartlar"
Bu arada FİFA-nın sponsorları olan iri şirkətlərə bu təşkilata təsir göstərmələri üçün çağırışlar edilir.
Coca-Cola şirkəti bildirib ki, "xeyli zamandır davam edən ziddiyyətlər FİFA dünya çempionatının missiya və ideallarını alt-üst edib".
Kredit kartları şirkəti "Visa" da son həbslərdən dərin narahatlıq keçirdiyini bəyan edib.
Adidas şirkəti isə bildirib ki, o, etika və qanunçuluğun yüksək standartlarını rəhbər tutur və öz partnyorlarından da eyni yanaşmanı gözləyir.
Sponsorların ikinci qrupuna daxil McDonald's bəyan edib ki, vəziyyət son dərəcə narahatedicidir və o, hadisələri diqqətlə izləyir.
Hyundai Motor şirkəti də eyni narahatlıqları səsləndirib.
UEFA FİFA səsverməsini təxirə salmağa çağırır
Barələrində ittihamlar verilmiş hazırkı və keçmiş FİFA direktorlarının sırasında Rafael Eskivel, Nikolas Leoz, Jeffrey Uebb, Cek Uorner, Eduardo Li, Eugenio Fiqeredo və Xose Maria Marin də var.
Bu arada Avropa futboluna rəhbərlik edən qurum - UEFA cənab Blatterdən gileylənərək bildirib ki, "baş verən hadisələr FİFA üçün fəlakətdir və bütövlükdə futbolun imicinə zərbə vurub".
UEFA-nın bəyanatında deyilir ki, korrupsiya FİFA mədəniyyətində dərin kök atıb.
Təşkilat həmçinin cümə günü keçirilməli olan FİFA səsverməsinin indiki vəziyyətdə təxirə salınmasını istəmişdi.
FİFA-ya "qırmızı kart"
Amerika Birləşmiş Ştatlarında isə bu həbslərlə bağlı baş prokurorun, ABŞ Federal Vergi Xidmətinin və FTB-nin iştirakı ilə mətbuat konfransı keçirilib.
ABŞ baş prokuroru Loretta Linç deyib ki, FİFA-nın bəzi icraçı direktorları tutduqları yüksək mövqedən rüşvət almaq üçün istifadə ediblər
Federal Vergi Xidmətinin rəhbəri mətbuat konfransında deyib ki, "əgər FİFA barədə iddialar doğrulsa, onda məşhur mafioz Al Kapone bunların yanında bağça uşağı kimi görünəcək".
"Bu, dünya fırıldaq çempionatıdır və biz FİFA-ya qırmızı kart göstəririk", - vergi xidmətinin bəyanatında deyilir.
ABŞ-ın başlatdığı cinayət işində adı keçənlər 1991-ci ildən 24 il müddətində ümumikdə 150 milyon dollar rüşvət və "şapka" almaqda ittiham olunurlar.
Bu işin təfərrüatları barədə məlumat verən ABŞ baş prokuroru Loretta Linç deyib ki, FİFA-nın bəzi icraçı direktorları tutduqları yüksək mövqedən rüşvət almaq üçün istifadə ediblər.
"Onlar bu əməlləri təkrar-təkrar, ildən-ilə, yarışdan-yarışa törədiblər", - Loretta Linç deyib.