Əflatun Amaşov daxili işlər nazirinə müraciət edib
18 Aprel 2012 18:50 ProblemMətbuat Şurasının sədri jurnalistlərin təzyiqə məruz qalmasını Ramil Usubovun diqqətinə çatdırıb
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bu gün "Yeni Müsavat" qəzetinin əməkdaşı Günay Musayeva və jurnalist İdrak Abbasovun ("Zerkalo" qəzeti) peşə fəaliyyətini yerinə yetirərkən təzyiqlərlə üzləşmələri ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb. Lent.az-ın məlumatına görə, müraciətdə deyilir ki, Mətbuat Şurasına daxil olan məlumatda hər iki media təmsilçisi aprelin 18-də ARDNŞ-in Binəqədi rayonundakı 4-cü mədən ərazisində yerləşən tikililərin söküntü prosesi ilə bağlı material hazırlayarkən təzyiqlərlə üzləşdiyi bildirilir. Şirkətin işçiləri onların peşə vəzifələrini yerinə yetirmələrinə mane olub, G.Musayevaya təzyiq göstərərək fotoaparatını əlindən alıblar. İ.Abbasov isə fiziki təzyiqə məruz qalmaqla yanaşı, digər həmkarı kimi təhqir olunub. Şura sədri müraciətində məsələnin ətraflı araşdırılacağına və qanuna müvafiq tədbir görüləcəyinə əminliyini vurğulayıb.