73 itki, 70 yaralı. Təhlükəsizlik və Müdafiə sektorunun ümumi itkiləri (18 sentyabradək) - STATİSTİKA
19 Sentyabr 2012 10:31 Problem"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən adlı siyahı üzrə 2012-ci ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 73 nəfər təşkil edib. Ötən müddətdə 70 nəfər yaralanıb (və ya xəsarət alıb). Müvafiq dövrdə dünyalarını dəyişənlərin 15-i döyüş (15 nəfər erməni gülləsi), 2-si mina, 1-i əməliyyat, 55-i isə qeyri-döyüş itkiləridir.7 nəfər bədbəxt hadisədən (dəm qazından boğulma, elektrik cərəyanı vurma, üzərinə beton düşmə, suda boğulma, yıxılma), 10 nəfər avtoqəzadan, 1 nəfər naməlum səbəbdən, 8 nəfər ehtiyatsızlıqdan, 9 nəfər qeyri-nizamnamə hərəkətlərindən, 8 nəfər xəstəlikdən dünyasını dəyişib. 12 nəfər intihar edib. Dünyasını dəyişənlərin 66-ı Müdafiə Nazirliyinin, 4-ü Dövlət Sərhəd Xidmətinin, 2-i Daxili Qoşunların, 1-i isə Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularıdır.Yaralılara və xəsarət alanlara gəlincə (70 nəfər) onların 12-i qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan), 13-ü erməni gülləsindən, 6 nəfər mina partlayışından, 1-i xəstəlikdən, 7-si bədbəxt hadisədən (donvurma, qonşusunun bıçaq yarası, üzərinə beton düşmə, əqrəb sancma), 3-ü əməliyyat tədbirlərindən, 28-i isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 65 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu (o cümlədən 2 nəfər Ali Hərbi Məktəbin kursantı), 4 nəfər Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçusu, 1 nəfərsə FHN Akademiyasının müdavimidir.