“Dəmirbank”ASC göz görə-görə vətəndaşları soyur - ŞİKAYƏT

Bankın problemlər şöbəsi əsl problemli yerdir

Dünən bir neçə şəxs Azərbaycanın ən güvənilən banklarından sayı olan "Dəmirbank" ASC-də hüquqlarının pozulması ilə bağlı tədbir keçirdi. Tədbirdə çıxış edən zərərçəkmiş Azər Səfərov dedi ki, real qiyməti 9 min dollar olan avtomobili "Dəmirbank" ASC-nin Biləcəri filialı vasitəsilə 14 min dollara alıb. Bu günə kimi bankla razılaşdırılmış məbləği ödəsə də bank ondan artıq pul tələb edir: "Mən Audi markalı avtomobili "Dəmirbank" ASC vasitəsilə 14 min dollara almışam. Bu günə kimi banka 20 dollar ödəsəm də 6500 manat əlavə pul tələb edirlər. Ödədiyim pulun sənədlərini istədikdə mənə qarşı şantaj, hədə-qorxular başladı, hətta evimə basqın edildi. Maşını zorla əlimdən alıb apardılar. Bu müddət ərzində bankın qoluzorluları tərəfindən istismar olunan avtomobil yararsız hala salınıb. Bu azmış kimi yenidən məndən 5 min manat pul alıb maşını mənə qaytardılar". A.Səfərov onu da bildirdi ki, bununla bağlı məhkəməyə müraciət etsə də Yasamal Rayon Məhkəməsinin hakimi Şeyda Məhərrəmova saxta qətnamə çıxarıb: "Hakimin çıxardığı qətnaməyə görə, Elnarə Rzayeva (avtomobil bu şəxsin adınadır) şəxsi mülki məsuliyyətə cəlb edilib. O, cərimə olunub. Avtomobilin üzərinə həbs qoyulub. Sonra mən E.Rzayevadan etibarnamə alıb apelyasiya şikayəti verdim. Çünki, ortada mənim 20 min dollar pulum heç nədən gedirdi. Bakı Apelyasiya Məhkəməsinin hakimi Natiq Abbasov "Dəmirbank"ın məhkəmədə iştirak edən nümayəndəsinin sözü ilə məni məhkəmədə tərəf kimi tanımadı. Baxmayaraq ki, bu işdə yeganə zərərçəkmiş şəxs mənəm. Bütün bunlarla yanaşı E.Rzayeva hansısa təzyiq altında etibarnamədən imtina etdi. E.Rzayeva məhkəməyə gəlmədi. Məhkəmə də onu tapa bilmədi. Bu gün də E.Rzayevanın harda olması bəlli deyil". Zərərçəkmiş deyir ki, baş verənlərlə bağlı bütün instansıyalara, o cümlədən ATƏT-in Bakı Ofisinə müraciət edib. A.Səfərov onu da dedi ki, uzun çək-çevirdən sonra onun problemi hələ də öz həllini tapmayıb. A.Səfərov çıxışı zamanı bir məsələni xüsusi vurğuladı. Bildirdi ki, ümumilikdə bu bankda vətəndaşı aldatma halları adi hal alıb: "Mənə sonradan məlum oldu ki, bu bankın problemlərlə əlaqədar şöbəsi var. Buranın rəhbəri isə deyilənlərə görə, millət vəkili Səməd Seyidovun qardaşı Kamil Seyidovdur. O, bütün bu işlərin başında dayanan şəxsdir". Tədbirdə çıxış edən digər zərərçəkmiş Rauf Ağalarov dedi ki, 2008-ci ildə "Dəmirbank" ASC-nin Yevlax filialından kreditlə 2350 manat  pul götürüb. 24 faizlə götürdüyü pulun əksər hissəsini ödəyib. Banka 300 manat borcu qalandan sonra bir müddət xəstə olduğundan bu pulu ödəyə bilməyib. Bir müddətdən sonra banka gəlib borcunu öyrəndikdə isə şoka düşüb. Belə ki, bank işçiləri ona bildiriblər ki, 300 manatlıq borc 1050 manat olub: "Mən onlara dedim ki, qardaş, deyəsən mənim pulumun faizi 2, 3 ay ərzində raket sürəti ilə artıb". Zərərçəkən deyir ki, baş verənlərlə əladədar ona bankın mərkəzi şöbəsinə getməyi məsləhət biliblər. Sonradan isə bank məhkəməyə müraciət edib: "Məhkəmə mənə kömək edib. Borcu 721 manat yazdı. Mən bu pulu ödəyib çek aldım. Sonradan banka gedəndə isə müdir mənə yenə baş ofisə getməyi məsləhət gördü. Bildirdi ki, bankın mərkəzi şöbəsində R.Hacıyev adlı şəxs var. Ona 600 manat verəndən sonra bank mənə borcumun olmaması ilə əlaqədar təmizlik kağızı verəcək". 600 manat pulu olmadığını bildirən zərərçəkən qeyd etdi ki, bu pulu ödəmədiyi təqdirdə həyati təhlükə ilə üzləşəcək: "Mənim onlara ödəməyə pulum yoxdur. Eyni zamanda bankın qoçuları mənə hədə-qorxu gələrək bildirirlər ki, pulu ödəmədiyim təqdirdə mənə işgəncə verəcəklər". Tədbirdə çıxış edən digər zərərçəkmişlər də bankda üzləşdikləri problemləri dilə gətirdilər. Aydın oldu ki, "Dəmirbank" ASC ilə bağlı yuxarı səviyyədə ciddi tədbir görülməsə bu maliyyə ocağı bir sıra insanların başına oyun açacaq.

Ədil Ədilzadə   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31