Biabırçı tıxaclar və yol polisinin saymazyana “xidməti” - PROBLEM

Sentyabrın 10-da paytaxtdakı rüsvayçılıqla polis nəyi sübut etdi

Son vaxtlar Bakıda və bakıətrafı ərazilərdə avtomobil yollarındakı tıxaclar paytaxt sakinlərini cana yığıb. Heç bir əsas olmadan şəhərdə saatlarla tıxaclar yaranır, insanların əsəbləri gərilir, sərnişinlər məcburiyyət qarşısında qalıb kilometrlərlə yolu piyada getməli olurlar. Tıxaclara birbaşa cavabdehlik daşıyan Bakı şəhər Yol Polisi İdarəsinin əməkdaşları isə bu məsələyə reaksiya vermir. Yol polisləri yalnız qəzalar baş verərkən hadisə yerinə gəlirlər. Bunun dəfələrlə şahidi olmuşam və polisin tıxac görüb qaçmasını da müşahidə etmişəm. Elə sentyabrın 10-da axşam saatlarında Bakıda və Bakı-Sumqayıt Quba yolunun çıxış hissəsindəki yolda baş verən biabırçı tixac da bu faktları bir daha təsdiqlədi. Axşam saat 18 00 radələrində "20 yanvar" metrostansiyasının qarşısından "Şamaxı yolu" istiqamətində yol tamamilə bağlandı. Eyni anda şəhərin Ü. Hacıbəyov küçəsi, Heydər Əliyev sarayının ətrafındakı bütün küçələr, Nəsimi rayonu ərazisində 3-cü mikrorayon və 4-cü mikrorayon dairələri, Xəqani, B. Səfəroğlu küçələrində, Azadlıq prospektində yol tam bağlandı. Adıçəkilən küçə və prospektlərdə avtomobillərin hərəkəti 2 saata yaxın dayandı. Əvvəlcə hamı elə zənn etdi ki, hansısa ərazidə ağır yol qəzası və ya təmir tikinti işləri aparıldığından bu yollar bağlanıb. Amma, sonradan məlum oldu ki, bu ərazilərdə nə qəza baş verib, nə də tikinti aparılmır. Sən demə yolların bağlanmasına səbəb pik saatlarda yol polislərinin yolları nəzarətsiz buraxması olub. Avtomobillərin çoxluğu və polislərin yolda olmaması belə biabırçılıq yaradıb.

Məmurların gəlişinə dağıdılan "tıxac"

Tərs kimi həmin vaxt mən özüm də "20 yanvar"da ilişib qalmışdım. Təxminən saat 20 00-a qədər həmin ərazidə bu cür vəziyyət yarandı. Metronun yaxınlığında yüzlərlə sürücü avtomobilləri saxlayıb maşını tərk etmişdilər. Saat 20 radələrində birdən-birə küçəyə hay düşdü və 5-6 polis maşını ərazini əhatəyə aldı. Təxminən 5-6 dəqiqəyə Sumqayıt istiqamətinə yol tam açıldı və avtomobillərin hərəkəti tam bərpa olundu. Hamı sevindi ki, yol polisləri yolun bağlanması barədə məlumat alan kimi məsələyə dərhal reaksiya verdi. Amma sonradan məlum oldu ki, yol polisləri heç də camaatın halına yanıb belə hərəkət eləməyiblər. Bu insanların məqsədi tam başqadır. Yol polisləri yolu açandan 2-3 dəqiqə sonra məlum oldu ki, bir neçə nazir həmin yolla Novxanı qəsəbəsindəki bağ evinə gedir və elə buna görə də polislər yollarda canfəşanlıq edir. Sürücülərdən bəziləri gileylənsə, narazıllıq etsə də, digər sürücülər "Buna da şükür, heç olmasa nazirin hesabına da olsa yollar açıldı, kaş bu nazirlər bu yoldan 15 dəqiqədən bir keçəydi"deyib tələsik yola çıxdılar. Amma, sürücülərin bu sevinci də çox sürmədi. Cəmi 15 dəqiqədən sonra, yəni nazirlər yoldan istifadə edəndən sonra yenə də əvvəlki vəziyyət yarandı. Yenə yol polisləri yoldan yoxa çıxdılar, avtomobil tixacları uzandı. Proses təxminən axşam saat 23:30-dək davam etdi. Təxminən 4 saat bu yol yenidən tıxacla bağlandı. Yenə insanların əsəbləri gərilməyə başladı, sürücülərsə bir birini söyməkdə davam etdilər. O buna deyir yol ver, bu ona deyir yol ver, heç kim də yol vermək istəmir, hamı özü yol istəyir. Nəhayət, saat 23:30-dan sonra yolda avtomobillər yavaqş-yavaş seyrəldi, amma, həmin vaxta qədər bir nəfər də olsun yol polisi yola çıxıb hərəkəti tənzimləmədi. Əslində yolda yol polisdi var idi, amma, kənardan dayanıb hərəkəti seyr etmək, avtoqəzaları gözdən qaçırmamaq üçün. Kənarda dayanan yol polisləri başqa heç bir iş görmür, saatlarla dayanan yolda hərəkəti tənzimləmək heç yadlarına da düşmürdü.

Millətə yox, məmurlara xidmət edən yol polisləri

Bir sözlə, həmin gün Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları şəhər sakinlərinə əsl sitəm elədi. Və sübut etdi ki, onlar istəyəndə şəhərdəki tıxacları yox edə bilər və ya tıxacları artıra bilər. Tıxacların aradan qaldırılması üçün yeni körpülər, yol ötürücüləri inşa olunsa da, yol polisləri istənilən vaxtı həmin tıxacları dağıda bilər. Necə ki, daxili işlər naziri Ramil Usubovun gəlişinə 5 dəqiqəyə  yol tam açıldı. Maraqlıdır, doğrudanmı Bakının yol polisləri ancaq məmurların rahatlığını təmin etmək üçün fəaliyyətdədir? Bəs bu dinc əhali? Bəs xalqa, vətənə, millətə ağız dolusu "xidmət edirəm" deyəndə nəyi nəzərdə tutur? Xalq, millət, vətəndəmi elə məmurlardan ibarətdir? Hər gün saatlarla hərəkətin tam təmin olunduğu yerlərdə ən son model "BMW" avtomobilləri ilə dayanıb qayda pozan-pozmayan sürücülərə qan udduran, qanunsuz cərimələrlə sürücüləri bezdirən, əsassız təqiblərlə yol qəzaları törədən yol polislərindən bəlkə bir-ikisini də tıxac olan yollara göndərəsiniz, cənab Nuşirəvan Səfərov. Saatlarla əhaslinin tıxaclarda qalması, insanların əsəb xəstəliyinə tutulması, tıxaclardan yaranan qəzalar və onların acı nəticələri barədə fikirləşmək məncə tez deyil. Əslində, bu proses bir müddət sonra gec olur. Yəni, tıxacların yaratığı əsəb gərginliyi, tıxaclardan əsəbi çıxan sürücülərin yol hərəkət qaydalarını kobud pozması və nəticədə piyada ölümü, yol qəzalarının qarşısı əvvəlcədən alınmalıdır. Hadisə olandan sonra bu artıq gec olacaq. Onda yol polisi nə qədər çalışsa da, nə öləni geri qaytaracaq, nə də xəsarətlərin sayını azaldacaq. Əklsinə, bu hallar durmadan artır və fəlakətə gətirib çıxarır. Yol polisləri isə vətənə, millətə, xalqa yox "məmurlara xidmət edirəm" andı içəcək.

Samir
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31