İcra qurumlarının “məktub oyunu” - PROBLEM
Əhali susuz qalıb, dövlət qurumlarına isə məktub yetişməyib
7 Sentyabr 2012 17:25 ProblemBinəqədi rayonu 8-ci mikrorayon sakinləri həftəyə yaxındır ki, içməli su üzünə həsrət qalıblar. Bu barədə redaksiyamıza məlumat verən paytaxt sakinlərinin sözlərinə görə, əhaliyə su verilməməsinin səbəbi iki dövlət qurumu arasında məktublaşmanın uzadılmasıdır. Məlumatda bildirilir ki, sözügedən ərazidə binalara verilən su borusunda baş verən sızma nəticəsində əhaliyə içməli suyun verilişi dayandırılıb. Əhalinin Binəqədi Su İdarəsinə müraciəti isə ortaya maraqlı məqam çıxarıb. Belə ki, əhalinin müraciətinə cavab olaraq idarədən bildirilib ki, məsələdən halidirlər. Lakin ərazidə təmir işlərinin aparılması üçün "Azəryol Servis" ASC-nin razılığı tələb olunur. Bunəqədi Su İdarəsi Səhmdar Cəmiyyətə 4 gün əvvəl məktubla müraciət etsə də indiyə qədər cavab ala bilməyib. Bu səbəbdən su borusunun təmiri gecikdirilir. Gün ərzində məsələ ilə əlaqədar "Azəryol Servis" ASC ilə telefon əlaqəsi yaratmağa çalışsaq da rəsmi heç bir cavab ala bilmədik.