Sahib Məmmədov Vəkillər Kollegiyasını qanunsuzluqda ittiham etdi

Vəkillər Kollegiyasının sədri Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, tanınmış hüquqşünas Sahib Məmmədova qarşı haqsızlıq edib. Bu barədə "OLAYLAR"a Sahib Məmmədov özü məlumat verib. Hüquq müdafiəçisi bildirib ki, kollegiya sədri Azər Tağıyev heç bir əsas olmadan onun Vəkillər Kollegiyasına üzv olmasını əngəlləyib: "30 aprel 2012-ci il tarixində Vəkillər Kollegiyasının Rəyasət Heyəti "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununu kobud surətdə pozaraq mənim vəkillər Kollegiyasına üzv olmağım üçün Qanunun 14-cü maddəsində nəzərdə tutulan andiçmə tədbirinə buraxmayıb. Rəyasət Heyəti səlahiyyət həddini aşaraq mənim Vəkillər Kollegiyasına üzv olmağıma imkan verməyib". S.Məmmədov bildirib ki, "Vəkillik və vəkil fəaliyyəti haqqında" Qanunun 8-ci maddəsinin 1-ci hissəsinə görə "İxtisas Kollegiyasında peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə yazılı testdən və şifahi müsahibədən ibarət olan ixtisas imtahanını müvəffəqiyyətlə verib və müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimi müvəffəqiyyətlə bitirmiş şəxs" vəkil ola bilər: "Mən qanunda nəzərdə tutulan bütün prosedurları keçmişəm. Belə olan halda Qanunda nəzərdə tutulduğu kimi mən rəyasət heyəti qarşısında and içməklə vəkil fəaliyyyətinə başlamalıyam. Qanunda Rəyasət Heyətinin hər hansı bir səsvermə hüququ yoxdur.  Vəkillər Kollegiyasının sədri Azər Tağıyev və onun müavini çıxış edərək mənə tərcümeyi-halımın 3-cü şəxsin adından yazıldığını bildirməklə Kollegiyaya üzv qəbul edilməyimə mane olub. Mən tərcümeyi-halımı yazarkən doğrudan da 3-cü şəxsin adından yazmışam ki, bu da qəbul olunmuş haldır. Belə ki, tərcümeyi-halı "Mən Məmmədov Sahib Məlik oğlu 1962-ci il dekabr ayının 15 də anadan olmuşam deyil", "Məmmədov Sahib Məlik oğlu 1962-ci ilin dekabr ayının 15-də anadan olmuşdur" kimi yazmışam. Əslində, tərcümeyi-halın düzgün yazılmaması səbəb olsaydı, onlar məni gərək heç imtahanlara da buraxmayadı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31