Lerikin icra başçısından şikayət var - PROBLEM
Rövşən Bağırov torpaq satmaqda ittiham olunur
31 Avqust 2012 17:00 ProblemLerik rayonu, Züvüç kənd sakini, təqaüddə olan əmək veteranı İbadov Mürvət Qubad oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Baş nazir Artur Rəsizadə, Milli Məclisin sədri Oktay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və "Olaylar" qəzeti redaksiyasına müraciət ünvanlayıb. Müraciətdə bildirilir ki, Lerik rayon İcra Hakimiyyətinin başçısı onun xəbəri olmadan Prezident Administrasiyasına yalan və böhtanlarla dolu saxta izahat göndərib: "Məlumunuz olsun ki, həmin izahatı mən yazmamışam. İzahatı Lerik Rayon İcra hakimiyyətində kimlərəsə yazdırıblar. İcra başçısının belə bir addım atması müstəqil Azərbaycan Respublikasının dövlətçiliyinə, onun vətəndaşına xəyanətdir. Bu acınacaqlı fartı araşdırmaqla məni Lerik rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovla bir yerdə qəbul etməyinizi xahiş edirəm". Müraciət müəllifi bildirir ki, ölkənin əlaqədar təşkilatlarına məktubları özü yazıb: "Mənim ailəmin heç bir üzvü mənim qərarım olmadan bir cümlə belə heç bir təşkilata müraciət edə bilməz. Deməli, hər hansı müraciəti mən özüm diktə etmişəmsə, həmin müraciət respublikanın əlaqədar təşkilatlarına göndərilib. Bu müraciəti Sizə ünvanlamağı özümə mənəvi borc hesab edirəm. Səksən yaşlı bir ağsaqqalın adından Prezidentə belə bir acınacaqlı yalan və saxta izahat göndərilirsə, deməli o rayonda vəziyyətin nə qədər acınacaqlı olduğunu siz özünüz dəqiqləşdirə bilərsiniz". Ötən ildən başlayaraq müvafiq dövlət orqanlarına min səksən ədəd müraciət ünvanladığını qeyd edən M. İbadov bildirir ki, bu qədər müraciətin ünvanlanmasına səbəb Lerik rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun rayonda torpaq alverinə qurşanmasıdır: "O, mənə guya dost deyirdi. Biz onunla birlikdə el içərisində bir-birimizə əl vurub dost demişik. Bizim dostluğumuz iki sot torpağa dəymirdimi? Və ya məni nə vaxt çağırıb dedi ki, iki sot torpağın pulunu siz verin? Biz onun pulunu verməsəydik bu gün müraciət etməyə mənəvi haqqımız olmazdı. Həmin torpaq da mənim qardaşımın nəvəsinindir. Sadəcə olaraq bizə müvəqqəti istifadə üçün verilmişdi. Hörmətli Prezident, Sizin Lerik rayonundakı nümayəndənizin dostluğu bu qədər müvəqqətidirmi? Başçı el içində bizə mənəvi zərbə vurmaq üçün o addımı atdı. Məqsədi də bizim ailəni müxalifət cərgəsinə sürükləmək idi".
Alim