Beynəlxalq Bankın rəhbəri Bakıda 80 ailəni ölümlə üz-üzə qoyub - ŞİKAYƏT

Cahangir Hacıyev yataqxana sakinləri üçün inşa olunan binanı mənimsəyib

Avqustun 30-da hüquq müdafiəçisi Ələkbər Məmmədov H. Z. Tağıyev adına Tikinti Kombinatının  paytaxtın Xətai rayonu, Cavanşir küçəsi 38 ünvanında yerləşən 4 saylı yataqxanasının bərbad hala düşməsilə əlaqədar mətbuat konfransı keçirdi. Ə. Məmmədov bildirdi ki, yataqxanada tikinti kombinatının işçiləri yaşayır və yataqxana sakinlərə veriləndə onlara mənzillərin orderləri də təqdim edilib. Kombinat fəaliyyətini dayandırandan sonra isə yataqxana Bakı şəhər İcra hakimiyyətinin tabeçiliyinə verilib. 2000-ci ildə ölkədə baş verən zəlzələ nəticəsində bina təhlükəli vəziyyətə düşüb. Həmin vaxtdan sonra sakinlər qorxu içində yaşayır, binanın hər an uçmasından ehtiyatlanırlar: "2003-cü ildə sakinlər məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyətinə müraciət edərək binanın vəziyyəti barədə meriyaya məlumat veriblər. Bakı şəhər İcra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov sakinlərlə görüşəndən sonra bu barədə Baş nazir Artur Rəsizadəyə rəsmi müraciət edib. 2004-cü ildə Bakı meri Hacıbala Abutalıbovun sərəncamı ilə yataqxanada məskunlaşan 160 kombinat işçisinin ailəsi və binada məskunlaşan 12 məcburi köçkün ailəsinin yerkləşdirilməsi üçün "Oğuz"MMC-yə 40 sot torpaq sahəsi ayrılıb. Razılaşmaya görə, sakinlərin iştirakı ilə yaradılan MMC həmin ərazidə bina inşa etməli və 192 ailəni həmin binadakı mənzillərlə köçürülməlidir. Lakin, bu prosesdə baş verən maxinasiyalardan yataqxananın 92 ailəsi evsiz qalıb". Ələkbər Məmmədov bildirib ki, icra hakimiyyətinin sərəncamı ilə torpaq sahəsi ayrılandan sonra ərazidə tikinti başlanılıb və 40 sot torpaq sahəsində hər biri 4 blokdan ibarət 2 ədəd 18 mərtəbəli yaşayış binası inşa edilib . Amma, köçürülmə zamanı sakinlərin hamısı bu binada mənzillə təmin edilməyib. Ələkbər Məmmədovun dediyinə görə, bina əvvəlcə "Oğuz"MMc tərəfindən tikilməyə başlayıb və sakinlərin hamısı ilə mənzil müqaviləsi bağlanıb. Amma, sonradan MMC binanın tikintisini dayandırıb və binaların tikintisini "Ümid" MMC davam etdirib. Bu şirkətin qeyri-rəsmi sahibi isə Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevdir.  Sonda bina hazır olanda sakinlərdən 68 kombinat işçisi və 12 məcburi köçkün ailəsi həmin binaya köçürülsə də, qalan 92 ailə evsiz qalıb. Şirkətdən bildiriblər ki, onlara bu binadan mənzil verilməyəcək. Hüquq müdafiəçisi bildirib ki, binada hazırda 432 mənzil inşa edilib və həmin mənzillərdən 172-si sakinlərə verilməlidir: "2012-ci ildə Fövqəladə Hallar Nazirliyi yataqxanaya baxış keçirib və burada ailələrin yaşamasına icazə verməyib. Nazirliyin aktı ilə bina tam istifadəyə yararsız hesab edilib və burada yaşayış qadağan olunub. Nazirlik 80 ailənin yataqxanadan təcili köçürülməsi üçün Nazirlər Kabinetinə yenidən müraciət etsə də, müraciət hələ də cavabsız qalıb. Həılə bu azmış kimi, bir neçə gün əvvəl rayon icra hakimiyyətinin aidiyyəti qurumlarının əməkdaşları əraziyə gəlib yataqxananı hasarlayıb ki, bina yararsız olduğu üçün sökülməlidir. Amma, sakinlərin hara köçürülməsi göstərilməyib. Binanın sökülməsinə etiraz edən sakinlər ərazidəki avtomobil yolunu bağlayıb". Ələkbər Məmmədov bildirib ki, sakinlər növbəti dəfə sentyabrın 4-də Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirəcək.

Samir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31