Tikinti şirkəti 14 nəfərlik qaçqın ailəsini təhlükədə saxlayır

69 yaşlı qadın şirkət əməkdaşları tərəfindən döyülüb

Azərbaycanda bəzi tikinti şirkətlərinin qanunsuz tikinti şirkətlərinin qanunsuzluqları barədə dəfələrlə məlumatlar dərc olunub, faktlar təsdiqlənib. Həmin tikinti şirkətlərinin qanunsuzluqları barədə lazımi tədbirlər görülsə də, bəzi şirkətlər yenə də vətəndaşları narazı salır, onlara təzyiqlər edərək mülklərindən çıxarmağa cəhd edir. Redaksiyamıza müraciət edən Bakı şəhəri, Nəsimi rayonu S.Rüstəm küçəsi 81 ünvanındakı 1 saylı mənzilin sahibi Rəhilə Mirzəyeva da bu cür qanunsuzluqlara məruz qaldığını iddia edir. Şikayətçi deyir ki, məcburi köçkündür və 14 nəfərlik ailə üzvü var. "ELİPS-R LTD" MMC tikinti şirkəti ailəni konkret təhlükədə saxlayır: "Şirkətin rəhbərliyi mənə və ailəmə qarşı işgəncələr verir". R.Mirzəyeva məktubunda bildirib ki, adıçəkilən tikinti şirkəti 14 nəfərlik ailənin həyatını cəhənnəmə çevirib. Şirkətin əməkdaşları ailəyə hücum edib və 69 yaşlı şikayətçini vəhşicəsinə döyüblər: "Bizdən tələb etdilər ki, evi boşaldaq, amma hara gedək demədilər. Biz də küçədə qalmamaq üçün öz qanuni mülkümüzü tərk etmədik. Bu vaxt bir neçə nəfər idmançı görkəmli şəxs evə hücum çəkdilər. Həyətdə tək idim. Üstümə hücum etdilər. Qorxumdan qapını arxadan bağladım. Həmin şəxslər evə hücum çəkib qapını sındırdılar. İçəri daxil olan bu şəxslər məni xüsusi amansızlıqla döyməyə başladılar. Bədənimin müxtəlif yerlərinə yumruq və təpik zərbələri endirdilər və bizə evi təcili boşaltmağı tapşırdılar. Evimizin beş metrliyində 17 mərtəbəli göydələn inşa edən şirkətin qoçuları, əsasən şirkətin məsul işçisi Abdulla Məmmədov məni dəfələrlə təhqir edib, hədələyib". Şikayətçi deyir ki, hazırda evinin dörd tərəfi 20 metrə qədər dərinlikdə qazılıb və 14 nəfərin məskunlaşdığı ev yararsız hala düşüb. Bununla yanaşı, evdə sürüşmə baş verdiyindən mənzilin heç bir otağında yaşamaq mümkün deyil. Yağışlı günlərdə evin içi su ilə dolur, ailə şəhərin mərkəzində yaşamaq məcburiyyətindədir.

"Həyatımız tükdən asılı vəziyyətdədir"

Şikayətçi deyir ki, şirkət əməkdaşları onun həyətindəki 30 yaşlı ərik ağacının da ətrafını qazıblar, ağac hazırda aşmaq təhlükəsi ilə üz-üzədir: "Son ayların yağışlı günlərində evimizin içində quru yer tapıb oturmaq olmur. Elə bil yağış həyətə deyil, evin içinə yağırdı. Çünki ucaldılan 17 mərtəbəli binada çalışan fəhlələr yuxarıdan aşağı, evimizin üstünə, həyətimizə bütün günü əllərinə keçəni, daş-çınqıl, dəmir qırıqları, armatur parçaları tökürlər. Onlara etiraz edəndə isə üstümüzə qışqırıb "köçün, gedin buradan" deyirlər. Hətta həyətdə də gəzə bilmirik. Binada işləyən öyrədilmiş fəhlələr yuxarıdan başımıza armatur və daş parçaları atırlar". Şikayətçi deyir ki, tikinti şirkəti ailənin həyatı ilə oynayır: "Həyatımız tükdən asılı vəziyyətdədir. Ailəmiz didərgin düşüb. Məktəbli nəvələrimin hərəsi bir qohumun evinə sığınıb. Bütün bunların səbəbi çox dəhşətlidir. "ELİPS-R LTD" tikinti şirkəti bizim evimizi dəyər-dəyməzinə onlara satmağa məcbur edir. Biz məgər müstəqil ölkədə yaşamırıq"?

Şirkət qoçuları 69 yaşlı qadını döyüb

Şikayətçi deyir ki, sentyabr ayının 10-da şirkətin işçiləri yenidən evə hücum çəkib və onu xüsusi amansızlıqla döyüblər: "Həyat yoldaşım evdə olmayanda evimizə hücum elədilər, qapını sındırıb məni döydülər. Zərbələrdən huşumu itirdim. Həmin şəxslər dedilər ki, onlar bu şirkətin qoçularıdırlar və onlara evi dağıtmaq əmri verilib. Həmin dəstə evimizin bütün əşyasını, hətta qapısını da tələsik özləri ilə gətirdikləri "KAMAZ"a yüklədilər. Qonşuların müdaxiləsindən sonra "KAMAZ"ı sürüb aparmadılar, həyətdə saxladılar. Biz 10 gündən çox qapısız evdə yaşadıq. Sonra gəlib maşını yerə boşaldıb getdilər".

"Bu iki ildə yaşadıqlarımızı düşündükcə dəli oluruq"

Şikayətçi deyir ki, artıq iki ildir "ELİPS-R LTD" MMC ailəni pis vəziyyətə salıb: "Bu iki ildə yaşadıqlarımızı düşündükcə dəli oluruq. Biz Ermənistanın Mehri rayonundan köçkün düşmüşük". Həyatı təhlükə altında qalan 14 nəfərlik ailə əlaqədar təşkilatlara müraciət edib və ailəsinin xilas olmasını xahiş edib.

Samir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31