Ordumuz ən müasir silah və texnika ilə təchiz edilib

İlham Əliyev: "Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və bərpa edəcək"

Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən təntənəli hərbi paradda nümayiş olunan silahlar ölkəmizin qüdrətinin göstəricisi kimi dəyərləndirilir. Artıq əksər dünya ölkələri, eləcə də hərbi ekspertlər etiraf edirlər ki, Azərbaycan ordusu ən güclü ordular sırasındadır. Bu isə deməyə əsas verir ki, Azərbaycan işğal altında olan torpaqlarını azad etmək iqtidarına malikdir. Təsadüfi deyil ki, prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən təntənəli hərbi paradda çıxışı zamanı qeyd edib ki, Azərbaycan işğalla heç vaxt barışmayacaq: "Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və bərpa edəcək. Bunun üçün güclü ordu yaratmalı idik. Bu gün tam əminliklə deyə bilərəm ki, buna nail ola bilmişik. Bu gün Azərbaycan ordusu dünyanın güclü orduları sırasındadır. Ordu quruculuğu əsas vəzifəmizdir. Güclü ordunu yaratmaq üçün güclü iqtisadiyyatımız olmalıdır. Biz bu istiqamətdə çox fəal işləmişik. Son 15 il ərzində iqtisadi sahədə Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. İqtisadiyyatımız 3,2 dəfə artmışdır. İqtisadi potensialına görə Azərbaycan bu gün özünü çox rahat hiss edir. Bütün aparıcı beynəlxalq təşkilatların reytinqlərində Azərbaycan ən qabaqcıl yerlərdədir. İnkişafda olan ölkələrin arasında Azərbaycan inkişafına görə dünya miqyasında üçüncü yerdədir. Biz öz hesabımıza yaşayırıq, heç bir yerdən yardım almırıq. Buna ehtiyac da yoxdur. Öz zəhmətimizlə qazanılan vəsaiti ölkə qarşısında duran əsas məqsədlərin həllinə yönəldirik. Onların arasında ordu quruculuğu birinci yerdədir". Millət vəkili, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Fərəc Quliyev deyib. "Ötən gün Azərbaycan ordusunun 100 illik yubileyi ilə bağlı keçirilən hərbi paradda Prezident İlham Əliyev söylədiyi fikirlərlə xalqımızın iradəsini ifadə etmiş oldu. Dövlət başçısının söylədiyi nitq həm Azərbaycan ictimaiyyəti, həm düşmənimiz, həm də bütün dünyaya gücümüzü göstərəcək mesaj idi". Ordumuzun istənilən zaman işğal olunmuş torpaqları azad etmək gücünə malik olduğunu deyən deputat söyləyib ki, Prezident İlham Əliyev ötən gün hərbi paraddakı çıxışında Azərbaycan torpaqlarının dinc yolla azad edilməsinin tərəfdarı olduğunu bir daha vurğuladı: "Amma 25 ildir ki, danışıqlar heç bir nəticə vermir. Hərbi paradda Azərbaycanın güclü orduya malik olduğu bir daha nümayiş etdirildi. Paradda haqlı olaraq Silahlı Qüvvələrimizin malik olduğu texnikanın yalnız bir hissəsi nümayiş etdirilsə də, artıq dünya və Ermənistan başa düşməlidir ki, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllinin uzadılmasına səbr etmək niyyəti yoxdur. Azərbaycan problemin həlli üçün başqa imkanlardan istifadə edəcəyi reallığa söykənib". İrəvanda keçirilən parada nəzər yetirən deputat söyləyib ki, Ermənistanda keçirilən paradda ermənilər rus silahlarını rus əsgərinin müşayiəti və maşını ilə təqdim edirlər: "Bu gün Azərbaycanda keçirilən parada nəzər yetirdikdə ölkəmizin istehsalı olan zirehli texnika öz əsgərimizin müşayiəti və milli bayrağımızla meydandan keçir. Azərbaycan artıq silah istehsal edir, hətta başqa ölkələrə satmaqla məşğuldur". Paradda çox ciddi mesajların verildiyini dilə gətirən F. Quliyev vurğulayıb ki, hər bir azərbaycanlı Ali Baş komandanın əmrini gözləməli, kompakt millət olaraq dövlət başçısının ətrafında birləşməlidir: "İçəridə 5-ci kolonluq edənlər də başa düşməlidir ki, düşmənlə mübarizə zamanında heç kimə güzəşt edilməyəcək. Birmənalı olaraq torpaqlarımız möhtəşəm ordumuzla işğaldan azad etmək haqqında düşünməliyik". Paradda rəmzi olaraq Türkiyə taborunun iştirakını xüsusi vurğulayan deputat söyləyib ki, bu Azərbaycan-Türkiyə münasibətlərinin mədəni iqtisadi sahədən, hərbi siyasi sahəyə transfer olduğunu göstərir: "Müttəfiqlik sahəsində ermənilər kiminsə qoltuğunda gizlənərək Azərbaycanın tək olduğunu düşünməsinlər". Ermənistan tərəfinin paradla bağlı mənfi fikirlər səsləndirməsinə gəlincə F. Quliyev deyib ki, düşmən tərəfi Azərbaycanın uğurlarına kölgə salmağa cəhd etmək istəsə də, gerçək ortadadır: "Azərbaycan ordusunun dünya reytinqində yerinə baxdıqda, aprel döyüşləri və Naxçıvan əməliyyatı ordumuzun nəyə qadir olduğunu ortaya qoyur. Azərbaycanın əsas hissəsindəki ordu məsələyə qarışmadan belə tək Naxçıvandakı ordu 1 saata İrəvanı işğaldan azad edə bilər. Hesab edirəm ki, bu məsələdə heç nədən çəkinməyə dəyməz. Çünki, ölkəmiz kifayət qədər gücə malikdir. Biz bu gücə rəğmən susmamalı, dünya məsələni qısa müddətdə həll etməsə, ordumuzun gücü ilə problemi həll etməliyik".  

Dövlət başçısı bəyan edib ki, ordumuz ən müasir silahlarla, texnika ilə təchiz edilmişdir: "O cümlədən Azərbaycanda istehsal olunan bir çox hərbi təyinatlı məhsullar ordumuzun potensialını gücləndirir. Bizim təşəbbüsümüzlə son illər ərzində 20-dən çox hərbi zavod yaradılmışdır. Bu zavodlarda 1200 adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunur, ordumuz təchiz edilir. Eyni zamanda, biz artıq hərbi məhsullarımızı ixrac etməyə də başlamışıq. Həmçinin Azərbaycan bir çox ölkələrdən ən müasir silah və texnika alır. Bu gün bu silahların kiçik bir hissəsi paradda nümayiş etdiriləcək.Son illər ərzində ən müasir texnika və silahlar alınıbdır. Onların arasında yüzlərlə zirehli texnika, bir çox gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, ən müasir standartlara cavab verən sistemlər, onlarla döyüş təyyarəsi, yüzdən çox döyüş, hərbi nəqliyyat, nəqliyyat helikopteri, ən müasir kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, ən müasir artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri - bütün bunlar bizim hərbi gücümüzü artırır. Deyə bilərəm ki, ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında nadir ölkələrdən biridir". Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib ki, budəfəki hərbi parad digərlərindən  bir neçə xüsusiyyətinə görə fərqlənir: "Bildiyimiz kimi Azərbaycan Ordusunun geyim forması dəyişib. Həmçinin paradda müasir artilleriya, raket qurğuları, mühəndis istehkam qurğuları, təyyarələr, digər döyüş və döyüş təminatına aid olan silah-sursat nümayiş olunacaq. Düşünürəm ki, bu paraddan sonra düşmən qorxu içində olacaq. Bizim xalqımız isə qürur hiss duyacaq ki, Azərbaycan Silahlı Qüvvələri bu cür inkişaf edib". Hərbi ekspert deyib ki, Azərbaycan hansı yolla olursa, olsun öz ərazi bütövlüyünü təmin edəcək: "Bu gün  Silahlı Qüvvələrimizin hər bir üzvü Ali Baş Komandandan əmr gözləyir. Ordumuzda böyük ruh yüksəkliyi, vətənpərvərlik tərbiyəsi var. Bu gün Azərbaycan əsgəri öz davranışı, döyüş hazırlığı ilə dünyaya nümunədir. Həmçinin bu gün ölkəmizin yüksələn iqtisadi potensialı Silahlı Qüvvələrin  inkişafına da öz təsirini göstərir. Çünki bu gün güclü dövlət müasir silahlara malik ola bilər. Ali Baş Komandan, cənab prezident İlham Əliyevin diqqəti və qayğısı nəticəsində ordumuz günü-gündən güclənir, dünyanın ən güclü orduları sırasına daxil olub. Bildiyimiz kimi Azərbaycan Ordusu mütəmadi olaraq çöl paradları keçirir. Mən çöl paradları dedikdə hərbi təlimləri nəzərdə tuturam. Həmin təlimlərdə əsgərlərimiz, zabitlərimiz nəyə qadir olduqlarını göstəriblər. Bu gün Silahlı Qüvvələrimizin şəxsi heyətindən beynəlxalq yarışlarda iştirak edən hərbiçilərimiz var. Onlar həmin yarışlarda yüksək nəticələr əldə edirlər. Ola bilsin ki, paradda nümayiş olunan silahlarımız gələcəkdə öz dağıdıcı imkanlarını düşmənə göstərəcək. Ermənistan Silahlı Qüvvələrini yerinə oturdacaq. Buna bizim həm dövlətimiz, həm də ordumuzun gücü imkan verir".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31