KİV-də milli maraqlar necə qorunur? SORĞU

Azərbaycan KİV-ləri milli və dövlətçilik maraqlarına əsaslanan həqiqətləri, xüsusilə də, Ermənistan tərəfindən işğal edilən Dağlıq Qarabağla bağlı faktları və sübutları dünya ictimaiyyətinə çatdıra bilirmi? Əgər edirsə, bunu hansı formada edir? SİA bununla bağlı media nümayəndələrinin fikirlərini öyrənib.

Azərbaycan KİV-ləri milli və dövlətçilik maraqlarına əsaslanan həqiqətləri, xüsusilə də, Ermənistan tərəfindən işğal edilən Dağlıq Qarabağla bağlı faktları və sübutları dünya ictimaiyyətinə çatdıra bilirmi? Əgər edirsə, bunu hansı formada edir? SİA bununla bağlı media nümayəndələrinin fikirlərini öyrənib.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli: "Əlbəttə, Azərbaycan KİV-lərində milli-mənəvi dəyərlərin, həmçinin, dövlətçilik maraqlarının qorunmasına, inkişaf etdirilməsinə və təbliğ olunmasına dair kifayət qədər materiallar var. Amma bu materialların dünya ictimaiyyətinə çatdırılması, beynəlxalq arenaya çıxarılması üçün onların fərqli dillərdə - ingilis, rus və digər dillərdə də təqdim edilməsi vacibdir. Qismən buna nail olunur. Məsələ ondadır ki, bu cür materialların tərcümə olunaraq yayılması xərc tələb edən mövzudur. Amma özü maddi gəlir gətirmir. Nəzərə alsaq ki, KİV-lər həm də kommersiya qurumudurlar və yayımladıqları materiallarla həm də oxucu auditoriyası qazanmaq, daha çox satış əldə etmək, qazanc götürmək məqsədi güdürlər, onda milli-mənəvi dəyərləri təbliğ edən, dövlət maraqlarının qorunmasına xidmət edən materialların hazırlanıb yayılmasının heç də asan olmadığı aydınlaşar. Bu baxımdan, milli- mənəvi dəyərlərin təbliğini, dövlətçilik maraqlarının qorunmasını hədəfləyən KİV-lərin nə qədər çətin bir məsuliyyəti öz üzərlərinə götürdüklərini təsəvvür etmək olar. Təqdir olunası haldır ki, artıq KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu vasitəsilə bu cür mövzuların hazırlanmasını stimullaşdırmaq məqsədilə KİV-lərə maddi dəstək də verilir. KİVDF-nin KİV-lərə ayırdığı qrant vəsaitinin istifadə edilməsi mövzularından biri də milli-mənəvi dəyərlərə, dövlət maraqlarına aid materialların hazırlanıb yayılmasıdır. Deməli, jurnalistlərin, KİV-lərin bu sahəyə daha artıq diqqət yetirmələri üçün stimul var. Qalır bu yardımdan da faydalanmaqla milli-mənəvi dəyərlərimizin, dövlət maraqlarımızın təbliğ edilməsi sahəsində daha ciddi işlər görək. Burada bir məqamı da nəzərə almaq lazımdır ki, bütün mövzularda maddi gəlir güdmək də olmaz, bu cür mövzuların hazırlanması, yayılması həm də bir vətəndaş təəssübkeşliyi, mənəvi məsuliyyətimizdir".

"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev: "Azərbaycan KİV-lərinin əsas vəzifələrindən biri elə bundan ibarətdir. Əminliklə demək olar ki, bu gün KİV-lərimiz dövlətçilik mövqeyində dayana bilir və dövlətçilik mənafeləri ilə peşə sahibinin maraqları arasındakı sərhədi çox aydın şəkildə həyata keçirə bilir. Medianın dövlətçilik maraqları üstündə inkişaf etməsi ona vacib olan dövlət dəstəyinin qazandırılmasında böyük rol oynayır. Sözsüz ki, ölkə mediasının arxasında da Azərbaycan dövlətinin gücü dayandığına görə, mediamız Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və dünya miqyasında imkan çərçivəsində müdafiə olunmasına özünün vacib missiyalarından biri kimi baxır və bu istiqamətdə fəaliyyət göstərir. Bunu Qarabağ həqiqətlərinin işıqlandırılmasında, Avropa Oyunlarının təbliğində, 26 sentyabrda keçirilən referendumun mahiyyətinin cəmiyyətə çatdırılmasında və digər əhəmiyyətli məsələlərdə görmək mümkün oldu. Bir sözlə, mediamızın dövlətçilik və azərbaycançılıq maraqlarını müdafiə etməsi sahəsində missiyasını dərk etməsi faktdır və bu istiqamətdə böyük uğurlu nəticələr var".

"Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev: "Son illər ərzində Azərbaycan mətbuatı çox böyük bir inkişaf yolu keçib. Bu illər ərzində mətbuatımız mükəmməl formada strukturlaşıb, maddi-texniki bazasını möhkəmləndirib. İndi Azərbaycan mətbuatı təkcə ölkə vətəndaşlarının informasiyaya olan tələbatını ödəmir, həm də beynəlxalq ictimaiyyəti məlumatlandırır. Ölkədə xarici dillərdə nəşr olunan qəzetlər və jurnallar vardır. Ciddi informasiya resurslarının - agentliklərin, xəbər portallarının xarici dilli versiyaları da fəaliyyətdədir. Əvvəllər bu işi, əsasən, dövlətin nəzarətində olan KİV-lər edirdisə, indi özəl media subyektləri də bu istiqamətdə fəallıq göstərirlər. İnformasiya agentliklərimiz var ki, bir neçə dildə xəbər yayırlar. Elə baş redaktoru olduğum "Kaspi" qəzetinin də saytı 3 dildədir. Materiallarımız Azərbaycan, ingilis, və rus dillərində yayımlanır. Diqqət etsək, bir neçə il əvvəl bizim bu imkanlarımız yox idi. Ötən illər ərzində mediamız bu sahədə böyük bir məsafə qət edib. Sevindirici haldır ki, informasiya resurslarımız xəbərləri yayarkən dövlətçilik və milli maraqların qorunması məqamlarına xüsusi diqqət yetirir. Fikrimcə, hazırda dünya ictimaiyyəti Azərbaycanda baş verən hadisələr barədə yetərincə obyektiv informasiya almaq imkanlarına malikdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31