Bakı metropolitenindən yeni tədris iliylə bağlı RƏSMİ AÇIQLAMA
13 Sentyabr 2021 20:10 NəqliyyatYeni tədris ilinin başlanması ilə əlaqədar metroda əlavə qatarların sayı artırılacaq. Bu barədə Bakı metropolitenindən bildirilib.
Məlumatda deyilir ki, yay mövsümünün başa çatması ilə bağlı sentyabrın 20-dən Bakı metropoliteninin sərnişindaşıma fəaliyyətində bir sıra dəyişikliklər ediləcək.
Qurumun sözçüsü deyib ki, pandemiya şəraiti davam etdiyindən hərəkət qrafiki ciddi nəzarətdə saxlanılacaq. "Nəriman Nərimanov" elektrik deposunda ehtiyat qatarlar nəzərdə tutulacaq. Müvafiq monitorinqlər müntəzəm davam etdirilərək, sərnişin sıxlığı və axın istiqamətləri, eləcə də digər məsələlər öyrəniləcək. Zərurət yarandıqda, ehtiyat qatarlar xəttə buraxılacaq.
"Gur saatlarda qatarlar arasında "Həzi Aslanov-28 May" sahəsində interval texniki cəhətdən mümkün həddə - 2 dəqiqəyə qədər azaldılacaq. Yaşıl və Qırmızı xətlər "28 May" stansiyasında kəsişərək birləşdiyindən, gur saatlarda qatarların intervalı "İçərişəhər" və "Dərnəgül" stansiyaları və əks istiqamətdə 4 dəqiqəyə qədər endiriləcək. Onu da əlavə edək ki, Bakı metropolitenində, ənənə üzrə, gur hərəkət səhər saat 07:30-dan 09:30-a, axşam isə 17:30-dan 19:30-a qədər davam edir",-deyə sözçü əlavə edib.