Laçından yan keçəcək yeni yolla bağlı - Rəsmi açıqlama
12 İyul 2021 23:45 NəqliyyatBu barədə hələlik əlimizdə heç bir rəsmi məlumat yoxdur. Laçın şəhərindən yan keçəcək yeni "dəhliz" yolunun inşası haqda rəsmi məlumat olduqda ictimaiyyətə açıqlanacaq.
Bunu hazırda Rusiyanın rəsmən sülhməramlı missiyalı hərbi kontingentinin nəzarətində qalan Laçın şəhərindən, eləcə də bir neçə kəndimizdən yan ötəcək yeni "dəhliz" yolunun inşasına başlanılması ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumat və video-görüntülərlə bağlı cavabında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli söyləyib.
"Hazırda işğaldan azad olunmuş torpaqlarımızda tikintisinə rəsmən başlanmış digər yolların çəkilişi isə davam edir" - deyə şöbə rəisi əlavə edib.
Qeyd edək ki, bəhs edilən mövzuda sosial şəbəkələrdə yayılmış məlumat və video-görüntülərdən belə çıxır ki, yeni "Laçın dəhlizi" yolunun Laçın-Şuşa yolunun yaxınlığındakı Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndləri - Qayğı qəsəbəsi - Həkəri çayı - Ermənistanın Kornidzor(Gorunzur) kəndi marşrutuyluyla çəkilir.
Xatırladaq ki, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il dekabrın 1-də Laçın rayonunun azad edilməsi ilə bağlı xalqa müraciətində sözügedən yolun daha qısa müddətdə çəkilə biləcəyini vurğulayıb.