Zəngilanın beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevriləcək
28 Aprel 2021 14:30 Nəqliyyat44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın qarşısında duran növbəti hədəf uzun illər erməni işğalı altında qalaraq xarabalıqlara çevrilmiş şəhər və rayonları bərpa etmək, orada yaşayışı təmin etməkdir. Etiraf etmək lazımdır ki, bu istiqamətdə işlər plan üzrə, nəzərdə tutulduğundan daha artıq templə gedir. Diqqət çəkən digər bir məqam ondan ibarətdir ki, işğaldan azad edilən şəhər və rayonlarda həyata keçirilən quruculuq-abadlıq işlərinə dövlət başçısı birbaşa nəzarət edir. Prezident İlham Əliyevin ötən müddətdə müntəzəm olaraq işğaldan azad edilən rayonlara səfərləri fonunda bunu aydın görmək mümkündür. Bu günlərdə Azərbaycan Prezidentinin işğaldan azad edilən Cərayıl və Zəngilan rayonlarına səfəri də məhz bu məqsədi daşıyırdı. Səfər çərçivəsində dövlət başçısı bir sıra tədbirlərə qatıldı, Zəngilan rayonunun Ağalı kəndində birinci "ağıllı kənd" pilot layihəsinin icrasına başlanması mərasimində iştirak etdi.
Prezident İlham Əliyevin səfər zamanı iştirak etdiyi mühüm tədbirlərdən biri də Zəngilan Hava Limanının təməlinin qoyulması odlu. Qeyd etmək yerinə düşər ki, sözügedən rayonda hava limanının tikintisi mühüm əhəmiyyət kəsb edir. Bu həm Zəngilanın beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilməsi perspektivindən xəbər verir, həm də bütün Qarabağ zonasının inkişaf etdiriləcəyinə zəmin yaradır. Nəzərə alsaq ki, eyni zamanda Füzuli və Laçın rayonunda hava limanları inşa ediləcək, o zaman bu həm də şərqi Zəngəzur zonasının inkiişaf etməsi, reallaşması tezliklə baş tutacaq bu dəhlizin daha perspektivli olacağından xəbər verir.
Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərdə yeni yol-nəqliyyat infrastrukturunun yaradılması ümumilikdə region üçün yeni-yeni imkanlar açacaq. Bu çərçivəsə Horadiz-Ağbənd dəmir yolunun bərpası kifayət qədər strateji əhəmiyyət daşıyır. Bu həm də Azərbaycanın əsas hissəsinin Zəngəzur dəhlizi vasitəsilə Naxçıvan MR-lə, Şərqi və Qərbi Zəngəzurun dəmir və avtomobil yolu vasitəsilə birləşdirilməsi deməkdir.
YAP Kəlbəcər rayon Təşkilatı Gənclər Birliyinin idarə heyyətinin üzvü Zahir Əliyev də deyir ki, Qarabağda yol-nəqliyyat infrastrukturunun bərpası Azərbaycana, eyni zamanda region ölkələrinə yeni-yeni transit imkanları yaradacaq. Onun sözlərinə görə, bu sırada Zəngəzur dəhlizi xüsusi əhəmiyyət daşıyır: "Zəngəzur dəhlizinin açılması türk dünyasının coğrafi birləşməsidir. Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun 30 il ərzində erməni işğalında qalan ərazilərimizi işğaldan azad etməsi və beləliklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin bərpa edilməsi regionda yeni reallıqların yaranmasına səbəb oldu. Tarixi Azərbaycan torpağı olan Zəngəzur vasitəsilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə bir başa quru əlaqəsinin yaradılması isə türk dünyasının coğrafi birləşməsi istiqamətində mühüm bir addımdır".
O, qeyd edib ki, Zəngəzur dəhlizinin bu baxımdan əhəmiyyətini Prezident İlham Əliyev 2009-cu il 3 oktyabr tarixində Naxçıvanda keçirilmiş Zirvə görüşündə açıqlamışdı: "Vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması ilə nəticələnmişdi. Ancaq Azərbaycan yeni reallıqlar yaratdı və beləliklə, qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasını birləşdirən körpü rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr, o cümlədən Ermənistan üçün əlavə imkanlar yaradacaq. Prezident İlham Əliyev təkcə Azərbaycanın və azərbaycanlıların deyil, bütün türk dünyasının taleyini dəyişməyə müyəssər olmuş ümumtürk miqyaslı müdrik liderdir. Türk birliyi məhz onun təşəbbüsləri ilə sırf praqmatik maraqlar üzərində qurulmuş ideyaya çevrilir və Avrasiyanın mühüm hissəsinin yeni logistik və iqtisadi əsaslarda birləşməsini nəzərdə tutur. Süveyş kanalı ilə bağlı yaşananlar isə Zəngəzur dəhlizinin dünya üçün də əhəmiyyətini bir daha qabarıq şəkildə üzə çıxardı. Prezident İlham Əliyev 2021-ci il 31 mart tarixində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə çıxışı zamanı bildirib ki, "Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı. Onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq".
Füzuli
Olaylar.az