Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Könüllülük Proqramı təsis edilib
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən “eSAS” Elektron Sosial Aktivlik Sistemi yaradılıb və onun üzərindən nazirliyin Könüllülük Proqramı təsis edilib. Bu barədə məlumat “OLAYLAR”-a nazirlikdən verilib.
31 Avqust 2020 12:13 NəqliyyatNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən "eSAS" Elektron Sosial Aktivlik Sistemi yaradılıb və onun üzərindən nazirliyin Könüllülük Proqramı təsis edilib. Bu barədə məlumat "OLAYLAR"-a nazirlikdən verilib.
Bildirilib ki, "eSAS" Elektron Sosial Aktivlik Sistemi yaradılması və onun bazasında nazirliyin Könüllülük Proqramı hazırlanmasında məqsəd məhz gənclərin şəxsi inkişafı, informasiya texnologiyaları üzrə biliklərinin və rəqəmsal bacarıqlarının artırılması, onların maarifləndirilməsi, yaradıcı ideya və innovativ təşəbbüslərinin dəstəklənməsi, o cümlədən asudə vaxtlarının səmərəli təşkilidir.
"eSAS" Könüllüləri elektron xidmət və müraciətlər, sayt və sosial şəbəkələrlə iş, onların daima nəzarət altında saxlanılması və onlayn aktivliyin təmin edilməsi, şərh, sual, şikayət və təkliflərə vaxtında baxılması və aidiyyəti üzrə məlumatın verilməsi üzrə fəaliyyət göstərəcəklər. Eyni zamanda, internet resurslarında və dünya ictimaiyyətində Azərbaycan haqqında yayılan dezinformasiyaların aşkarlanması və aidiyyəti üzrə məlumat verərək həmin məlumatların təkzib edilməsində iştirak edəcəklər.
Bununla yanaşı, "eSAS" Könüllüləri nazirliyin aparatı, struktur bölmələri, strukturuna daxil olan qurumlar və ya strukturuna daxil olmayan tabeliyindəki qurumlarda təcrübə keçmək imkanı əldə edəcəklər. Həmçinin, onlar nazirlik tərəfindən keçirilən müxtəlif yerli və beynəlxalq səviyyəli tədbirlər, təlim və seminarlarda yerli və xarici qonaqların qarşılanması, qeydiyyatı, yönləndirilməsi, müşayiət olunması, məlumatlandırılması, tədbir məkanının təşkil olunması və digər texniki-təşkilati işlərin həyata keçirilməsinə cəlb ediləcəklər.