Metroda narahatlıq: Sərnişinlər düşürüldü - Nə baş verir?
Metroda narahatlıq: Sərnişinlər düşürüldü - Nə baş verir?
2 Mart 2020 18:27 NəqliyyatBakı metrosunda qatarda növbəti dəfə narahatlıq yaşanıb. Texniki problem olması ehtimalı ilə maşinist qatara baxış keçirmək üçün "Memar Əcəmi" stansiyasında sərnişinləri düşürüb. Qatar stansiya dalanına verilib. Yerinə isə xəttə depodan yeni qatar buraxılıb.
Son günlər Bakı metrosunda yaranan ardıcıl problemlərə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov aydınlıq gətirib. O bildirib ki, metrostansiyalarda elektrik kəsilməsinin "Bakı Metropoliteni" QSC ilə bağlılığı yoxdur. Bu ümumi şəhərədə baş verən problemdir:
"Əgər maşinist qatara baxış keçirməyə ehtiyac duyursa, avtomatik qərar qəbul edir və bu barədə məlumat verir. Bir qatar təxminən 1500-ə yaxın sərnişin daşıyır və onun bütün məsuliyyəti maşinistin üzərindədir. Eyni zamanda, təhlükəsizlik tam təmin olunmalıdır. İstənilən halda maşinistin qatara əlavə texniki baxış keçirməyə bir sıra hallarda səlahiyyəti çatır. Bu isə sırf sərnişin təhlükəsizliyi ilə bağlıdır"
Bəxtiyar Məmmədov qeyd edib ki, metropolitendə tez-tez nasazlıq və qatarın texniki baxışa verilməsi ilə bağlı ciddi problemlər müşahidə olunmur:
"Belə hal bir dəfə yanvarda, bir dəfə isə fevralda olub. Hər hansı problem yarandıqda biz ictimayyətə dərhal məlumat veririk ki, təşviş, qeyri-müəyyənlik və ya hər hansı düzgün olmayan infiormasiya yayılmasın".
Mətbuat xidmətinin rəhbəri qatarların təmirinin və texniki baxışının həyata keçirilməsinə tam ciddi və vaxtında riayət olunduğunu vurğulayıb:
"Təmirlərin müxtəlif növləri var: kiçik təmirdən tutmuş, böyük həcmli təmirlərə qədər. Onların hər birinə ciddi şəkildə əməl olunur. Buna hər bir sərnişin əmin ola bilər. Elə bu səbəbdəndir ki, nasazlıqlar və qatarın yenidən yoxlamadan keçirilməsi nadir hallarda rast gəlinən haldır"