“Bu gün çox böyük sürücü problemi var”

Vüsal Kərimli: “Tıxaclar əsasən süni yolla yaranır”

Vüsal Kərimli: "Tıxaclar əsasən süni yolla yaranır"

Hazırda paytaxtın ictimai nəqliyyatında həllini gözləyən bir sıra problemlər mövcuddur. İctimai nəqliyyatdakı mövcud vəziyyət, problemlər və onların həlli yolunda atılan addımlarla bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli danışıb. Bildirib ki, rəhbərlik etdiyi qurum fəaliyyətə başladığı 3 ilin ilk ilini mövcud problemlər və onların araşdırılmasına yönəltdi: "Nəqliyyat sistemi canlı orqanizmdir. Canlı orqanizmin dayandırılması və müəyyən layihələrin icra olunaraq, davam etdirilməsi kimi hüququmuz və lüksumuz yoxdur. Ona görə də problemləri mərhələli şəkildə - qısamüddətli hədəflər və ortamüddətli hədəflər şəklində müəyyən etmişik. Ən zəruri məsələ avtobus parklarının yenilənməsidir. Nəzərinizə çatdırım ki, Bakı Nəqliyyat Agentliyi fəaliyyətə başldığı zaman daşıyıcıların sayı 67 idi. Hazırda bu rəqəm 41-ə endirilib. Ölkə rəhbəri son çıxışında da bildirdi ki, özəl sektor bu sahədə gözləntiləri doğrultmadı. Hazırda biz bu istiqamətdə də işlərimizi davam etdiririk. "BakuBus" nümunəsi olaraq, müqavilələr bağlanmaq üzrədir. Bu yaxınlarda ölkəyə 300 yeni avtobus gətiriləcək. Mövcud xətlər 3 il ərzində özlərini peşəkar şəkildə göstərə bilməyən daşıyıcılardan alınacaq və əhaliyə daha yüksək xidmət göstərənlərə veriləcək. Eyni zamanda, əsas məsələlərdən biri də paytaxtdakı sıxlıqlarla bağlıdır. Tıxaclar və sıxlıqlar bütün dünya ölkələrinin şəhərlərinə xas xüsusiyyətdir. Lakin tıxacların və sıxlıqların süni yolla yaradılmasının qarşısını almağı hədəfləmişik. Bəzi yerlərdə qeyri-qanuni parklamalar, bəzi yerlərdə tikinti şirkətləri tərəfindən icazəsiz tikintilər aparılması, səkilərin, yolların hesablanmadan tikinti ərazisinə daxil edilməsi bu problemləri daha da qabardır. Eyni zamanda, Bakı şəhərinin inzibati ərazisindəki avtomobil yollarında nişanlama və işarə çatışmazlığı mövcuddur. Hazırda onların analizi yekunlaşıb və hökumətə göndərilib. Önümüzdəki ildən etibarən həm məlumatlandırıcı, həm işarəverici nişanların quraşdırılmasına başlanacaq. Ümumilikdə bütün bunları bir neçə mərhələyə bölmək olar: avtobusların nizamlanması, taksilərə dair kvotanın tətbiqi üzrə tədbirlər planının hazırlanması. Küçə və prospektlərdəki piyada səkilərinin yenidən bərpa olunması, piyadalar üçün daha təhlükəsiz piyada zolaqlarının yaradılması, eyni zamanda bəzi küçələrin istiqamətinin dəyişdirilməsi gündəmdədir. Bununla da süni şəkildə yaradılan tıxacların həllinə nail ola biləcəyik. Bütün dünyada belə bir təcrübə var ki, şəhəri daha çox avtomobil istifadəsi üçün deyil, piyada istifadəsi üçün hazırlayasan. Biz şəhəri piyadaların daha çox, nəqliyyatın daha az olması istiqamətində hazırlayırıq. Avropa standartları məhz bunu ehtiva edir. Bakı Nəqliyyat Agentliyinin hədəfi Bakı standartları yaratmaqdır. Bakıda küçələrdə pandusların inşasına başlamışıq. Bugünə qədər 3 mindən çox pandus, təhlükəsizlik üçün tumbalar quraşdırılıb. Təəssüf ki, bir çox qəzalar zamanı nəqliyyat vasitələri piyadaların üstünə çıxır. Bizim quraşdırdığımız məhəccərlər və tumbalar məhz belə nəticələrin qarşısını almağa yönəlib. Nəqliyyat vasitələrinin daha az olması isə ictimai nəqliyyatın yüksək səviyyədə olmasını tələb edir. Bunun üçün parkinq yerləri, ictimai nəqliyyatın daha əlçatan olması lazımdır. Hazırda məhz bu istiqamətdə işlərimizi davam etdiririk".

Paytaxtda yaranan tıxac məsələsinə toxunan Agentlik rəhbəri qeyd edib ki, tıxaclar əsasən süni problemlərdən yaranır: "Burada qeyri-qanuni parklamadan danışmaq istərdim. Bildiyiniz kimi, qeyri-qanuni parklamaya dair İnzibati Xətaların icrası Agentliyə tapşırılıb. İki aya yaxın müddətdə bunun xüsusi inteqrasiya proqramını hazırladıq. Artıq bir neçə gündür ki, İnzibati Xətaların tətbiqinə başlanılıb. İlkin olaraq, əməkdaşlarımız qeyri-qanuni parklamanı planşetlər vasitəsilə müəyyən edir. Qanunvericilikdə ediləcək dəyişikliklərə verdiyimiz təkliflərdə qeyd etdiyimiz kimi, yeni ildən etibarən qeyri-qanuni parklamalar insanlar yox, kameralar vasitəsilə müəyyən ediləcək. Ümumi strategiyamızın hədəfi insan təmasının olmamasıdır. Kamera vasitəsilə həm şəffalıq təmin ediləcək, həm də ora hər hansı müdaxilə mümkünsüz olacaq".

Onun bildirdiyinə görə, əvvəllər "Gənclik" metrostansiyasının qarşısında yaranan tıxac, indi hiss olunacaq dərəcədə azalıb. Ərazidə günün pik saatlarında sürət 12 km/saat idisə, hazırda 20-25 km/saatdır. Burada tıxacın yaranma səbəbi qanunsuz parklama və avtobusların taksilər səbəbindən dayanacağa girə bilməməsi idi.  Eyni zamanda, daşıyıcılar sürücülərə ciddi nəzarət etmədiyi zaman da intizamsızlıq yaranır. Nəzarət mexanizmi sadəcə işdən çıxarılma olmamalıdır. Hər bir vətəndaşın şikayəti analiz olunur. Əgər bizim daxili nəzarət şöbəsi tərəfindən sürücü ya qaydanı pozub, ya etik çərçivə kənarında danışırlarsa, onlar barədə lazımi tədbirlər görülür: "Mən bundan başqa, bizdəki sürücülük mədəniyyətinə toxunmaq istərdim. Bu sahədəki çatışmazlıq böyük tıxaca da səbəb olur. Zolaqlar üzrə hərəkət, demək olar ki, çox azdır, işıqfora yaxınlaşmamış zolaqdəyişmələr var. Bizdə 3 zolaq varsa, baxırsan ki, 4-5 avtomobil yanaşı dayanıb. Zolaqlar elə-belə düşünülməyib. Zolaqların sayı fövqəladə hal yarandığı təqdirdə vətəndaşın avtomobildən rahat çıxışını təmin etmək üçündür. Əfsus olsun ki, bizdəki sürücülər buna riayət etmir. Eyni zamanda, sürücü qaydaları pozur, sürücülük mədəniyyəti aşağıdır, üstəgəl tıxacdan da şikayət edir. Tıxacı biz yaradırıq, avtomobillər yaratmır, qəzaları biz törədirik, avtomobillər törətmir. Sürücülük mədəniyyəti, onun sürücülük vəsiqəsi aldığı andan sükan arxasına keçənə qədər formalaşmalıdır. Eyni zamanda, tıxaclardan danışarkən inşaat işlərini vurğulamaq istərdim. Bəzən özümüz gedib baxırıq ki, inşaat maşını orta küçəni bağlayıb beton tökür. Kim icazə verib, bilinmir. Maraqlısı budur ki, işlər ya səhər tezdən, ya da axşam vaxtlarında edilir. Deməli tıxacı da, sıxlığı da yaradan biz özümüzük. Əsas məqsədimiz cəzalandırmanı, inzibati tənbehi bir az da gücləndirməkdir. Təbii ki, qeyri-qanuni parklamanın aradan qaldırılması zamanı istər planşetlərin, istər kameraların tətbiqi, istər avtomobillərin təxliyə olunması ağır bir proses olacaq. Amma şəffaflıq təmin olunacaq".  V.Kərimli qeyd edib ki, bu gün çox böyük sürücü problemi var. Bakıda 2041 avtobus fəaliyyət göstərir. 2041 avtobusun sürücülərinin hamısını qanunvericiliyin tələblərinə uyğun hesablasaq, təxmini 2.7 əmsal alınır: "Sürücü 6-da işə başlamaq üçün saat 4-5-də qaraja gəlməlidir. Qarajda onun tibbi yoxlaması həyata keçirilməlidir. Yoxlamadan sonra avtobusu mexanikdən təhvil almalı və müvafiq sənədləri yoxladıqdan sonra xəttə çıxmalıdır. Bir sürücü isə 8 saatdan artıq çalışa bilməz. Biz bu əmsalla hesablasaq, 1 avtobusu idarə etmək üçün 2.5-2.7 sürücü lazımdır. Belə olan halda, xətlərdə olan avtobusları idarə etmək üçün 5 min sürücü lazımdır. Daşıyıcılarda olan mövcud sürücü sayı buna adekvat deyil. Sürücü Təlim Mərkəzində yenidənqurma işləri bitdikdən sonra yeni ildən etibarən, sürücüləri praktiki təlimlərə cəlb edəcəyik. Sürücülərin bizim tərəfimizdən təklif olunması üçün qanunvericilikdə dəyişiklik olunmalıdır. Bizim məqsədimiz bütün avtobus şəbəkəsinin dövlət nəzarətinə keçməsidir. İstəyimiz budur ki, sürücülər "BakuBus"dakı kimi maaş alsınlar, vətəndaşları, bizim övladlarımızı 30 qəpik olaraq yox, insan kimi görsünlər. Bunun üçün vaxt lazımdır. Sürücü çatışmazlığı da nəzərə alınmalıdır. Bəzən baxırsan müraciət edənlər avtobus sürməyiblər. Biz mərhələ-mərhələ onları təlimlərə cəlb edib, ümumi bazaya daxil edəcəyik. Bir daha qeyd edirəm ki, mövcud qanunvericilik çərçivəsində daşıyıcıya hansısa qadağa və məhdudiyyət tətbiq etmək səlahiyyətimiz yoxdur. Bakı Nəqliyyat Agentliyi cənab Prezidentin sərəncamına uyğun olaraq, hökumətə, daşıyıcılara, sürücülərə, qarajlara, taksilərə, avtobuslara dair tələblər hazırlayır. Tələblər təsdiq olunduqdan sonra sürücü istədiyi kimi hərəkət edə bilməyəcək. Bir şeyi də xüsusi qeyd etmək istərdim. Yəni bütün məsuliyyəti sürücünün üzərinə qoymaq da düzgün deyil. Sürücü də istəyər ki, gəlsin "BakuBus"dakı kimi yoxlanılsın, rahat şəkildə əmək haqqını alsın. Avropada, Rusiyada, Türkiyədə avtobus sürücülərinə xüsusi hörmət var. Biz öz avtomobilimizi idarə edərkən 3-4 nəfərə cavabdeh oluruqsa, avtobus ən azı 50-60 nəfərə cavabdehdir. Onlarla da mülayim danışmaq lazımdır. Çünki sürücülər də bizə xidmət göstərir. Daşıyıcılar isə bunlarla yanaşı, onlardan maddi maraq gözləyir. Bizim isə qarşıya qoyduğumuz məqsədimiz, ölkə rəhbəliyi tərəfindən də bildirildiyi kimi, əhaliyə ən yüksək səviyyədə xidmət etməkdir. Lakin hansısa sürücü qəza törədir və insan tələfatı ilə nəticələnirsə, mövcud qanunvericilik çərçivəsində o sürücünün digər daşıyıcı xətlərdə çalışmasının qarşısını almağa çalışırıq".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31