Qobustan-Poladlı avtomobil yolunun yenidən qurulması yekunlaşır
1 Noyabr 2018 15:18 NəqliyyatYol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər çərçivəsində Qobustan-Poladlı avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması işləri yekunlaşır. "OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Qobustan-Poladlı avtomobil yolu 4-cü texniki dərəcəlidir. Yolun eni və uzunu tikinti norma və standartlara uyğun deyildir. Bu üzdən torpaq işlərinin yerinə yetirilməsi tələb olunurdu. Bundan başqa texnoloji ardıcıllıqla bütün yolda yeni yol geyiminin tikilməsi zərurəti yaranmışdır. Bu səbəbdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yolun yenidən qurulması işlərinə start verib.
Yol boyu yeni suötürücü dəmir-beton boruların quraşdırılmasına ehtiyac olduğu üçün, diametri 1 metr olan 7 ədəd yeni boru quraşdırılıb. Layihə çərçivəsində çiyinlərin 58 min kv.m sahədə optimal çınqıl-qum qarışığından 12 sm qalınlığında bərkidilməsi, həmçinin 12 ədəd giriş-çıxış yolunun təmiri işləri də aparılacaq.
Tikinti işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün sadalanan yol boyu 72 ədəd yol nişanı və məlumatverici lövhə, 15 km göstəricisi, 580 ədəd siqnal dirəkləri quraşdırılacaq, 43 km uzunluqda üfiqi nişanlanma xətləri çəkiləcək.
Qobustan-Poladlı yolu sakinlərin rahat gediş-gəlişini təmin edəcək, həmçinin Bakı-Şamaxı-Yevlax avtomobil yolu vasitəsilə respublikamızın istənilən istiqamətinə hərəkət etməyə imkan verəcək. Avtomobil yolu 5 min əhalinin yaşadığı 6 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması ilə yanaşı, bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.