Bakı-Şamaxı yolu genişləndirilir
19 Oktyabr 2018 16:31 NəqliyyatBakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci km-lik (16 km ) hissəsinin I b texniki dərəcəsinə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası davam etdirilir. Avtomobil Yolları Dövlət Agentliyindən "OLAYLAR"-a bildirilib ki, layihəyə uyğun olaraq Bakı-Şamaxı-Yevlax avtomobil yolunun sözügedən 16 km-lik hissəsi 4 hərəkət zolaqlı olacaq. Yol yatağının eni 27.5 m, yolun hərəkət hissəsinin eni 15 m, hərəkət zolaqlarının eni 3.75 m, ayrıcı zolağın eni 5 m, çiyinlərin eni isə 3.75 m təşkil edəcək.
Magistralın bu hissəsində iki ədəd yeni avtomobil körpüsünün tikintisi nəzərdə tutulub. Körpülər yolun 1114.5-ci km-də Acıdərə çayı və 117-ci km-də Pirsaatçay üzərindən salınır. Acıdərə çayı üzərində tikiləcək körpü 3 aşırımlı olmaqla 62.2 metr, Pirsaatçay körpüsü isə 3 aşırımlı olmaqla 107.2 metr uzunluğunda olacaq.
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 106-107-ci və 108-109-cu km-lik hissəsində bir-neçə sürüşmə nöqtəsi mövcud olduğu üçün sözügedən ərazilərdə sürüşmənin qarşısını almaq məqsədi ilə, bura xüsusi qrunt gətirilərək yol yatağının əlavə bərkidilməsi işləri görülür, dəmir-beton svaylar vurulur, monolit-beton istinad divarları və səth sularının yol yatağına daxil olmasının qarşısını almaq məqsədi ilə drenaj kanallar inşa edilir.