Cənub zonasında turizmin inkişafına səbəb olacaq yol təmir olunur
Yardımlı rayonunda cari ildə uzunluğu 22 km olan avtomobil yolu əsaslı şəkildə yenidən qurulur.
30 May 2018 13:25 NəqliyyatYardımlı rayonunda cari ildə uzunluğu 22 km olan avtomobil yolu əsaslı şəkildə yenidən qurulur.
Avtomobil Yolları Dövlət Agentliyindən "OLAYLAR"-a bildirilib ki,Yardımlı-Bozayran-Bürzünbül-Vərgədüz-Sırıq avtomobil yolunun ilk 13 km-lik hissəsi çınqıl, qalan 9 km-lik hissəsi isə torpaq örtüklüdür. Bu üzdən sözügedən avtomobil yolu ilə xüsusən payız-qış mövsümündə hərəkət edərkən çətinliklər yaşanırdı. Hazırda aparılan yenidənqurma işləri ilə hərəkətdə yaşanan problem aradan qaldırılır.
Başlanğıcını respublika əhəmiyyətli Masallı-Yardımlı avtomobil yolundan götürən yerli əhəmiyytli Bozayran-Bürzünbül-Vərgədüz-Sırıq avtomobil yolunun əhatə etdiyi yaşayış məntəqələri 20 mindən artıq əhalinin yaşadığı 15 kənddir.
22 km uzunluğa və 3-6 metr arası enə malik avtomobil yolunun təqribən 13 km-i deformasiyaya uğramış çınqıl örtük olduğu üçün həmin hissədə 20 min kub.m həcmdə yol yatağı qazılaraq çıxarılır, IV texniki dərəcəyə uyğun 10 metr enində yeni yol yatağının inşası istiqamətində addımlar atılır.
Tikinti işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yollar boyu 90 ədəd yol nişanı, 22 ədəd km göstəricisi və 880 ədəd siqnal dirəkləri quraşdırılacaq, 66 km uzunluğunda yolcizgi və yolgöstərici xətlər çəkiləcək.
Qeyd edək ki, Yardımlı-Bozayran-Bürzünbül-Vərgədüz-Sırıq avtomobil yolunun yenidən qurulması ilə gediş-gəliş rahatlaşacaq, yük və sərnişin daşıması isə asanlaşacaq. Bundan başqa yolun keçdiyi ərazilər boyu vətəndaşların sosial rifah halına müsbət təsir göstərən kənd təsərrüfatının və turizmin inkişafı, yeni turizm marşrutlarının yaranması da hədəflənir.