İmişlidə 7 yaşayış məntəqəsinin yolları yenidən qurulur
22 May 2018 16:10 Nəqliyyatİmişli rayonunda İmişli-Yalavac-Axıcanlı-Rəsulu-Şahverdili-Bəhrəmtəpə-Qaragüvəndikili marşrutu üzrə yaşayış məntəqələrini əhatə edən uzunluğu yerli əhəmiyyətli avtomobil yolunun yenidən qurulması istiqamətində addımlar atılır. "OLAYLAR" xəbər verir ki, avtomobil yolunda təmir-tikinti işləri sürətlə və keyfiyyətlə davam etdirilir.
Uzunluğu 14 km olan İmişli-Yalavac-Axıcanlı-Rəsulu-Şahverdili-Bəhrəmtəpə-Qaragüvəndikili avtomobil yolunun yenidən qurulması 7 yaşayış məntəqəsinin 26 mindən artıq əhalisinin ürəyincə olub.
Çünki sözügedən avtomobil yolu uzun illər istismar olunduğundan yolda qabarmalar və çökmələr əmələ gəlmişdi. Bu isə xüsusən payız-qış mövsümündə vətəndaşların hərəkətində müəyyən çətinliklərin yaranmasına səbəb olurdu.
Avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq bərpa olunur. Yolun hərəkət hissəsinin eni 6 m, çiyinlərin eni 2 m olmaqla ümumi eni 10 m təşkil edəcək.
Layihə çərçivəsində yol boyu 26 min kub.m həcmdə deformasiyaya uğramış hissələr qazılaraq çıxarılıb, qazılmış və genişləndirilmiş hissələrə 36 min kub m. həcmdə yararlı qrunt tökülərək yayılıb kipləşdirilməklə yeni yol yatağı inşa olunub. Hazırda yeni yol əsasının alt və üst layının tiintisi işləri aparılır. Bu işlər 120 min kv.m ərazini əhatə edir. Bunun üçün 30 sm qalınlıqda qum-çınqıl və 16 sm qalınlıqda optimal-qırmadaş qarışıqlarından istifadə olunur.
Yol əsası hazır olan hissələrdə isə artıq asfaltlanma işlərinə başlanılıb. 7 sm qalınqlıda iri dənəli və 5 sm qalınlıqda xırda dənəli asfalt-beton qarışığından istifadə olunmaqla yolun 84 min kv.m sahəsinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.