Balakəndə 54 km uzunluğunda 2 avtomobil yolu yenidən qurulur

Balakən rayonunda uzunluqları 54 km olan 2 kəndlərarası avtomobil yolunun yenidən qurulması istiqamətində işlər görülür.

"OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, hər iki avtomobil yolunda təmir-tikinti işləri sürətlə və keyfiyyətlə davam etdirilir. Söhbət Balakən-Qazbinə-İtitala və Balakən-Hənifə-Gülüzanbinə avtomobil yollarından gedir.

Balakən-Qazbinə-İtitala avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq bərpa olunur. Yolun hərəkət hissəsinin eni 6 m, çiyinlərin eni 2 m olmaqla ümumi eni 10 m təşkil edəcək.

Hazırda yol boyu deformasiyaya uğramış hissələr bərpa olunur, zəruri olan yerlərdə yeni yol yatağı, həmçinin optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yeni yol əsasının inşası işləri aparılır. Yol əsası hazır olan hissələr isə asfaltlanır. Artıq yolun böyük hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü salınıb. Ümumilikdə isə yolun 170 min m2-dən çox sahəsinə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.

Hər iki avtomobil yolunun yenidən qurulmasında məqsəd yol boyu yaşayan vətəndaşların istər rayon mərkəzinə, istərsə də Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxışını təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqla kənd təsərrüfatının inkişafına təkan verməkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31