Qaz sayğaclarının müayinəsini Metrologiya İnstitutu aparacaq
3 Avqust 2023 11:38 Neft qazAzərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinin "Sayğacların müayinəsi laboratoriyası"nın idarə edilməsini İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) həyata keçirəcək. "Olaylar" Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu barədə AzMİ ilə "Azəriqaz" arasında müqavilə imzalanıb. Müqavilənin bağlanılmasında əsas məqsəd sayğacların müayinəsinin həyata keçirildiyi laboratoriyanın təchizatçı müəssisənin nəzarətindən çıxarılaraq bu prosesin müstəqil tərəfə ötürülməsindən ibarətdir. Müqavilə 2024-cü ilin yanvarın 1-dən qüvvəyə minəcək.
Laboratoriyada məişət və sənayedə istifadə olunan ölçmə vasitələrinin yoxlanılması, bu vasitələrin metroloji tələblərə (xəta normalarına) uyğunluğunun təyin və təsdiq edilməsi, sənaye tipli sayğacların, həcm korrektorlarının təmiri və kalibrlənməsi işləri icra olunacaq. Həmçinin qaz sayğaclarına edilən kənar müdaxilə hallarının müəyyən edilməsi tədbirləri həyata keçiriləcək. "Azəriqaz" ilə qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi əsasında Azərbaycan Metrologiya İnstitutu tərəfindən "Sayğacların müayinəsi laboratoriyası"nın metroloji xidmət fəaliyyətinin idarə olunması, qanunvericiliyə uyğun olaraq ölçmə vasitələri və sınaq avadanlıqlarının yoxlanılması işlərinə nəzarətin artırılması etibarlı nəticələrin əldə edilməsi, ümumi proseslərin təkmilləşdirilməsi və səmərəliliyin artırılması, habelə məişət istehlakçılarının və sahibkarların hüquq və mənafelərinin etibarlı müdafiəsinə töhfə verəcək. Məlumata görə, bu prosesin gələcəkdə digər kommunal xidmət sahələrini də əhatə etməsi gözlənilir.