Neftin qiymətinin artması Azərbaycana nə vəd edir?
4 İyun 2018 12:06 Neft qazSon zamanlar dünya bazarında neftin qiymətinin artması müşahidə olunur. Artıq dünya bazarında neftin 1 barelinin qiyməti 80 dollara yaxınlaşır. Amma bu qiymət artımı bir çox ölkələrlə yanaşı, ekspertləri də ciddi narahat etməyə başlayıb. İqtisadçı ekspertlərin fikrincə, neftin qiymətinin bu cür sürətlə artımı son nəticədə yeni iqtisadi böhranın yaranmasına səbəb ola bilər. Bəzi ekspertlərə görə, neftin qiymətinin artması ABŞ-ın apardığı siyasətlə bağlıdır. Belə ki, ABŞ-ın İrana qarşı apardığı müəyyən siyasi oyunlar nəticəsində neftin qiymətində artım baş verib. Təsadüfi deyil ki, bir müddət öncə, ABŞ Prezidenti Donald Tramp özünün "tvitter" səhifəsində neftin qiymətinin çox yüksək olduğunu bildirirək, "bu, yaxşı hal deyil, qəbuledilməzdir" desə də, dünya bazarında neftin qiyməti yüksək olaraq qalır. Neft bazarındakı qiymət artımı Azərbaycan iqtisadiyyatına da öz təsirlərini göstərməyə başlayıb. Belə ki, neftin qiymətinin sıçrayışlı bir şəkildə artması nəticəsində ölkə iqtisadiyyatında da bir canlanma müşahidə olunur. Millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib ki, hazırda Azərbaycan nefti 2018-ci ilin dövlət büdcəsində pronozlaşdrırldığından təqirbən iki dəfə baha satılır. Əgər büdcədə neftin qiyməti 45 dollar götürülübsə, hazırda Azərbaycan nefti dünya bazarında 80 dollar civarında satılır. Buda büdcəyə böyük həcmdə əlavə gəlirlərin daxil olması deməkdir. Bu da öz növbəsində büdcə gəlirlərində ciddi fərqlərin yaranmasına gətirib çıxarır. Bu amil büdcəyə yenidən baxılmasını zəruri edir. Deputat əlavə edib ki, büdcəyə dəyişikliyi zəruri edən ikinci amil isə 2018-ci ilin mart-may aylarında dövlət büdcə təşkilatlarında çalışanların maaşlarının artırılmasıdır: "Hələ birinci variantda maaşların artırılması üçün 600 milyon manat əlavə vəsaitə ehtiyac var idi. İndi bu vəsait struktur dəyişikliyi hesabına olacaq, yoxsa əlavə vəsatin cəlb edilməsi ilə? Bunu demək çətindir. Ola bilsin neftdən gələn əlavə gəlirlər hesabına əməkhaqqlarına vəsait ayrılsın. Bunlar müzakirə obyektidir. Bütün bu deyilənlər 2018-ci ilin büdcəsinə baxılacaq dürüstləşdirilməsini zəruri edir. Ona görə də iyun ayında məsələyə baxıla bilər". Ə.Məsimli deyib ki, əgər büdcəyə baxılarsa neftin büdcədə proqnozlaşdırıldığı 45 dollar həcmi 10-15 dollar qaldırıla bilər. "Belə bir praktika olub. Elə 2017-ci ilin büdcəsinə zamanı neftin qiyməti 25 dollar götürülsə də neftin qiyməti proqnzlaşdırıldığından baha oldu. Qiyməti dəyişdirilərək 40 dollara qaldırıldı. Hazırda büdcədə neftin qiyməti 45 dollar nəzərdə tutulsa da real olaraq bazarda neftin qiyməti 80 dollar civarındadır. Bu da nəzərdə tutulduğundan təqribən iki dəfə çoxdur. Odur ki, məsələyə baxıb neftin qiymətini büdcədə 55-60 dollar həcmində götürmək olar. Bu məqbul variantdır". Ölkəmizin ixracatında neft hələ də xüsusi çəkiyə malikdir. Ona görə də Azərbaycan iqtisadiyyatının möhkəmlənməsində, qeyri-neft sektoruna dövlət vəsaitlərinin yönəldilməsində və hökumətin manevr imkanlarının artmasında neftin qiymətinin önəmli yeri var. Son 3 ilin müşahidələri göstərdi ki, neftin qiyməti aşağı səviyyədə olursa, hökümətin də əl-qolu bağlanır. Nəzərə almaq lazımdır ki, ölkənin gəlirlərinin artımında neftin rolu xüsusi çəkiyə malikdir".
Yeri gəlmişkən xatırladaq ki, Milli Məclisin iyun ayında keçiriləcək növbədənkənar iclasında 2018-ci ilin dövlət büdcəsinə yenidən baxılacağı planlaşdırılır. Maraqlıdır, dünya bazarında neftin qiymətinin artması Azərbaycan iqtisadiyyatına nə vəd edir? Əvvala onu xatırladaq ki, növbəti aylarda neftin qiymətinin aşağı düşəcəyi ehtimalı olduqca azdır. Əksinə, neftin qiymətinin bahalaşması davam edəcəyi təqdirdə Azərbaycanın dəqiqləşdirilmiş büdcəsinə yenidən baxmağa ehtiyac olacaq. Ekspertlərin qənaətinə görə, neftin qiymətinin bahalaşması ölkə iqtisadiyyatının daha da inkişafında müsbət rol oynayacaq. İqtisadçı ekspert Marif Nəzərli hesab edir ki, neftin qiymətinin artımı Azərbaycanın dövlət büdcəsinə, Dövlət Neft Fonduna əlavə vəsait toplanmasına gətirib çıxaracaq: "Hesab edirəm ki, neftin qiymətinin qalxması fonunda dövlət büdcəsinə yenidən baxılmaması elə bir problem yaratmaz. Amma izləmək lazımdır. Hazırda proqnoz vermək çox çətindir. Əslində neftin qiymətinin kəskin artımını gözləmirəm, amma hər halda prosesi izləmək lazımdır". Onu da qeyd edək ki, dünya bazarında neftin qiymətinin artmasının dolların da bahalaşmasına səbəb ola biləcəyi ehtimal olunur. M.Nəzərlinini sözlərinə görə, dolların məzənnəsinin artması dünya ölkələrinin ixrac imkanlarını artırsa da, Azərbaycan üçün ciddi təsiri olmayacaq: "Çünki dolların manata olan məzənnəsi Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyənləşdirilir. Bu isə digər valyutaların məzənnəsinə nisbətinin möhkəmlənməsi anlamına gəlmir. Əlverişli cəhəti odur ki, Azərbaycan strateji məhsullarını dollarla satır və ixracatın böyük faizinin də neft və neft məhsulu olması bunun faydalı olacağına işarədir".
Zəka