“Bələdiyyə seçkilərinə heç bir müxalifət partiyası maraq göstərmir”

Həsrət Rüstəmov: “Seçkilərə marağın azlığı bu seçkilərin digər bütün seçkilərdən dəfələrlə çox maddi və insani resursları tələb etməsi ilə bağlıdır” “Buna isə nəinki bizim, bütün müxalifət partiyalarının cavab verən imkanları yoxdur”

Bələdiyyə seçkilərinə az bir müddət qalsa da, nədənsə müxalifət partiyalarının böyük əksəriyyəti bu seçkiyə qatılmağa ciddi maraq göstərmir. Baxmayaraq ki, bir sıra ölkələrdə, eləcə də qardaş Türkiyədə siyasi partiyalar bələdiyyə seçkilərinə xüsusi diqqət ayıraraq bu seçki mübarizəsində yaxından iştirak edirlər. Cari ilin sonunda keçiriləcək seçkilərə qatılmaq niyyətində olmayan müxalifət partiyalarından biri də Azərbaycan Demokrat Partiyasıdır. Partiyanın sədr müavini Həsrət Rüstəmovla müsahibədə müxalifətin bələdiyyə seçkilərinə olan diqqətsizliyinin başlıca səbəbi, eləcə də təmsil etdiyi partiyanın qarşıdakı planları barədə danışdıq.

-Həsrət bəy, bələdiyyə seçkilərinə az bir vaxt qalsa da, Azərbaycan Demokrat Partiyası hələlik ciddi seçki hazırlıqları həyata keçirmir. Bu, seçkilərdə iştirak etməmək anlamına gəlir?

-Bələdiyyə seçkilərinə heç bir müxalifət partiyası ciddi maraq göstərmir. Ən azından ciddi siyasi kompaniya və ya seçki ajiotajı yoxdur. Bunun isə səbəbi var. Belə ki, bələdiyyə seçkiləri nəticəsində formalaşan qurum hakimiyyət idarəçiliyinin beşinci təkəri rolunu oynayır. Biz deyəndə ki, iri şəhərlərdə və bütün rayonlarda bələdiyyələr birləşdirilməli və bələdiyyə başçıları, merlər birbaşa seçilməlidirlər, buna heç bir əhəmiyyət verilmədi. Əgər belə olsaydı bələdiyyə seçkilərinə münasibət parlament seçkilərindən fərqlənməzdi. Digər tərəfdən seçkilərə marağın azlığı bu seçkilərin digər bütün seçkilərdən dəfələrlə çox maddi və insani resursları tələb etməsi ilə bağlıdır. Buna isə nəinki bizim, bütün müxalifət partiyalarının cavab verən imkanları yoxdur. Bu seçkilərdə dövlətdən maliyyələşən partiyalar və bir neçə digər qurumlar isə formal iştirak etməyə məcburdur. Belə ki, özlərinin respublikanı əhatə edən bir güc olduqlarını nümayiş etdirə bilsinlər. Azərbaycan Demokrat Partiyasının nə belə bir istəyi, nə də buna yetəcək imkanı yoxdur.

-Bəs partiyanın indiki halda başlıca hədəfi nədir?

-Biz hazırda partiya olaraq parlament seçkilərində bir fraksiyaya yetəcək parlament yeri uğrunda mübarizə aparmaq vəzifəsini qarşıya qoymuşuq. Ümumiyyətlə isə, əsas hədəfimiz digərləri ilə birlikdə ölkədə dinc demokratik dəyişikliklərə bacardığımız qədər dəstək verməkdir. Bələdiyyə seçkilərinə partiyanın üzvlərindən qatılmaq istəyənlər var, ancaq onların sayları hələlik dəqiq bəlli deyil. Onlara mərkəz olaraq bacardığımız qədər kömək etməyə çalışacağıq.

-Sizcə partiyaların seçkidə iştiraka maraqlı görünməməsi səhv taktika deyilmi? Nəzərə alsaq ki, gələn il də parlament seçkiləri keçiriləcək, bu baxımdan bələdiyyə seçkiləri parlament seçkilərinə hazırlaşmaq baxımından əhəmiyyətli deyilmi?

-Yuxarıda dediklərimə bir daha qayıtmadan onu qeyd edim ki, mən bunu səhv taktika hesab etmirəm. Çünki, bələdiyyə seçkilərinə qatılıb seçkidən zəif çıxmaqdansa, resursları parlament seçkiləri üçün qorumaq və hədəfləməni düzgün aparmaq daha doğrudur. Bələdiyyə seçkilərinin ədalətli və azad keçirilməsinə nail olmaq da, texniki səbəblərdən çox-çox çətindir. Bir sözlə, bu seçkiyə böyük enerji sərfinin ciddi bir anlamının olmaması qənaətindəyəm.

-ADP-dən fərqli olaraq Müsavat öz qurultayını keçirib yeni sədr seçdi. Baxmayaraq ki, prezident seçkilərindən sonra Sərdar Cəlaloğlu sədrlikdən istefa verdiyini açıqlamışdı. Nədən bu proses yarımçıq qaldı? Yəni Müsavatdan fərqli olaraq sizdə Sərdar bəyi əvəz edə biləcək kadr yoxdur?

-ADP qurultayını parlament seçkiləri ərəfəsində keçirməyi planlaşdırır. Bəli, müxtəlif səbəblərdən partiyanın ali orqanının çağırılması bir qədər gecikir. Amma bizim əsas vəzifəmiz bu gün heç də yalnız qurultay keçirməkdən və bu sahədə kiminləsə yarışmaqdan ibarət deyil. Qurultayı partiyanı daha da gücləndirən, yeni, daha üstün bir mərhələyə keçirən bir vasitə kimi həyata keçirməliyik. Siyasi partiyalar, çoxpartiyalı sistem demokratik cəmiyyətin əsas özəklərindən biridir. Hazırda biz demokratik cəmiyyət uğrunda mübarizə ilə yanaşı həm də partiyaları qorumağa çalışırıq. Kadrlara gəlincə, bizim özünəməxsus, Vətənimiz üçün yaxşı işlər görə bilən, bacarıqlı kadrlarımız var. Təəssüf ki. onların sayı artmır. Bunun da səbəbi odur ki, insanlar, mütəxəssislər hazırda mücərrəd pozitiv gələcəkdənsə, babat hazırkı neqativlərə dürtülməyi daha üstün tuturlar.


Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31