Məktəblərdə psixoloji işi gücləndirmək lazımdır
Nazir Quliyev: “Son zamanlar təəsüf ki, ağır cinayətlərin sayı artır”
29 Oktyabr 2014 14:26 Müsahibə"Müxtəlif araşdırmalar göstərir ki, bu cür hadisələrin baş verməsinin əsas səbəbi insanların psixoloji problemi ilə bağlıdır"
Ölkə ərazisində baş verən son qətl hadisələrinin statistikası və onların xüsusi qəddarlıqla həyata keçirilməsi bir sıra sualların ortaya çıxmasına səbəb olur. Ən başlıca suallardan biri insanların hansı səbəbdən cinayət törədərkən xüsusi qəddarlığa əl atması ilə bağlıdır. Bəziləri ətraf mühitin insanların psixologiyasına mənfi təsir göstərdiyini iddia etdiyi halda, digərləri insanlar arasında maarifləndirmə işlərinin zəif aparılmasını əsas problem kimi görür. Bütün bu məsələlərə aydınlıq gətirmək üçün "Hüquq Dünyası" Hüquqi Təbliğat İctimai Birliyinin sədri Nazir Quliyevlə söhbətləşdik.
-Nazir műəllim, son vaxtlar ailə-məişət zəminində baş verən cinayətlər artır. Bir neçə gűn əvvəl biri öz bacısının başını kəsdi, digəri anasını qətlə yetirdi. Sizcə bu insanlar arasında olan psixi pozğunluqla bağlıdır, yoxsa ciddi səbəblər var?
-Bunlar çox təəssüfedici hadisədir. Son zamanlar təəssüf ki, ağır cinayətlərin sayı artır. Digər acınacaqlı məqam ondan ibarətdir ki, artıq insanlar öz yaxınlarını qətlə yetirməkdən, xüsusən də ağır formada qətlə yetirməkdən çəkinmirlər. Müxtəlif araşdırmalar göstərir ki, bu cür hadisələrin baş verməsinin əsas səbəbi insanların psixoloji problemi ilə bağlıdır. Son zamanlar informasiya qəbul edilməsinin artması, ekoloji problemlər, ərzaqlarda olan keyfiyyətsizlik və ailə dəyərlərinin zəifləməsi insanların psixoloji durumunu daha da ağırlaşdırır. Mən fürsətdən istifadə edib valideynlərə səslənirəm ki, övladlarınızı mümkün qədər internetdən və mobil telefondan uzaq saxlamağa çalışın. Çünki, bu cür hadisələrin baş verməsinin əsas səbəblərindən biri də internetdən və mobil telefondan səmərəsiz istifadə ilə bağlıdır. Eyni zamanda biz insanların psixoloji durumu ilə bağlı məsələyə fərdi prizmadan yanaşırıq və hesab edirik ki, əgər kiminsə psixoloji problemi varsa bu onun problemidir. Amma, belə faciəvi hadisələr baş verdikdə görürük ki, insanın psixoloji problemi yalnız özü ilə məhdudlaşmır, o istənilən an cəmiyyət üçün təhlükəli bir insana çevrilə bilər.
-Gūnūmūzdə intihar hallarının da sayı artıb. Sizə elə gəlmirmi ki, başlıca problem insanların düzgün maarifləndirilməməsidir?
-İntihar halları da narahatedici məqamlardan biridir. Son zamanlar dünyada bir çox ölkələrdə intihar hallarının sayı artıb. Əgər əvvəllər intihar halları daha çox maddi məsələlərlə əlaqələndirilirdisə, hazırda bu daha çox psixoloji məqamla əlaqələndirilir. Bu gün hətta dünyanın ən inkişaf və maddi təminatı yaxşı olan ölkələrində də intihar halları getdikcə artır. Burada əsas məqam uşaqlara və insanlara vaxtında psixoloji dəstək göstərmək, onlara dəstək olmaq və düzgün istiqamətləndirilmiş maarifləndirmə işinin aparılması çox önəmlidir.
-Rəhbərlik etdiyiniz İctimai Birlik bu problemlərin həlli yolunu konkret nədə görür?
-Bu istiqamətlərdə əsasən məktəblərdə psixoloji işi gücləndirmək lazımdır. Eyni zamanda uşaqların internetdən və mobil telefondan istifadəsi məsələsinə ciddi diqqət yetirmək lazımdır. Hesab edirəm ki, insanlarda qəddarlığı təbliğ edən televiziya filmləri məhdudlaşdırılmalıdır. Orta məktəblərdə mobil telefonlardan istifadəyə birmənalı olaraq qadağa qoyulmalıdır. Uşaqlara öz hüquqlarını geniş və anlaşılan dildə başa qalmaq lazımdır. Uşaqlarda kiçik yaşlarından həyat bacarıqları geniş formada inkişaf etdirilməlidir. İnsanlar mütəmadi olaraq öz psixoloji durumlarına diqqət yetirməyə çalışmalıdırlar. Həmçinin risk qrupuna daxil olan insanlar vaxtında müəyyənləşdirilməli və onlara zəruri dəstək göstərilməlidir.
-Təşkilatınızın yaxın vaxtlarda həyata keçirəcəyi layihələr nədən ibarətdir?
-Hal-hazırda təşkilatımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə "Yetkinlik yaşına çatmayanların baxımsızlığının profilaktikası" layihəsini icra edir. Layihənin əsas məqsədini sosial təhlükəli vəziyyətdə olan, baxımsız uşaqlar üçün sosial reablitasiya xidmətlərin göstərilməsi və baxımsız uşaqlara hüquqi, sosial, tibbi, psixoloji yardımın göstərilməsi təşkil edir. Layihə çərçivəsində Sosial Xidmət müəssisələrini tərk edən uşaqlara hüquqi məsləhətlər veriləcək, hüquqları dövlət orqanlarında, məhkəmələrdə və digər qurumlarda müdafiə ediləcək və hüquqi sənədləri hazırlanacaqdır (İddia ərizəsi, şikayət ərizələri, sorğular). Layihə çərçivəsində hüquqşünas və sosial işçi belə şəxslərin müxtəlif problemlərini müəyyən edəcək, onların fərdi inkişaf planını hazırlayacaq və onların problemlərinin həll olunmasına yardım göstəriləcək. Eyni zamanda uşaqların hüquqi problemlərinin həlli üçün müxtəlif qurumlarla sıx əməkdaşlıq ediləcək.
Süleyman İsmayılbəyli