“Qarabağ üçün döyüşmək cihaddır”
Elşad Miri: “Kafirlər Həmzənin yarılaraq çıxarılan daxili orqanlarını çeynəyib tullayırdılar”
16 Oktyabr 2014 15:59 MüsahibəİŞİD-in Suriya və İraqda törətdiyi qanlı qətliamlar Qərb, Çin, ABŞ və Hindistan kimi güclər tərəfindən İslamın ayağına yazılır. Təşkilatın ortaya çıxması ilə hətta bir sıra müsəlman ölkələrində də İslama qarşı aqressiv baxışların sayı artıb. Xüsusilə bu dindən üz döndərmək istəyən müsəlmanlar və digər dinlərdən olanların iddialarının mahiyyət etibarilə eyni mənanı kəsb etməsi maraqlıdır. İlahiyyatçı Elşad Miri həmin iddialara cavab verdi.
- İŞİD-in baş kəsməsi cinayət olaraq qəbul edilir. Dini-nöqteyi nəzərdən isə bu həm də günahdır. Maraqlıdır, vaxtilə İbrahim peyğəmbər oğlu İsmayılın başını kəsmək istəyəndə bunu Allahın yolunda etdiyini dedi. İŞİD də kəsdiyi başları Allah üçün etdiyini deyilir. Elşad müəllim, bu gün bu iki məsələ arasında aparılan müqayisə nə dərəcədə doğrudur?
- Baş kəsmək nə İslam, nə də İŞİD-lə əlaqədardır. Tarixin müxtəlif dövrlərində digər dindən olan xalqlar da belə üsullara əl atıblar. Yəni ki, məsələnin birmənalı İslamla əlaqələndirilməsi səhvdir. İstənilən müharibə anında hər şey ola bilər. Amma kimisə tutub, qəti olaraq başını kəsmək haramdır. İslam döyüş anında hər kəsə özünümüdafiə haqqını tanıyır. Bunun isə baş kəsməklə əlaqəsi yoxdur. Yəni ki, döyüşdə özünü qorumaq üçün nəsə edə bilərsən. Sırf baş kəsməklə yox, digər vasitələrlə ola bilər. Baş kəsmək vaxtilə kafirlərin müsəlmanlara qarşı elədiyi hərəkət olub. Peyğəmbərimizin əmisi Həmzə Uhud savaşında öldürüldü. Kafirlər Həmzənin yarılaraq çıxarılan daxili orqanlarını çeynəyib tullayırdılar. Bunun da İslamla əlaqəsi yoxdur. Fransa Əlcəzairi işğal edəndə, fransız əsgərlər müsəlmanların başlarını kəsərək şəkil çəkdirirdilər. Qarabağ savaşında ermənilər azərbaycanlıların qulaqlarını kəsirdilər. Eyni zamanda hamilə qadınların qarınlarını yararaq, uşaqları çıxarıb nizələrə taxırdılar. İŞİD-in baş kəsməsi isə gündəmi dəyişmək və İslamı gözdən salmaq üçün istifadə olunan metoddur. Bəzi media vasitələri belələrinin əllərində olduğu üçün məlumatları istədikləri istiqamətə yönəldirlər. Halbuki İslam digər dinlərdən fərqli olaraq, sülh və barış dinidir. Breivikin 78 nəfəri qətlə yetirməsini xristianlıqla, yəhudilərin fələstinlilərin başlarına açdığı oyunları iudaizmlə əlaqələndirmək düzgün deyil. Müsəlmanların Araqanda kütləvi şəkildə yandırılmasını buddizmlə əlaqələndirmək düzgündürmü? Yox! Ona görə də hansısa adamın cinayət törətməsini onun mənsub olduğu dinin adına yazmaq səhvdir.
- İslamın terror dinu olmadığını bildirirsiz. Bu da maraqlı məsələdir ki, digər dinlərdə o qədər də olmasa bu gün İslamda radikal terrorizm baş alıb gedir. İŞİD-in ortaya çıxması ilə belə hallar tamam başqa məcraya yönəldi. Artıq digər dinlərdə İslama terrorçu yetişdirən cərəyan kimi qəbul edilir.
- Baş verən hadisələri olduğu kimi şərh etmək düzgün deyil. Belə iddialar o cür düşünmək istəyən insanların fikirləridir. İslamı terrorla əlaqələndirmək olmaz. Vaxtilə Şotlandiyanın İngiltərə üzərindəki qanlı qalibiyyətlərini hara yozaq? İddia etmək düzgün deyil ki, şotland, ya da ingilislərin hamısı vəhşidir. Müsəlmanların hamısının vəhşiləşdiyini demək də absurd anlayışdır. Bu dar düşüncənin nəticəsidir. Müsəlmanlar da baş verən qanlı hadisələrə qarşıdırlar. Onlar arasında da sorğu aparılsa, böyük nisbət terrorizmə "yox" deyəcək. Axı heç kəs onlardan nəsə soruşmur.
- "Qurani-Kərim"-in 7 surəsində adı keçən "öldür" əmri də terrorizm elementi kimi qəbul edilir. Məsələn, "Bəqərə", "Nisa", "Maidə" və "Tövbə" surələrindəki həmin əmrləri buna arqument kimi gətirilir.
- Belə bir iddiada olan şəxs ilk növbədə "Bəqərə", "Maidə" və digər surələrdəki "öldür" əmrləri ilə bağlı konkret ayəni göstərməlidir. Məsələn, "Tövbə" surəsində belə bir əmr var ki, "kafirləri harda gördünüz öldürün". "Tövbə" "Qurani-Kərim"-də "Bismillah"-la başlamayan yeganə surədir. Həmin surə savaş vaxtı nazil olub. Məsələn, sabah Qarabağ savaşı elan edilsə, erməniləri öldürməyəcəyik? Biz gözləməliyik ki, onlar gəlib əvvəl elədikləri qəddarlıqları təkrar etsinlər? Müharibədə insanlar özlərini müdafiə etməyə məcburdurlar. Səni öldürmək istəyən düşmənin üzünə gülüb keçmək nə qədər məntiqlidir? Bu surədən danışan insanların hərbidən anlayışları yoxdur. Heç dünya siyasətindən xəbərləri yoxdur. "Qurani-Kərim"-dən isə ümumiyyətlə məlumatsızdırlar. Onlar haradan bilsinlər ki, "Tövbə" surəsi nə vaxt nazil olub. Həmin ayənin axırında onları savaş anına qaytaracaq məlumat var. Məsələn, peyğəmbərimizin səhabələrindən biri savaş vaxtı kəlmeyi-şəhadət gətirən başqa bir şəxsi öldürür. Gəlib bunu peyğəmbərimizə xəbər verdiyi vaxt o: "Sən La İlahə İllallah deyən birinimi öldürdün?" - deyə soruşur. Səhabəsi bildirir ki, öldürdüyü adam qorxduğundan kəlmeyi-şəhadət gətirib. Peyğəmbər cavab verir ki: "Sən onun ürəyini yarıb baxmışdın?". Yəni ki, belə bir dinin nümayəndələri vəhşi ola bilərlər? Yox. Məkkə dövründə də cihad olub. Amma peyğəmbərin Məkkə dövründə heç vaxt döyüş, müharibə baş verməyib. Həmin zamanın cihadı "Qurani-Kərim"-in insanlara çatdırılması idi. Bu gün KİV, internet vasitəsi ilə cihad etmək olar. Sabah ölkə başçısı əmr versə ki, müharibə başlasın. Biz Qarabağa döyüşmək üçün gedəcəyik, bu da cihad olacaq. Belə məsələləri kontekstdən çıxarıb fərqli sferalara çəkmək üçün istifadə edirlər. Bu da İslam dinindən xəbəri olmayan insanların dar qafalığıdır.
Mənsur Rəğbətoğlu