“Rəsul Quliyevin qeyri-ciddi iddiaları vardı” - Əhməd Oruc

“O adamlar özləri belə nə etmək istədiklərini bilmirlər”

"Partiyalar normal yanaşma ortaya qoysalar müəyyən nəticələr əldə etmək olar"

Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının Sədrlər Şurasının üzvü, Azadlıq Partiyasının sədri Əhməd Orucun "OLAYLAR"-a müsahibəsi

-Əhməd bəy, Acıq Cəmiyyət və Azərbaycan Liberal Demokrat Partiyasının Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatını tərk etməsindən sonra adıçəkilən qurumun fəaliyyətində hansısa problemlər yaşanıbmı?

-Əvvəla onu qeyd edim ki, biz hər iki partiyanın Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatından ayrılmasından təssüf etdik. Biz müxalifətin daha böyük hissəsinin bir araya gəlməsində maraqlıyıq və fəaliyyətimiz də bu istiqamətdə qururuq. Onlar isə heç bir ciddi əsas göstərmədən hərəkatı tərk etdilər. Həmin iki partiyanın hərəkatı tərk etməsindən sonra məlum oldu ki, o adamlar özləri belə nə etmək istədiklərini bilmirlər və qeyri-ciddi bir vəziyyətdədirlər. Nə ACP, nə də ALDP-nin hərəkatdan ayrılmasının bizim fəaliyyətimizə heç bir mənfi təsiri yoxdur. Əksinə Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin uzun müddət qeyri-ciddi iddiaları vardı və yüzminlik aksiya keçirilməsi ilə bağlı fikirlər səsləndirirdi. Bu da bizim normal fəaliyyət göstərməyimizə mane olurdu. Artıq belə bir problem yoxdur və biz müntəzəm olaraq öz işimizi davam etdiririk.

-Hərəkata yeni üzvlərin qəbulu nəzərdə tutulurmu və bundan sonrakı fəaliyyət istiqamətləriniz nədən ibarət olacaq?

-Hərəkata yeni üzvlərin qəbul edilməsi məsələsi müzakirə edilir. Gələcək fəaliyyət istiqamətlərimizi isə mətbuata açıqlamışıq. Seçki qanunvericiliyinə dəyişikliklərlə bağlı Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının təklifləri var. Həmin təkliflər əsasən seçki komissiyalarının təşkili ilə bağlıdır. Biz hesab edirik ki, seçki komissiyaları heç kimin inhisarında olmamalıdır. Bu zaman heç bir qüvvə istəsə belə seçkiləri saxtalaşdıra bilməz. Bu prinsiplərdən çıxış edərək təkliflər paketi hazırlamışıq və yaxın günlərdə həmin təkliflər paketinin müzakirəsini təşkil edəcəyik.

-Bu günlərdə Azərbaycan Milli İstiqlal Partiyasının təşəbbüsü ilə ona yaxın partiyanın  keçirdiyi görüşü nə dərəcədə perspektivli hesab edirsiniz?

-Azərbaycan Milli İstiqlal Partiyasının təklifi digər təkliflərdən fərqli olaraq daha doğru yanaşmadır. Çünki indiyə qədər olan təşəbbüslərdə müəyyən sortlaşdırma, prinsipsizlik vardış Bir neçə partiya yalnız özlərini önə çəkir, digər partiyalara normal münasibət bəslımirdilər. Bu da qeyri-ciddi yanaşmalara yol açırdı. Bu formatdakı yanaşmada isə müxalifətdə olan bütün partiyaların iştirakı ilə mümkün əməkdaşlıq imkanları axtarılır və bu istiqamətdə müzakirələr gedir. Hesab edirəm ki, bu doğru bir yanaşmadır. Ya heç kimə istisna qoyulmur, ya da kimlərinsə şəxsi maraqlarından çıxış edilmir. İnanıram ki, partiyalar normal yanaşma ortaya qoysalar müəyyən nəticələr əldə etmək olar.

-Ancaq Müsavat Partiyası həmin görüşə qatılmaqdan imtina etdi. Sizcə bu mövqe adıçəkilən partiyanın müxalifətin birgə əməkdaşlığına maraqlı olmamasının göstəricisi deyilmi?

-Hesab edirəm ki, normal yanaşma ortaya qoyular və digər partiyalara qarşı heç bir qadağa olmazsa nəinki Müsavat Partiyası, digər partiyalar da həmin görüşdə iştirak edə bilər. Burada heç bir partiyaya qarşı prinsipial qadağa yoxdur. Ümid edirəm ki, digər partiyalar da bundan sonrakı proseslərə qoşulacaq.

-Bu günlərdə mərhum prezident Əbülfəz Elçibəyin zəhərlənərək öldürüldüyü barədə növbəti iddialar ortaya atılıb. Maraqlıdır ki, bununla bağlı bir sıra partiyalar, onların liderləri artıq bir-birinə qarşı ittihamlar səsləndirməyə başlayıblar. Sizcə, müxalifətdaxili gərginlik bu düşərgəni prezident seçkilərinə hazırlıqdan yayındırmırmı?

-Uzun müddətdir ki, seçki qanununa düzəlişlər və seçki mühitinin demokratikləşdirilməsi ilə bağlı siyasi gündəmə məsələ gətirməyə çalışırdıq. Ancaq təssüflər olsun ki, bu alınmırdı. Artıq prezident seçkilərinə bir ilə yaxın müddət qalıb. Hesab edirəm ki, sözügedən məsələ də məqsədli şəkildə diqqəti seçkilərdən yayındırmaq və müəyyən məsələlərlə baş qatmaq üçün ortaya atılmış oyunlardan biridir. Hesab etmirəm ki, bu cəmiyyət tərəfindən ciddi bir şey kimi qarşılanacaq. Müxalifət partiyaları da bu məsələdə ayıq olmalı, bir-birinə qarşı yersiz ittihamlar səsləndirməməlidir. Əksinə buna sərf edilən vaxt və mübarizə prezident seçkilərinə hazırlıq prosesinə yönəldilməlidir.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31