Hər sahədə strateji əməkdaşlığımız olmalıdır

Bilal Dündar: “Azərbaycanın işğal edilən torpaqlarının geri alınması ortaq hədəfimiz olmalıdır”

Azərbaycan və Türkiyə arasında mövcud olan dostluq-qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsində qardaş ölkədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları, ayrı-ayrı cəmiyyət və birliklərin də böyük əməyi var. Əsas fəaliyyət istiqamətlərini iki qardaş ölkə arasında əlaqələrin inkişaf etdirilməsinə yönəldən təşkilatlar mütəmadi olaraq bununla bağlı tədbirlər, layihələr də həyata keçirirlər. Bu gün Türkiyədə uğurla fəaliyyət göstərən təşkilatlardan biri də Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasıdır. Federasiyanın rəhbəri Bilal Dündar "OLAYLAR"-a verdiyi müsahibədə rəhbərlik etdiyi qurumun yaxın vaxtlarda həyata keçirəcəyi tədbirlər, qarşıda duran vəzifələr barədə danışıb.

-Bilal bəy, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının ilin sonuna qədər həyata keçirməyi nəzərdə tutduğu layihələr, tədbirlər nədən ibarətdir?

-Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası olaraq yaxın vaxtlar üçün bir sıra tədbirlər nəzərdə tutmuşuq.  Məlumat üçün bildirim ki, Kocaeli Heydər Əliyev Mədəniyyət Evinin liderliyində "Azərbaycanın səsi" jurnalı çap ediləcək. Yaxınlarda ilk sayı çıxacaq "Azərbaycanın səsi" jurnalı dərc edilmək üzrədir. Hər ay davamlı çıxacaq jurnal iki qardaş ölkə arasında ictimai, siyasi, iqtisadi, ticarət və mədəni əlaqələrin inkişaf etməsini təmin edəcək. Jurmalda hər  iki dövlətin rəsmi şəxsləri, elm adamları, tarixçilər, iqtisadçılar və siyasət adamlarının məqalələri çap ediləcək.

-Bildiyimiz kimi gələn il qondarma erməni soyqırımının 100 illiyidir və ermənilər ciddi cəhdlə buna hazırlaşırlar. TADEF erməni yalanlarının ifşa etmək üçün nələri, hansı addımlar atmağın düşünür?

-Federasiyamız və Mədəniyyət Evimiz olaraq 2015-ci ilə hazırlıq məqsədi ilə bir layihə hazırlamışıq.  Belə ki, erməni yalanlarını ifşa etmək məqsədilə xaricdən təşrif buyuracaq tarixçi, elm adamları və bu sahənin mütəxəssislərinin iştirakı ilə simpozium təşkil etməyi düşünürük  Xəzər Strateji İnstitutu ilə birlikdə keçirəcəyimiz simpoziumda edilən çıxışlar bir kitabda toplanacaq. Kitab ingilis, alman, fransız, rus və türk dilində nəşr olunacaq.

-Türkiyədəki digər Azərbaycan təşkilatları ilə TADEF-in əməkdaşlığı hansı səviyyədədir?

-Azərbaycan- Türkiyə əlaqələrini inkişaf etdirmək məqsədi ilə fəaliyyət göstərən hər bir şəxs, təşkilat və quruluşları yaxından dəstəkləyir və eyni mövqedən çıxış edirik. Biz federasiya olaraq "Birlikdən qüvvət doğular" sözünə inanırıq. Federasiyamızın qapısı hər təşkilat və quruluşa açıqdır.

-Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, səfirliklər diaspor təşkilatları ilə sıx əlaqəli şəkildə işləməlidir. Bəs Türkiyədəki Azərbaycan səfirliyi və konsulluqlar bu əməkdaşlığa nə dərəcədə maraqlıdır və birgə əməkdaşlıq edirsinizmi?

Azərbaycanın Ankaradakı səfirliyi,  eləcə də İstanbul və Qars Baş konsulluqları ilə hər zaman əlaqələrimiz yaxşı səviyyədə davam edir. Adı çəkilən diplomatik nümayəndəliklərin rəsmiləri bizim bir çox açılışlarımıza, toplantılarımıza təşrif buyururlar. Biz də  eyni zamanda səfirlik və konsulluqların hər dəvətinə qatılırıq. Həmin dairələrə səmimi əlaqələrindən dolayı təşəkkür edirəm.

-TADEF indiki vaxtda türk dünyasının birlik və bərabərliyi, ortaq fəaliyyəti istiqamətində atılan addımlar, edilən təşəbbüsləri necə dəyərləndirir?

-TADEF olaraq atılan addımları kafi görmürük. Türk Respublikaları olaraq adlandırdığımız ölkələrin bir qisminin bu birliyə dəstək vermədiklərini görür və bundan təssüflənirik. Bir çox ortaq nöqtələrimiz olan bu ölkələrin iştirakı ilə çox böyük ortaq hədəfləri reallaşdırıb dünyaya nümunə ola bilərik. Azərbaycan ilə Türkiyənin əməkdaşlıq sayəsində edilən investisiyalar, ortaq layihələr gələcək adına əhəmiyyətli bir addımdır. Digər qardaş ölkələrin də gec və ya tez bu birliyə girəcəklərini ümidlə gözləyirik.

-Federasiya olaraq günümüzdə Azərbaycan və Türkiyə münasibətlərini necə dəyərləndirirsiniz və Türkiyənin yeni hakimiyyətindən bu münasibətləri daha da inkişaf etdirilməsi istiqamətində nə gözlənilir?

-İki dost-qardaş ölkə arasındakı münasibətlər gözəl və müvəffəqiyyətlidir. Onu da qeyd edim ki, bu əlaqələri qüvvətləndirib, ticarətimizi artırmalıyıq. Ortaq yatırımlarımızın sayını yeni layihələrlə artırmalıyıq. Biz iki qardaş ölkəyik. Bizim hər sahədə strateji əməkdaşlığımız olmalıdır. Bizim birliyimiz dosta qürur, düşmənə qorxu verir. Azərbaycanın işğal edilən torpaqlarının geri alınması ortaq hədəfimiz olmalıdır. Hər əlaqəmiz planlı, proqramlı olmalıdır.


Süleyman İsmayılbəyli
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31