“İmkan verilməyəcək ki,....”

Ramiz Alıyev: “Hansısa QHT, KİV, siyasi partiya, dini təşkilatın nümayəndəsi qanundan kənar işlərlə məşğul olsun”

Zaman-zaman müxtəlif beynəlxalq qeyri-hökumət təşkilatları, qurumların ölkəmizə qarşı qərəzli mövqeyi özünü göstərir. Bu günlərdə daha bir neçə xarici qeyri-hökumət təşkilatı Azərbaycanda guya vətəndaş cəmiyyətinin inkişafına problemlərin yaradıldığı iddiası ilə çıxış edib. Ölkəmizə qarşı nümayiş etdirilən qərəzli mövqenin səbəbi və bunların haradan qaynaqlanması barədə politoloq Ramiz Alıyevlə söhbətləşdik.

Ramiz bəy, bu günlərdə Bakıda keçirilən dördüncü Beynəlxalq Humanitar Forumu və onun nəticələrini necə dəyərləndirirsiniz? Bu kimi forumlar Azərbaycanın problemlərinin dünya ictimaiyyətinə çatdırılmasında nə dərəcədə önəmlidir?

-Ümumilikdə ölkədə həyata keçirilən beynəlxalq əhəmiyyətli siyasi, mədəni-kütləvi, idman və s. tədbirlərin əhəmiyyəti çox böyükdür. Bu kimi tədbirlər ölkənin beynəlxalq imicinin qorunub saxlanmasına, onun daha da tanınmasına gətirib çıxarır. Buna görə də bütün ölkələr imkanları və şəraitləri çatdığı səviyyədə çalışırlar ki, bu cür böyük tədbirlərə, forumlara ev sahibliyi etsinlər. Ancaq bu da həqiqətdir ki, hər ölkəyə də bu kimi forumların təşkil olunması həvalə edilmir, Bunun üçün gərək həmin ölkədə siyasi vəziyyət və ictimai asayiş sabit ola. Eyni zamanda ölkə beynəlxalq tədbirlərin təşkili sahəsində təcrübələrə malik ola və ən əsası da həmin beynəlxalq əhəmiyyətli tədbirləri keçirmək üçün həmin ölkə dünya dövlətləri arasında nüfuza malik bir ölkə ola. Bu kimi amillərlə yanaşı digər amilləri də nəzərə alaraq bir çox beynəlxalq əhəmiyyətli tədbirlərin təşkil olunması ölkəmizə həvalə olunur. Bu da bizim üçün sevindirici haldır. Açığı mən deyərdim ki, bizim ölkə beynəlxalq aləmdə elə bir mövqe tutub ki, hər il ölkəmizdə bir neçə beynəlxalq əhəmiyyətli tədbirlər baş tutur. Bunu yüksək qiymətləndirmək və bu cür tədbirlərin ölkəmizdə keçirilməsindən də yararlanmaq lazımdır. Belə ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünə edilmiş qəsd, bir milyon qaçqın və məcburi köçkünlərimiz haqqında, onların hüquqlarının Ermənistan dövləti tərəfindən necə pozulduğu və zorla öz tarixi torpaqlarından çıxarılması haqqında məlumatları həmin tədbirlərdə səsləndirmək lazımdır. Həmçinin də həmin ölkələrdən tədbiri izləmək üçün gələn KİV nümayəndələrinin diqqətini bu məqamlara çəkmək lazımdır. Qeyd etmək lazımdır ki, ölkəmizdə keçirilən bütün beynəlxalq tədbirlərin hər birində sadalanan bütün problemlər haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilir və bunun özü böyük bir təbliğatdır ki, ölkəmizin haq səsi hər kəsə eşitdirilir.

-Bu cür toplantıları Azərbaycan haqqında mənfi rəy formalaşdırmağa çalışan, ölkəmizin dünyadakı nüfuzuna zərbə vurmağa cəhd edən bir sıra QHT-lərə cavab kimi qiymətləndirmək olarmı?

-Əlbəttə ki, istər bu cür tədbirlər vasitəsilə, istərsə də digər tədbirlərə görə ölkəmizə gələn xarici qonaqlar Azərbaycan dövləti haqqında çox gözəl informasiyalara malikdirlər. Əgər o nümayəndələr ölkəmiz haqqında mənfi fikirdə olsalar heç vaxt ölkəmizdə təşkil olunan tədbirlərə qatılmazlar. Azərbaycan haqqında mənfi rəy formalaşdırmaq yolunda "dəridən-qabıqdan çıxan" istər yerli, istərsə də bəzi xarici QHT-lər sifarişlə işləyən və pul ödənilərək əvəzində həmin pulun qarşılığında "iş" tələb olunan təşkilatlardır. Onlar hansı yola əl atsalar da həyata keçirilən bu cür beynəlxalq əhəmiyyətli tədbirlərin qarşısında toz dənəciyi belə deyillər. Özləri də çox gözəl bilirlər ki, bu cür beynəlxaq tədbirlərin təşkilinin həvalə olunması sıradan bir iş deyil. Etibarlı tərəfdaş olmayan ölkələrə bu cür etimad göstərilmir. Hazırda həmin QHT-lər heç bir "nəticə" əldə edə bilmədiklərinə görə öz himayədarlarına ödənilən maliyyəni qaytarmaqda çətinlik çəkdikləri üçün o qədər də yaxşı durumda deyillər.

-Ümumiyyətlə son vaxtlar bəzi beynəlxalq QHT-lər, eləcə də müəyyən dövlətlərin Azərbaycana qarşı nümayiş etdirdikləri qərəzli mövqe, guya ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına maneələrin törədilməsi barədə yanlış informasiyaların başlıca məqsədi nədir?

-Bu ölkəmiz üçün yeni bir qərəz dolu fikirlər və bəyanatlar deyil. Hər bir dönəmdə ölkəmizin uğurlarına qısqanclıqla yanaşmanın nəticəsi olaraq haqqımızda bu cür məkrli və qərəzli fikirlər səslənir. Səbəb isə hər kəs üçün də aydındır. Azərbaycanın hazırki hakimiyyəti heç  zaman imkan verməyəcək ki, Azərbaycanın daxili işinə hansısa bir ölkə və beynəlxalq təşkilat qarışsın, ölkə daxilində təxribatlar hazırlamaq üçün keşfiyyatçı dəstələr hazırlasın. Yaxud  onların QHT, KİV, siyasi partiya adı altında fəaliyyətinə dəstək verilisin!  Buna görə hansı adekvat addımlar lazım olsa Azərbaycan dövləti atacaq. İmkan verməyəcək ki, hansısa bir təxribatçı dəstə QHT, KİV, siyasi partiya, dini təşkilatın nümayəndəsi adı ilə fəaliyyət göstərib, kimlərəsə xidmət edib ölkəmizdə qanundan kənar işlərlə məşğul olsun. Bütün bu kimi fəaliyyətlər qanunla müəyyən olmuş qaydada həyata keçirilməlidir. Azərbaycanda yüzlərlə QHT, KİV fəaliyyət göstərir. Kifayət qədər siyasi partiyalar var, onlar da bütün seçkilərdə aktiv iştirak edirlər. Ancaq hansısa bir QHT təmsilçisi qanundan kənar işlərlə məşğul olduğuna görə hüquq-mühafizə orqanları tərəfindən saxlanılırsa və həmin şəxslərin qanun qarşısında cavab verilməsi tələb olunursa bu hal niyə hansısa bir dövlətə və hansısa beynəlxalq təşkilata pis təsir etməlidir? Məgər bizdə insanları etiraz aksiyası edən zaman onları silahdan açılan güllə ilə qarşılayırıq? Yaxud həmin aksiyalarda insanların ölümü ilə nəticələnən addımlar atırıq? Məgər bizdə ölüm hökmü, Quantanma həbsxanası var? İrqi,dini ayrı-seçkilik mövcuddur? Amma bu saydıqlarımın hamısı bizim ölkəmizə qərəzli şəkildə irad tutan ölkələr də var! Görəsən niyə bu kimi problemləri aradan qaldırmırlar? Görəsən həqiqətənmi bizim ölkəmizi, ölkəmizin əhalisini və onların hüquqlarının qorunmasını bu qədərmi istəyirlər ?! Əgər həqiqətən də elədirsə onda niyə bir milyon qaçqın və köçkün əhalimizin hüquqlarını təmin etməyimizdə bizə kömək etmirlər? Deməli onlara insan hüquqlarının pozulması yox, öz təmsil olunduqları ölkələrin və təşkilatların maraqları lazımdır.


Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31