Müxalifətin seçki hazırlığı qənaətbəxş deyil

Ramil Hüseynov: “Partiya sədrlərinin bəziləri köhnə kolxoz psixologiyasından çıxmayıblar”

Bələdiyyə seçkilərinə az bir müddət qalsa da, lakin müxalifət düşərgəsində seçki ərəfəsində bir passivlik müşahidə edilir. Yalnız bir neçə partiya seçki qərarı versə də, əksəriyyət gözləmə mövqeyindədir. Bəs görəsən müxalifətin bələdiyyə seçkiləri ərəfəsində passivliyinin başlıca səbəbi nədir? Bu və ya digər suallarla bağlı Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Ramil Hüseynovla söhbətləşdik.

-Ramil bəy, Vətəndaş və İnkişaf Partiyasının bələdiyyə seçkiləri ilə bağlı qərarı nə vaxt açıqlanacaq? Ümumiyyətlə, partiya seçkidə iştirak edəcəkmi?

-Əvvəla onu qeyd edim ki, ölkədə bələdiyyə seçkilərinə maraq demək olar ki, minimum həddədir. Lakin buna baxmayaraq siyasi partiya olaraq biz müvafiq qurumlarda seçkidə iştirak məsələsini dəfələrlə müzakirə etmişik. Sonuncu dəfə Siyasi Şurada məsələyə qiymət verilib. Partiyada bir qism seçkidə iştirakın tərəfdarıdır. Digər qism isə seçkidə iştirakı mənasız sayır. Ona görə son qərar yaxın zamanlarda veriləcək. İstənilən halda seçkidə iştirak etmək istəyən heç bir partiya üzvünun qarşısı alınmayacaq. Onu da qeyd edim ki, VİP 2015-ci il, parlament seçkiləri ilə bağlı ciddi hazırlaşır. Bu seçkilərdə partiyanın qələbəsi üçün planlarımız mövcuddur. Bildiyiniz kimi VİP yeganə partiyadır ki, dairə təşkilatı prinsipi ilə işləyir. Bütün dairələrdə öz namizədlərimizin seçkidə iştirakını təmin etmək üçün atacağımız mühüm addımları dəyərləndiririk.

-Ümumilikdə müxalifətin seçkiyə hazırlığını necə qiymətləndirirsiniz?

-Hazırda biz də daxil olmaqla müxalifətin seçki hazırlığı qənaətbəxş deyil.  Bunun da obyektiv səbəbləri var. Düzdür, istənilən siyasi qurum daxildə seçki hazırlığı üçün lazımı tədbirlər görə bilər. Biz də partiyada bununla əlaqədar hazırlıq işləri görürük. Lakin bu qane edilən səviyyədə deyil. Bunu ölkədə seçkilərə olan münasibətlə əlaqələndirmək olar.

-Muxalifət partiyası olaraq bu gün bu düşərgədə gedən proseslər, ümumilikdə müxalifətdaxili durumu necə dəyərləndirirsiniz?

-Əslində bu sualı özünü müxalifət partiyaları arasında ən güclüsü hesab edən, özünə Ata, Ana, Nənə, Baba, Xala statusu verən qurumlardan soruşmaq lazımdır ki, durumunuz necədi. Nə qədər müxalif qurumlar öz aralarında sadaladığım titullar uğrunda mübarizə aparacaqlar, durumları tənəzullə doğru gedəcək. Bu çox təssufedici faktordu. Bu partiya sədrlərinin bəziləri köhnə kolxoz psixologiyasından hələ çıxmayıblar və çıxmaq istəkləri də yoxdu. Dünyanın bu cür sürətlə inkişafı sanki onlara aid deyil. Bu gün dünyada baş verən proseslər diktə edir ki, ayılmaq lazımdır. Bütün dünya müharibə vəziyyətindədi və belə bir vəziyyətdə siyasi qurumlar çox məsuliyyətli olmalıdır.  Bu hər iki qütbə aiddir. Hesab edirəm ki, duşmənçilik siyasəti aradan qaldırılmalıdır. Müxalifət ətrafında olan mənəviyyatsiz, ləyaqətsiz, xarici ölkələrə çalışmaq üçün əldən-ayaqdan gedən adamcıgazları təmizləməlidir. Dövlətçiliyi bütün dəyərlərdən üstün tutan insanlar ölkədə siyasi və digər statuslara malik olmalıdır. Həqiqətən iqtidarla müxalifətin bir-birilərinə dəstək üçün ehtiyacı olan zaman olacaq.

-Milli Şura oktyabrın 12-nə aksiya təyin edib. Sizcə hazırda aksiyaların keçirilməsi üçün sosial sifariş varmı?

-Bu hər partiyanın öz daxili işidir. Əgər onlar sosial sifarişin olduğunu hesab edirlərsə və bu qərarı veriblərsə onlara uğurlar arzulayıram. Amma biz illərlə dediyimiz fikri indi bir çox müxalifət nümayəndələri dilinə gətirir. Əgər bir hadisənin uğurlu nəticəsi olmayacaqsa, onda mən onun həyata keçirilməsinin tərəfdarı deyiləm. Bu gun aksiya qərarı verənlər nəticə əldə etmək, öz etirazını bildirmək istəyirlərsə, bu normal bir prosesdir. Bununla belə biz qərarların qəbulunda iştirak etmədiyimiz tədbirlərdə iştirak etməyi doğru hesab etmirik.

-Musavat Partiyasında baş verən başqan dəyişikliyi bu partiyanın siyasi proseslərdə aktivliyinin artmasına nə dərəcədə təsir edəcək?

-Arif bəyə uğurlar arzu edirəm. Hesab etmirəm ki, hansısa dəyişiklik olacaq. Azərbaycanda ideologiya əsas götürülmür. Siyasi partiyalarda daha çox partiya liderinə pərəstişlik mövcuddur. O baxımdan Müsavatda da müəyyən problemlərin olacağı gözlənilir. Çünki İsa bəyin sədrlikdən getməsi digərinin onun əvəz etməsi hamı tərəfindən qəbul olunmayacaq və artıq bu özünü göstərir. Ona görə əvvəlki tempində partiyanı saxlaya bilsələr bu böyük uğurdu.

-VİP-in Eldəniz Quliyevlə olan problemi tamamilə aradan qalxdımı?

-Bizim dediyiniz adamla heç bir problemimiz olmayıb. Problemi o özu yaradıb və o da cavabını istənilən halda alacaq. Buna əmin olsun. Sadəcə hazırda daxili işlər naziri ilə onun arasında yaranmış məhkəməni gözləyirik. O bitəndən sonra bizim partiya üzvləri hüquqi müstəvidə dediyiniz adamın cəzalandırılması üçün lazımi addımları atacaqlar.


Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31