“Yasinin ölüyə aidiyyəti yoxdur, Günəşdən bəhs edir”

Ehsan adət-ənənə yox, biznes şəbəkələrinin oyunlarıdır

Son vaxtlar ölkəmizdə yas mərasimlərində ehsan verilib-verilməməsi az qala qlobal problemə çevrilib. Eyni zamanda insanlar din adı altında müxtəlif radikal cərəyanlara qoşulur ki, bu da bir çox xoşagəlməz hallara, hətta ən ağır cinayət hadisələrinin baş verməsinə səbəb olur. Bu və digər məsələlərə dair suallarımızı ilahiyyatçı Elşad Miriyə ünvanladıq.

- Dinimizdə yas mərasimində ehsan anlayışı varmı?

- Bugünkü yas mərasimlərinin təşkil olunmasında məqsəd insanların dini maarifləndirilməsi, mütərəqqi fikirlər aşılanması deyil. Ümumiyyətlə, islam dinində bir insanın vəfatı ilə bağlı edilməli olan 4 əsas şərt var. Bu da bir insan vəfat etdikdən sonra onun yuyulması, kəfənlənməsi, cənazə namazının qılınması və dəfn edilməsidir. Bundan sonra olan proseslərin islama heç bir aidiyyatı yoxdur. Olanların ölüyə faydası yoxdur ki, diriyə zərəri var. Bu, sonrakı dövrlərdə müxtəlif işbazların ortaya çıxardıqları ənənə halını almış bir vərdişdir. Sadəcə, insanların bu hisslərindən istifadə edib biznes quranlar var. Və bu biznesi həyata keçirib gəlir götürürlər.

- Mollalarımızın bir çoxu niyə savadsızdır? Məclislərdə dinin mahiyyətindən başqa nədən desən danışırlar, ya da dinimizi təhrif edib mövhumat kimi çatdırırlar...

- İlk növbədə islamda mollalıq anlayışının olmadığını xüsusilə vurğulamaq istəyirəm. Mən dəfələrlə yas mərasimləri, mollalarla bağlı bu məsələləri deyəndə, adımın qarşısına müxtəlif adlar, ləqəblər qoşurdular. Mən dediklərimə illər sonra gəlindiyinə sevindim. İslamda xüsusi din xadimi anlayışı yoxdur. Bu, olmadığına görə avtomatik olaraq ölüyə Quran oxutmaq anlayışı da sıradan çıxır. Məsələn, mənim əmim vəfat edəndə özümü çatdıra bilmədim. Qardaşıma zəng vurdum və başa saldım, duanı qardaşım oxudu. Kənardan başqa adam çağırmağa da heç bir ehtiyac qalmadı. Cənazə namazı adi bir dualardır. Heç orda dəstəmaz almağa da ehtiyac yoxdur. Cənazə namazını qılırsan vəssalam. Kəfən də hazır formada olur. Bunu böyük bir adət halına gətirib insanlara sırımaq doğru deyil. Mollalıq məsələsinin ortaya çıxmasının səbəbi də insanların dini bilgilərinin olmamasından ortaya çıxan bir peşədir. Nə islamda, nə də peyğəmbərimizdən sonrakı dövrlərdə xüsusi din xadimi anlayışı deyilən bir məsələ olmayıb. Bütün bunlar sonradan dinin adından, insanların müəyyən hisslərindən istifadə edərək ortaya atılmış biznes şəbəkələrinin oyunlarıdır.

- Bəs toylarla bağlı nə deyə bilərsiz?

- Əslində ilk növbədə toylardan başlamaq lazım idi. Çünki insanlarda bu məsələlərdə həqiqətən də inam yaranardı. Bu işi edənlər həqiqətən də müəyyən bir şəxslərin, biznesmenlərin, hətta bəzi məmurların himayədarı olduğu şadlıq evləri ilə bağlı işə başladılar. Mən toya gedəndə çox cüzi yemək yeyə bilirəm. Amma masanın üstü dolu olur. Bu israfçılıqdır. Allah da Quranda buyurur ki, yeyin, için, israf etməyin. Bu cür yeyib-içmək heç bir zaman İslamın və yaxud da bizim adət-ənənəmizdə olmayan bir məsələdir. Bu, əslində dünyanın heç bir yerində yoxdur. Sadəcə, bu ortaya elə bir şəkildə atıldı ki, sanki bizim adət-ənənəmizdir. Müəyyən müğənnilər mütləq orda olmalıdır. Əvvəllər, məsələn filmlərimizə baxdığımız zaman görərik ki, orda bəylə gəlinin toyu fərqli olurdu. Hətta, o toylarda bəy tərifi olurdu ki, orada da ancaq kişilər iştirak edirdi. Bunları islam adı altında həyata keçirməsək də, adət-ənənə adı altında həyata keçirirk. Burda da nə toyu olan, nə toy sahibi qazanır, qazanan şadlıq evi sahibləri və toyda gəlib oxuyan mügənnilərdir.

- Azərbaycanlıların Suriyaya getməsi, İŞİD-ə, müxtəlif dini cərəyanlara qoşulmasının səbəbləri nədir? Bütün bunlar dini savadsızlıqdanmı irəli gəlir?

- Bilgisizlik, eləcə də ölkədə dinlə məşğul olan müəyyən idarə və qurumların bu məsələdə 60-70 il əvvəlin düşüncəsiylə, onların fikirləriylə, sistemləriylə işləməsinin nəticəsidir. Texnologiya dövründə yaşayırıq. Sosial şəbəkələrdən və digər məsələlərdən gözəl şəkildə istifadə edərək müəyyən maarifləndirici işlər həyata keçirmək olar. Halbuki bu gün həmin qurumların, idarələrin düz əməlli internet saytları, o cümlədən saytlarında sorğu-sual bölmələri olmadığına görə, bu cür insanlar da dinlə bağlı axtardıqları məsələlərə fərqli yerlərdə cavab axtarır və onlara inanırlar. Bu da nəticədə həmin insanları uçuruma aparır. Onların inamından da istifadə edib səhv istiqamətə çəkirlər.

- Belə başa düşmək olar ki, Azərbaycanda din, elmi cəhətdən öyrənilmir...

- Təbii ki. Bu gün dini ancaq Quran oxumaq, yaxud da onu gözəl səslə, avazla oxumaq üçün öyrədilən bir hala gətiriblər.

- Sizcə, dini maarifləndirmə hansı üsullarla aparılmalıdır?

- Bağçalarda, məktəblərdə dini maariflənmə həyata keçirilməlidir. Sonrakı prosesdə isə universitetlərdə davam etdirilməlidir. Televiziya kanallarında xüsusi verilişlərin olması, hər bir məsələnin açıq-aşkar şəkildə müzakirə olunmasının tərəfdarıyam. Bununla bağlı, məsələn Android telefonlar üçün application formalarının hazırlanması da təqdirəlayiq hal olar. Sosial şəbəkələrdə peşəkar mütəxəsislərin iştirakıyla debatların keçirilməsi də, dini savadsızlığın qarşısının alınmasında müəyyən rol oynaya bilər. Bununla bağlı mükəmməl bir konsepsiya hazırlanarsa, gözəl nəticələr əldə edə bilərik. İnsan başa düşəcək ki, yas mərasimlərində oxunan yasinin ölüyə heç bir aidiyyatı yoxdur. Orada Günəşin hərəkət istiqamətindən, astronomiyadan bəhs edir. Bütün bunlar həyata keçirilərsə, insanlar Qurana fərqli şəkildə baxmağa çalışacaq.



Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31