Başqan seçkilərindən sonra Müsavat Partiyasında itkilər olacaq
22 Sentyabr 2014 15:02 MüsahibəYaxın günlərdə keçiriləcək Müsavat Partiyasının qurultayı öncəsi bu partiyada daxili gərginlik bir qədər də artır. Başqanlığa namizədlər sırasında daha şanslı Arif Hacılı və Qubad İbadoğlunun adı hallandırılsa da, partiyada Tural Abbaslıya dəstək verənlər də az deyil. Bəs görəsən daxili gərginlik prizmasında keçən Müsavat Partiyasının qurultayından sonra bu partiyada hər şey normal məcraya dönəcəkmi? Yaxud namizədlərdən hansı Müsavata başqan seçilsə bu partiya böhran vəziyyətindən çıxa biləcək? Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı "OLAYLAR"-a verdiyi müsahibədə qurultay öncəsi Müsavat Partiyasında baş verən poseslər və Müsavatın gələcək taleyi barədə danışıb. O, təmsil etdiyi partiyanın bələdiyyə seçkilərinə hazırlıq istiqamətində gördüyü işlər barədə də məlumat verib.
-Niyaməddin bəy, Müsavat Partiyasında gənclərin önə çıxmasına, xüsusilə Tural Abbaslının sədr seçilməsinə qarşı olan mənfi münasibət sizcə nədən irəli gəlir?
-Bu gün Müsavat Partiyasında sədr uğrunda mübarizə iki nəfər, Arıf Hacılı ilə Qubad İbadoğlu arasında gedir. Bunu özləri də yaxşı bilir. Tural Abbaslıya olan mənfi münasibət isə öz imkanlarından artıq iddiaya düşməsi ilə bağlıdır.
-Sizcə Müsavata sədrlik uğrunda mübarizəyə qoşulanlardan hansı namizəd bu partiyanı hazırkı böhran vəziyyətindən çıxara bilər?
-Heç bir namizəd Musavatı indiki vəziyyətindən çıxara bilməyəcək. Digər tərəfdən isə, mətbuat orqanları və siyasətçilər bu məsələyə dəyərindən artıq diqqət göstərir, Müsavatın piarı ilə məşğul olurlar. Amma hətta bu piarla məşğul olsalar belə, bu partiyanın geniş xalq kütlələrinin dəstəyini qazanacağı az ehtimal olunur. Müsavat Partiyasını İsa Qəmbər yaradıb. Namizədlərin də heç biri bu gün partiyada İsa Qəmbərin malik olduğu reytinqə malik deyil. Müsavat Partiyasında iki nəfərin başqan seçilmək imkanları var. Söhbət maksimum 2-3 min nəfərdən ibarət partiyanın özünə sədr seçməsindən gedir. Ölkədəki siyasi mədəniyyəti, partiyaların öz daxilindəki siyasi inkişaf səviyyəsini nəzərə alsaq, deyə bilərik ki, çox böyük ehtimalla başqan seçkilərindən sonra Müsavat Partiyasında itkilər də olacaq. Bu iki nəfərdən kimin seçilməsindən aslı olmayaraq qurultaydan sonra partiyadan istefaların olması gözləniləndir. Yeni seçilmiş başqanın partiyanın liderinin nüfuzu da İsa Qəmbərin nüfuzundan artıq olmadığına görə lider ətrafında yaranan partiya kimi Müsavat Partiyasının reytinqi indikindən də aşağı səviyyəyə düşəcək. Həmçinin də gözlənilən odur ki, kim Müsavat Partiyasına yeni başqan seçiləcəksə, iqtidarla sıx əməkdaşlıqda olacaq. Bu gün Müsavatda onun uğrunda mübarizə gedir. Və hakmiyyətdə hər iki tərəflə iş aparır.
-Bu arada Eldar Namazov parlament seçkiləri ərəfəsində müxalifətin yeni birliyinin yaradılması mümkünlüyündən danışıb. Bu nə dərəcədə real görünür?
-Bu Eldar Namazovun təklifi ilə reallaşan məsələ deyil. İndiyə qədər seçki ərəfəsində süni birləşmə olubsa, bunu radikal müxalifət partiyalarının başında duran şəxslərə beynəlxalq təşkilatlar məsləhət görüb. Tutalım, onlar Əli Kərimlini məcbur ediblər ki, patoloji nifrət etdiyin İsa Qəmbərlə seçkiyə birgə qatılsın. Əgər bu tapşırıq olsa, deməli bunlar bir-birini söyməklərinə, aşağılamalarına baxmayaraq "qardaş partiya" kimi seçkiyə qatılacaqlar.
-BAXCP-nin bələdiyyə və parlament seçkilərinə hazırlıq prosesi necə gedir və bu istiqamətdə hansı işlər görülür?
-Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası olaraq bütün gücümüzü seçkiyə yönəltmişik. Partiya olaraq seçkilərdə böyük nəticələr əldə etmək istəyirik. BAXCP çalışacaq ki, seçkidə daha çox dairədən namizədlə iştirak etsin. Məlumat üçün qeyd edim ki, BAXCP son 2009-cu il bələdiyyə seçkilərində 3-cü yeri tutmuşdu. Bu seçkidə isə daha da irəli getmək niyyətindəyik və buna BAXCP-nin potensialı var. Bu gün 56 rayonda BAXCP-nin yerli şöbəsi və 10 min üzvümüz var. Seçkidə də əsas rəqimiz Yeni Azərbaycan Partiyası olacaq. İnanıram ki, bu ilki seçkilərdə maksimum 2-ci yeri əldə edə biləcəyik. Bir daha qeyd edirəm, çalışacağıq ki, seçkilərdə bütün rayonlar və şəhər üzrə öz namizədimizlə çıxış edək. Namizədlərimiz arasında BAXCP sədrinin müavinindən tutmuş şöbə sədrləri və onun müavinləri, Ali Məclis üzvləri, siravi nufuzlu üzvlərimiz də iştirak edəcək. BAXCP bələdiyyə seçkilərini 2015 -ci il parlament seçkilərinə hazırlıq mərhələsi kimi görür. Bütün güçümüzlə parlament seçkilərinə hazırlaşacağıq və çalışacağıq ki, 2015-ci ildə BAXCP parlamentin ana müxalifət partiyası olsun..
Süleyman İsmayılbəyli