Rusiya ilə Qərb arasında açıq savaş gedir
Mütəllim Rəhimli: “Sadəcə olaraq bu daha çox hərbi müstəvidə deyil, informasiya sahəsində baş verir”
16 Sentyabr 2014 17:06 Müsahibə"Daxildə vətəndaş müharibəsi yaradaraq sərvətləri talan etmək ABŞ və Qərb ölkələrinin siyasətidir"
Hazırkı situasiyada regionda və beynəlxalq aləmdə baş verən proseslər hər bir ölkəni öz təhlükəsizliyini daha da gücləndirməyə sövq edir. Elə şimal qonşumuz Rusiya da Krımın işğalından sonra hərbi sahəyə diqqəti bir qədər də artırıb. Bu günlərdə Rusiya prezidenti Vladimir Putinin orduya döyüş hazırlığı tapşırığını verməsi isə Moskvanın yeni işğalçılıq planlarının olduğundan xəbər verir. Ancaq bir çox ekspertlər bunun əksini söyləyirlər. Ədalət Partiyasının sədr müavini, politoloq Mütəllim Rəhimli hesab edir ki, Putinin orduya hazırlıq tapşırığı yeni işğalçılıq siyasəti deyil, ölkə təhlükəsizliyinin daha etibarlı qorunmasına xidmət edir. Mütəllim Rəhimli hazırkı beynəlxalq münasibətlər sisteminin Dağlıq Qarabağ problemi və onun həllinə təsir imkanlarından da danışıb.
-Mütəllim bəy, bu günlərdə Rusiya Federasiyasının prezidenti Vladimir Putin Silahlı Qüvvələrə döyüş hazırlığı əmri verdi. Sizcə, bu Rusiyanın Qərblə açıq savaşa getməsindən xəbər vermirmi?
-Ukrayna hadisələrindən sonra Birləşmiş Ştatlar və Qərb ölkələri Rusiyaya qarşı siyasi, iqtisadi sanksiyalar tətbiq ediblər və getdikcə bu sanksiyalar daha da güclənir. Ən mühümü isə odur ki, Rusiyaya qarşı informasiya müharibəsi aparılmaqdadır. Rusiya xalqında və beynəlxalq ictimai fikirdə belə bir fikir formalaşdırılmağa çalışılır ki, Rusiya iqtisadi təcrid siyasətinə tab gətirə bilməyəcək, tezliklə ölkədə böhran yaranacaq, insanlar aclıqdan, səfalətdən əziyyət çəkəcəklər. Azərbaycanda da bəzən bu informasiya müharibəsinə qoşulanları müşahidə etmək olur. Məsələ bundadır ki, Rusiya hakimiyyəti çox yaxşı başa düşür ki, belə böyük əraziyə, çoxlu miqdarda xammala, hər cür sərvətə malik bir ölkəni iqtisadi blokada ilə zəiflətmək mümkün deyil. Burada əsas məsələ aparılan informasiya müharibəsidir. Əgər ABŞ və Qərb Rusiya daxilində mövcud milli həmrəyliyi pozsa və özünə inam hissinə kölgə sala bilsə qalib gələr, istəyinə nail olar. Ona görə də Rusiya rəhbərliyi ölkə daxilində əhval-ruhiyyəni qorumaq üçün millətçiliyi şişirdir, xalqın özünə inamını qorumaq üçün ordu bölmələrində hərbi təlimlər keçirir, yeni silah və sursatlarını nümayiş etdirir, sınaqlar təşkil edir. Göründüyü kimi Rusiyanın hərbi addımlarının arxasında yalnız daxili sabitliyini və ictimai fikrin bütövlüyünü qorumaq istəyi dayanır, nəinki harasa hücum etmək.
-Ümumiyyətlə, Rusiya ilə Qərbin açıq şəkildə savaşa girməsi indiki halda mümkün görünürmü?
-Əslində Rusiya ilə Qərb arasında açıq savaş gedir. Sadəcə olaraq bu daha çox hərbi müstəvidə deyil, informasiya sahəsində baş verir. Ukrayna ərazisində gedən döyüşləri bu iki qütb arasında gedən qanlı müharibə də adlandırmaq olar. Hamı razılaşar ki, Ukrayna öz gücünə arxalanaraq bu döyüşləri apara bilməzdi. İnformasiya müharibəsində də tərəflərin hansısa birinin imkanlarının süni olaraq şişirdilməsinin tərəfdarı deyiləm. Rusiyaya qarşı koalisiyada iştirakçı dövlətlərin sayının çoxluğu onların ictimai fikrə təsir imkanlarını artırır. Bunun əvəzində isə Rusiyanın əlində bir neçə təsir imkanı var. Bura enerji resursları, nüvə silahı, xammal ehtiyatları, ordunun itkilərinin xalqda narazılıq yaratmaması və s. daxildir.
-Bu arada Rusiyada Polşa, Qazaxıstan və digər postsovet ölkələri ilə bağlı səsləndirilən təcavüzkarlıq şüarları Ukrayna variantının bu ölkələrdə də təkrarlanacağından xəbər vermirmi?
-Rusiyanın heç bir ölkəyə hərbi müdaxilə etməyəcəyi barədə bu ölkə rəhbərliyinin bəyanatlarına inanıram. Çünki bu dövlətin yeni ərazilər zəbt etməyə ehtiyacı yoxdur. Rusiyanın hərbi təcavüzü üçün bir səbəb olmalıdır. Bunu isə görmürəm. Çünki Rusiyanın özünün enerji ehtiyatları kifayət qədərdir, ərazisinin bir tərəfində günəş doğanda digər tərəfində axşam olur. Ukrayna hadisələrinə Rusiya açıq şəkildə qarışdığından bunu istisna kimi qeyd edərək, soruşuram Əfqanıstan, Liviya, İraq, Suriya və s. kimi dövlətlərə məgər Rusiya hərbi müdaxilə edir? Yoxsa bu ölkələri Qərb və ABŞ qarışdırır. Yeni istila bunlara lazımdır. İnkişaf etməkdə olanları əzmək, daxildə vətəndaş müharibəsi yaradaraq sərvətləri talan etmək ABŞ və Qərb ölkələrinin siyasətidir. Bunu isə bu gün olduqca məharətlə müxtəlif ümumbəşəri dəyərlər adı altında edirlər.
-Regional və beynəlxalq aləmin diqqətinin bu kimi məsələlərə yönəlməsi Qarabağ problemini və onun həlli mümkünlüyünü nə dərəcədə yaddan çıxarır?
-Dağlıq Qarabağ bizim problemdir və onu da özümüz həll etməliyik. Biz nəyə ümid edirik? Gözləyirik ki, ya ABŞ və Qərb, ya da Rusiya Qarabağı bizə qaytaracaq? Bu çox yanlış yanaşmadır və heç zaman baş verməyəcək. İşğal olunmuş ərazilərimizin azad edilməsinə başlanılmalıdır.
Süleyman