DADP parçalanır - Mirkazım Seyidovla müsahibə

“Bu təxribatçı insanlar məni sıxışdıraraq, öz namizədlərini sədr seçmək istəyirlər”

Demokratik Azərbaycan Dünyası Partiyasında ikitirəlik yaranıb. Belə ki, partiyanın bir sıra üzvləri yeni sədr Mirkazım Seyidova qarşı cəbhə yaradıb. Məlumatlara görə, qurultaya hazırlıq işləri üzrə formalaşdırılan təşkilat komitəsinin üzvləri sözü bir yerə qoyaraq Mirkazım Seyidovu partiyadan uzaqlaşdırmaq istəyirlər. Bütün bunlarla bağlı məsələlərə aydınlıq gətirmək üçün Mirkazım Seyidovla əlaqə saxladıq.

-Mirkazım müəllim, DADP-də nə baş verir?

-Mən DADP sədri vəzifəsinə DADP-nin keçmiş sədri Məmməd Əlizadənin sərəncamı ilə təyin olunmuşam. Hazırda sədrin vəzifələrini yerinə yetirirəm. Partiyanın qurultayını keçirmək məqsədilə yeni təşkilat komitəsi yaratdım. Komitə yaradılan zaman mən orada təmsil olunanların qarşısına şərt qoydum ki, əgər təşkilat komitəsi öhdəsinə düşən vəzifələri yerinə yetirməsə TK buraxılacaq. Aradan keçən iki həftə ərzində TK-nin işini təftiş edən zaman məlum oldu ki, bunlar heç bir iş görməyiblər. Belə olan halda mən TK-nin buraxılması yönündə qərar qəbul elədim. Hazırda yeni TK formalaşdırılır. Yeni tərkib yaxın vaxtlarda geniş ictimaiyyətə açıqlanacaq. Onu da qeyd edim ki, yeni tərkibdə ictimaiyyətdə geniş nüfuzu olan şəxslərlə yanaşı DADP sıralarından əsassız yerə uzaqlaşdırılan şəxslərində təmsil olunması gözlənilir. Ləğv etdiyim təşkilat komitəsində təmsil olunan insanların yeni tərkibdə yer alıb almamasına gəlincə onu deyə bilərəm ki, əgər həmin insanlar səhvlərini dərk edib yenidən bizimlə işləmək istəsələr mən onları qəbul edərəm.

-Məlumatlara görə, siz DADP-ni müəyyən pul məbləğində Məmməd Əlizadədən almısınız və bu gün baş qaldıran problem də bu məsələdən qaynaqlanır.

-Məmməd müəllimlə mənim aramda partiya ilə bağlı heç bir alqı-satqı olmayıb. Məmməd müəllim bu partiyanı öz gücü ilə yaradıb. Yəni, bu gün DADP iqtidaryönlü partiya kimi özünü cəmiyyətə tanıda bilibsə bunlar Məmməd müəllimin sayəsində olub. Yəni bütün bunları deməkdə məqsədim odur ki, bu partiya satlıq partiya deyil. Sadəcə olaraq bir qrup insan belə bir fikri ortaya atmaqla öz hərəkətlərinə haqq qazandırmaq istəyirlər. Bunların başında da artıq ləğv etdiyim köhnə Təşkilat Komitəsinin rəhbəri Ramiz müəllim dayanır. Ramiz müəllimin başına bir qrup şəxs yığılaraq, qanunsuz şəkildə, mənim qərarım olmadan özlərini təşkilat komitəsinin üzvləri adlandırdılar. Onlar mənim sədrliyimin, Məmməd Əlizadənin qərarlarının qeyri-obyektiv olduğunu bildirirlər. İddia edirlər ki, guya Məmməd Əlizadə ilə mənim aramda hansısa maxinasiya olub və o, partiyanı mənə satıb. Bu şəxslər mənim və Məmməd Əlizadənin adına qara yaxırlar. Qeyd etdiyim kimi onların arxasında mənim artıq ləğv etdiyim keçmiş Təşkilat Komitəsinin sədri Ramiz müəllim dayanıb və müxtəlif vədlər verir. Bu iddiaların hamısı əsassızdır, şər-böhtandır. Məmməd Əlizadə ilə mənim aramda heç bir pul söhbəti olmayıb. Sadəcə olaraq mən partiyanı təhvil alarkən 4 min AZN-ə qədər  kommunal və digər kiçik xərclər ödənildi. Məmməd Əlizadə partiyanın gələcəyini fikirləşərək, məni sədr gördüyü üçün bu posta təyin etdi. Bizim aramızda alqı-satqı və digər bu kimi söhbətlər olmayıb. Hazırda partiyanın nizamnaməsi və möhürü məndədir.

-İkitirəlik yaradan insanların istəyi nədir?

-Bu təxribatçı insanlar məni sıxışdıraraq, öz namizədlərini sədr seçmək istəyirlər. Mən Heydər Əliyev adına Beynəlxalq Forumun rəhbəriyəm və bu qurumun gördüyü işlər göz qabağındadır. Onlar başa düşmürlər ki, mən partiyaya yalnız xeyir verə bilərəm. Bu insanlar mənə qara yaxmaq istəsələr də, alınmayacaq. Mənim gördüyüm dövlətçilik və xeyriyyə işləri göz qabağındadır. Mənə qara yaxmaq istəyən şəxslər bilsinlər ki, onlar partiyadan uzaqlaşdırılacaqlar.

-Məmməd müəllim deyirdi ki, bizim yolumuz haqq yoludur, Heydər Əliyev yoludur. Sizin rəhbərliyiniz altında olan partiyanın ideyaları necə olacaq?

-Bizim əsas ideyamız Heydər Əliyev yoludur. Mənim həyatımın böyük hissəsi Heydər Əliyev yolu ilə bağlıdır. Ancaq bu gün Heydər Əliyev yolunun, Heydər Əliyev ideologiyasının, məfkurəsinin dərk olunması və mənimsənilməsi istiqamətində mühüm işlər görməkdən ibarətdir. İdeologiyanın məfkurəsi haqqında düşünmək lazımdır. Bu gün bu məfkurə nəyə xidmət etməlidir? Bu gün Heydər Əliyev irsi var, ümummilli liderin siyasi kursu var, Heydər Əliyevin layiqli davamçısı dövlət başçısı İlham Əliyev var. Onun apardığı siyasi kurs var. Bu uzun müddət olacaq. Ancaq biz 100 ildən sonra Heydər Əliyev ideologiyasının necə yaşadılması haqqında düşünməliyik. Biz də partiya olaraq məhz bu məfkurənin dərk olunması istiqamətində iş aparmaq niyyətindəyik.

-Qurultayı nə zamana planlaşdırmısınız?

-Partiyada ikitirəliyin yaranması qurultayın keçirilməsinə təsir edəcək. Vəziyyətin belə olması müəyyən zaman alacaq.  Ancaq onu da qeyd edim ki, qurultaya qədər partiyada bir sıra təmizlik işləri aparılacaq. Partiya demək olar ki, yenidən qurulacaq. Partiyanın güclü sosial bazası var. Bu bazanı bu gün itirmək ağılsızlıqdır. Bu sosial bazanı düzgün istiqamətdə istiqamətləndirmək lazımdır. Sırf bu istiqamətdə iş aparılacaq. Əməkdaşlıqla bağlı digər siyasi partiyalara müraciətlər olacaq.

Ayxan    

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31