“Müxalifətin birliyi çətin prosesdir” - MÜSAHİBƏ

Həsrət Rüstəmov: “Müsavat Partiyasının AMİP-də keçirilən görüşə qatılmamasının iki məqsədi ola bilər”

"Birincisi, müsavatçılar bununla özlərinin piarını təşkil edə bilərlər"

Azərbaycan Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmovun "OLAYLAR"-a müsahibəsi

-Həsrət bəy, müxalifətin bu günlərdə "Onluq" formatında bir araya gəlməsi sözügedən düşərgənin prezident seçkilərinə qədər birgə əməkdaşlığını nə dərəcədə mümkün edəcək?

-Əvvəla onu qeyd etmək istərdim ki, hazırda müxalifətin konkret bir formatı yoxdur. "Səkkizlik", "Onluq" və ya "On beşlik" kimi formatlar mövcud deyil. Ancaq ümumi bir ideyamız var. Bu ideya ondan ibarətdir ki, Azərbaycan müxalifəti 2013-cü ildə vahid komanda və namizədlə prezident seçkilərinə qatılmalıdır. Biz Azərbaycan Demokrat Partiyası olaraq hesab edirik ki, bu ideyanın əleyhinə deyilən bütün arqumentlər qeyri-obyektiv xarakter daşıyır. Ona görə də bunun alternativini görmürük. Söhbət ondan gedir ki, belə bir birlik yalnız Azərbaycanın narazı elektoratını müxalifətin ətrafına toplaya bilər. Azərbaycanda yumşaq, dinc yolla demokratiyaya keçidi təmin etməyin yolunu belə bir birlik yaratmaqda görürük. Təbii ki, birliyin yaradılması ilə bağlı situasiya çətindir. Çünki bunun əleyhinə hökumət də çox ciddi iş aparır. Həmçinin bəzi şəxsi ambisiyalar birliyin yaradılmasına mane olur. Bütün bunların fövqündə biz hesab edirik ki, müxalifətin birliyinin yaradılması heç də qeyri-real deyil və bu istiqamətdə danışıqların aparılması səmərəsiz görünmür. Etiraf etmək lazımdır ki, bu çətin bir prosesdir. Ancaq şübhə etmirik ki, belə bir brliyin reallaşması mümkün olacaq. Çünki prezident seçkilərinə hələ bir xeyli müddət var.

-Müxalifət partiyalarının keçirdiyi son görüşə Müsavat Partiyasının qatılmaması belə bir fikir yaradıb ki, bir sıra partiyalar antiMüsavat birliyi yaratmaqda maraqlıdırlar. Bu doğurdanmı belədir?

-Azərbaycan Milli İstiqlal Partiyası təklif etmişdi ki, müxalifət partiyalarının sədr müavinlərinin iştirakı ilə bir görüş keçirilsin və biz də Azərbaycan Demokrat Partiyası olaraq həmin görüşdə iştirakı məqbul saydıq. Həmin toplantıya Müsavat Partiyası da dəvət edilmişdi. Yəqin ki, Müsavat Partiyasının sədr müavini hansısa səbəbdən həmin görüşdə iştirak etməyib. Şəxsən həmin görüşdə ADP sədrinin müavini olaraq mən iştirak etməliydim. Lakin həmin vaxt Bakıda olmadığım üçün AMİP-də keçirilən görüşə Taliyət Əliyev qatıldı. Hesab edirəm ki, Müsavat da bu cür həmin görüşdə iştirak edə bilərdi. Əgər iştirak etməyiblərsə bunu texniki məsələ kimi qiymətləndirmək lazımdır. Ancaq bu görüşü antiMüsavat bloku kimi dəyərləndirmək yalnışdır.

- Bəs sizcə Müsavat Partiyası hansı səbəbdən həmin görüşə qatılmayıb?

-Demokrat Partiyası olaraq bizim mövqeyimiz ondan ibarətdir ki, Azərbaycanın növbəti mərhələdə müxalifətin ciddi uğur qazanmasının əsas şərti bu düşərgənin birliyindən keçir. Hesab edirik ki, AXCP, ADP, AMİP, o cümlədən Müsavat Partiyası və digər partiyaların birləşdiyi bir koalisiya Azərbaycanı mövcud situasiyadan xilas edə bilər. Bunun əleyhinə gedən qüvvələri isə axına doğru gedənlər kimi qiymətləndirmək lazımdır. Çünki bir müddət sonra görəcəyik ki, müxalifətin birliyi böyük bir zərurətdir.

-Azərbaycan Demokrat Partiyasının antiMüsavat koalisiyasının yaradılmasında maraqlı olduğu barədə xəbərlər haradan qaynaqlanır?

-Bu barədə yayılan xəbərlər tamamilə yalandır. Görünür kimlərsə iz azdırmaqla məşğuldurlar. Azərbaycan Demokrat Partiyasının Müsavat Partiyası ilə heç bir bölünməyən məsələsi yoxdur. Bu birliyin reallaşmasında ən səmimi şəkildə iştirak edən məhz Azərbaycan Demokrat Partiyasıdır. Çünki ADP birinciliyə iddia etmir. Ümumiyyətlə, partiya olaraq böyük iddialarımız yoxdur. Bu birliyin alınması üçün istənilən ən kiçik iddiadan belə imtina etməyə hazırırq. Ona görə də nəinki antiMüsavat, eləcə də heç bir digər partiyaların maraqlarına zidd hansısa bir addım atmaq niyyətimiz yoxdur. Əksinə, ümumi maraqları birləşdirə biləcək vəziyyətdəyik. Ona görə də, bu istiqamətdə yayılan məlumatlar əsassızdır.

-Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev mətbuata verdiyi müsahibədə  yenidən müxalifəti tənqid edib. Eks-spiker bildirib ki, müxalifət liderləri bir kənara çəkilməli, ictimai-siyasi proseslərin öz axarı ilə getməsinə mane olmamalıdırlar. Sizcə, bu fikirlər nə dərəcədə qəbulediləndir?

-Bu fikri qətiyyən səhv hesab edirəm. Ona görə ki, müxalifət liderləri faktiki olaraq illərlə öz kabinetlərində oturublar, küçələrə çıxmayıblar. Onların fəal siyasətlə məşğul olmadığı dövrlər olub. Həmin dövrlərdə həmin adamlar ortaya çıxmalı idi. Əgər onlar ortaya çıxmayıblarsa, deməli bu fikir qətiyyən yalnışdır. Eyni zamanda ortalığa çıxmaq gücündə olan hazırkı müxalifət partiyalarının liderlərindən daha güclü şəkildə siyasət yürütməyə qadir qüvvələr varsa, onlar istənilən halda meydana çıxacaqlar. Əksinə rəqabət mühitində həmin şəxslər daha çox parlaya bilərlər. Bu baxımdan qeyd etmək istərdim ki, həmin fikrin heç bir əsası yoxdur və indiki halda zərərli fikirlərdir. Müxalifətin inteqrasiyasının daha vacib olduğu bir dövrdə müxalifətdaxili qarşıdurmalara səbəb olan bu kimi fikirlərdən çəkinmək daha doğru olardı.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31