Müxalifət daxilindəki durum ürəkaçan deyil

Taliyət Əliyev: “Qarşılıqlı ittihamlar həmişə olub və olacaq”

Son vaxtlar müxalifət partiyalar arasında münasibətlərdə yeni bir gərginlik müşahidə edilməkdədir. Partiyaların bir-birini bu və ya digər məsələdə günahlandırması, düşərgə daxilində agent axtarışı və bu kimi mənfi tendensiya partiyalararası münasibətləri daha da sərtləşdirir. Yaranan situasiya və qarşılıqlı ittihamların haradan qaynaqlandığı, onların əsl səbəbini aydınlaşdırmaq üçün Azərbaycan Demokrat Partiyasının sədr müavini Taliyət Əliyevlə söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə ADP rəsmisi müxalifət düşərgəsinin gələn ilin parlament seçkiləri ərəfəsində birləşə bilmə mümkünlüyündən də danışıb.

-Taliyət bəy, hazırda müxalifətdaxili durumu, partiyalar arasındakı münasibətləri necə dəyərləndirirsiniz?

-Müxalifət daxilindəki mövcud durum sözsüz ki, ürəkaçan və ölkədə mövcud olan situasiyaya adekvat deyil. Bunun da bir çox obyektiv və subyektiv səbəbləri var. 2013-cü il prezident seçkilərinin nəticələri, cəmiyyətdə olan apolitik vəziyyət və müxalifət daxili qeyri-səmimi münasibətlər və s. bu səbəblər sırasına aiddir.

-Müxalifət daxilindəki mövcud durum parlament seçkilərinə qədər bu düşərgənin bir araya gələ biləcəyi təsəvvürünü formalaşdıra bilirmi?

-Parlament seçkilərinə hələ bir il vaxt qalır. Bu müddət ərzində ölkədə situasiya dəyişə və müxalifətin bir araya gəlməsi üçün şərtlər yetişə bilər. Bu baxımdan gələn il parlament seçkiləri öncəsi müxalifətin bir araya gəlməsini istisna etmirəm.

-Seçkilərdən söz düşmüşkən, Azərbaycan Demokrat Partiyası bu il keçiriləcək bələdiyyə seçkilərinə hazırlaşırmı?

-Bələdiyyə seçkiləri ilə bağlı istər partiya, istərsə də təmsil olunduğumuz "Qarabağ" bloku daxilində mütəmadi müzakirələr aparılır. İlk olaraq biz bələdiyyələrin statusu ilə bağlı qanunvericilikdə islahatların aparılmasını istəyirik. Seçkilərdə iştirakla bağlı qərarımızı isə yəqin ki, yaxın vaxtlarda verəcəyik. Azərbaycan Demokrat Partiyasının bələdiyyə seçkilərində hansı formada iştirakı mövcud situasiyadan asılı olacaq. Bu partiya olaraq təkbaşına və ya "Qarabağ" bloku daxilində olacaq.

-Bir qayda olaraq müxalifətin düşmüş olduğu böhranlı vəziyyətə görə bu düşərgəyə daxil olan partiyaları bir-birini ittiham edir, günahlandırır. Bəs reallıqda müxalifət daxili gərginlikdə əsas günahkar kimdir?

-Qarşılıqlı ittihamlar həmişə olub və olacaq. Müxalifət daxilində mövcud olan qeyri-səmimi münasibətə görə kimisə günahlandırmaq fikrində deyiləm. Bu məsələdə az və ya çox hamının günahı və məsuliyyəti var.

-Sizcə, bu kimi mənfi tendensiyalar Azərbaycan müxalifətinin tədricən sıradan çıxmasına gətirib çıxarmırmı?

-Müxalifət zəif və güclü ola bilər, amma heç vaxt sıradan çıxmaz. Müxalifət o vaxt sıradan çıxa bilər ki, cəmiyyət sıradan çıxsın. Nə qədər ki, Azərbaycan cəmiyyəti var, müxalif fikirli insan və təşkilatlar da olacaq.

-Azərbaycan Demokrat Partiyası indiki vəziyyətdə müxalifətin düşmüş olduğu vəziyyətdən çıxış yolunu nədə görür?

-Azərbaycan Demokrat Partiyası olaraq biz vəziyyətdən çıxış yolunu müxalifətin 2015-ci il parlament seçkilərində eyni platformada iştirak etməsi üçün təxirəsalınmaz işlərin həyata keçirilməsində görürük. Ancaq, şəxsən mənim subyektiv fikrim ondan ibarətdir ki, Azərbaycan müxalifətinin bu günkü durumunun bir səbəbi var. Bu səbəb də, müxalifət düşərgəsində olan liderlərin bir-birlərinə olan münasibət problemidir. Bu münasibətlər sağlam müstəviyə keçməyəcəksə, yeni sivil siyasi münasibətlər yaranmayacaqsa, o halda pozitiv dəyişikliklər də olmayacaq...

S.İsmayılbəyli
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31